adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 10:44
427
GÜNDƏM

 "Arabo"nun qənimi: 28 dəfə yaralanan, 18 güllə ilə qəsdən öldürülən Mehmana haqsızlıq 

Bir dəfə - illər öncə şəhidimiz , kiçik leytenant, kəşfiyyat rotasının komandiri Qarabala Nazim – Nazim Qəmbərov haqqında araşdırma yazısı yazarkən onun döyüş dostları ilə də söhbət edəsi oldum. Dedilər ki, Qarabala hər kəşfiyyata gedəndə ermənilərə elə bir yaralar vururdu ki, ermənilər yanıb yaxılırdı. Məsələn, hər dəfə kəşfiyyata gedərkən ya bir erməni zabiti, ya bir tank, ya bir BMP(PDM) gətirirdi. Gətirə bilməyəndə isə partladıb gəlirdi. Sonra da “svyaza” çıxıb ermənilərə acıq verərdiki, həmin tankı mən partlatmışam. Filan kazarmaya minanı mən qoymuşam.... İnanmırsınızsa, filan yerə bir “paçka “ siqaret qoymuşam, gedin görün. Ermənilər onun əlində necə deyərlər, qan ağlayırdı.
Başına yüksək məbləğdə pul da qoyulmuşdu.
Bir dəfə belə uğurlu əməliyyatdan sonra ratsiya əlaqəsinin o başında Qarabalanı dinləyən erməni zabiti bu sözləri deyir:
-Səni öldürəcəyəm..
- Sənin mənə əlin çatmaz, Vazgen..
- Hə, mən öz əllərimlə səni öldürməsəm də, amma öldürüləndə bil ki, səni öldürən mənəm. Başına qoyulan pul sizin bizə işləyən namərdlərinizə çox lazım olacaq.
Qarabala erməni zabitinin həmin sözünə aşağılaycı tərzdə gülüb, ələ salanda, bəlkə də bilmirdi ki, onun mübarizəsinə , həyatına namərd , satqın , pul hərisi olan öz soydaşları son qoyacaq. Bəli, Nazim növbəti kəşfiyyat əməliyyatına getmək üçün yola çıxmışdı. Qərargaha tapşırıq almaq üçün “Villis” markalı hərbi maşında şose yolda sağ tərəfdə oturub heç nədən xəbərsiz gedirdi., Nazimin yol gedəcəyini , kəşfiyyata hazırlaşdığı üçün yola çıxdığını bilən 2-3 nəfər idi. Və qəflətən “Kamaz “markalı maşının sürücüsü yolunu dəyişib “Villis”ə hücum edir. Maşına dəyən zərbələrdən Nazim Qənbərov elə yerindəcə həlak olur. Onun Azərbaycan hərb tarixində keçirdiyi döyüş və kəşfiyyat əməliyyatlarına görə şəhid adı, ölümündən sonra isə “Azərbaycan bayrağı” ordeni verdilər.
Elə Milli Qəhrəmanlarımız Şirin Mirzəyevin, Allahverdi Bağırovun şəhadəti kimi bir çox igidlərimiz içərimizdə, bizimlə çiyin-çiyinə yaşayan erməni əqidəli namərdlərin pul hərisliyi sayəsində fiziki olaraq məhv edilib.
Bu gün öz namərdlərimizin, öz ermənilərimizin əli ilə şəhadətə çatan igidlərimizdən birinin doğum günüdür. Bəli, söhbət Gəncə özünümüdafiə batalyonunun komandiri Mehman Ələkbərovdan gedir.


Bəlkə də çoxunuz Mehmanı tanımırsınız...


Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.
1990-cı ilin yanvarında I Qarabağ müharibəsi zamanı Mehman könüllülərdən ibarət Gəncə batalyonunu yaradıb. Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edir.
Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən (bəzi mənbələrdə 124) çox canlı qüvvəsini məhv edib Xatırladaq ki, “Arabo” batalyonu 1989-1990-cı illər ərzində Azərbaycan-Ermənistan sərhədi boyunca çoxsaylı hərbi cinayətlərlə ad çıxarıb, 1992-ci ildə Xocalı soyqırımının törədilməsi ilə daha çox tanınıb.
1992-ci ildə "Arabo" batalyonunun məhvi ilə bağlı Ermənistanda 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul da qoyub.
“Arabo” könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə “Youtube”da batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" mövzusu yenidən gündəmə gəlib.

Həmkarım Səxavət Məmmədin həmin döyüşdə qumbaraatanla böyük şücaət göstərmiş kəşfiyyat bölüyünün komandiri Mahir Hüseynovla müsahibəsi var: Mehmanın silahdaşı Mahir danışır ki, “QAZ 66” markalı maşın vardı, arxasında da pulemyot yerləşdirmək olardı. Mehman Ələkbərov pulemyotu götürüb, qoydu “QAZ 66” -nın arxasına:” Qumabaraatanla bir tərəfdən, Mehman Ələkbərov “QAZ 66″nın arxasına quraşdırdığı pulemyotla bir tərəfdən, digər əsgərlər də bir tərəfdən mühasirədə olan erməniləri “biçirdik”. 124 ermənini 30 nəfərə yaxın adam qırıb. Sonradan qoşulanlar da oldu, onlarla birlikdə 40 nəfər olmazdıq heç..

Batalyonumuzun digər döyüşçüləri də sol cinahdan erməniləri qırırdı. Ermənilər tam mühasirədə idi. Açığı, onlar çaş-baş qalmışdılar. Qumabaraatanla bir tərəfdən, Mehman Ələkbərov “QAZ 66″nın arxasına quraşdırdığı pulemyotla bir tərəfdən, digər əsgərlər də bir tərəfdən mühasirədə olan erməniləri “biçirdik”.
Döyüş vaxtı çox maraqlı bir epizod yarandı. Gənc əsgərlərdən biri qumbaranı ermənilərə atmaq istəyəndə qumbara işıq dirəyinə dəyib düşdü ortamıza. Təpiklə vurdum, düşdü yanımızdakı kanala, partladı. 1 saniyə gecikmə olsaydı, indi oradaca ölmüşdük.
Döyüş iyun ayının 29-da oldu, havanın necə dəhşətli isti olduğunu təsəvvür edin. Artıq bir saat keçməmişdi ki, meyitlərə milçəklər qonmağa başlamışdı. O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözmək olmayacaq, xəstəlik yayıla bilər. Ona görə də, Mehman Ələkbərov bulduzer çağırdı və meyitləri olduqları yerdə, olduğu kimi də üstlərini torpaqlatdırdı. Bildiyimə görə, uzun illər ermənilər "Arabo" batalyonunun taleyindən xəbərsiz olublar.
S.Məmmədin məqaləsində həkim Aftandil Quliyevin söhbəti də oxucularımız üçün maraqlı olacağını düşünürəm:”Döyüş iyun ayının 29-da oldu, havanın necə dəhşətli isti olduğunu təsəvvür edin. Artıq bir saat keçməmişdi ki, meyitlərə milçəklər qonmağa başlamışdı. O meyitlər orada çox qala bilməzdi, 2 gün sonra gördük ki, üfunətə dözmək olmayacaq, xəstəlik yayıla bilər. Ona görə də, Mehman Ələkbərov bulduzer çağırdı və meyitləri olduqları yerdə, olduğu kimi də üstlərini torpaqlatdırdı. Bildiyimə görə, uzun illər ermənilər "Arabo" batalyonunun taleyindən xəbərsiz olublar”.


Mehman Ələkbərov öz batalyonu ilə Ağdərənin Qasaped (Qəssablar), Drambon (Qızılbulaq), Aterk (Həsənriz) kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanır
Belə bir igid ermənilərin diqqətində kənarda qalacağını yəqin ki düşünmürsünüz. Mehman Ələkbərovun fiziki şəkildə məhv edilməsi yalnız Azərbaycanı hərtərəfli şəkildə uğursuzluğa düçar edən xain və satqın Surət Hüseynovun qaldırdığı qiyamda baş tuta bilərdi. Əli silah tutan, düşmənə göz açmağa imkan verməyən bir igid 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürüldü. 18 güllə yarası ilə.

Təbii ki, heç kim düşünmür ki, Mehmana atılan 18 güllə təsadüfdür. Bu onun ölümünün çoxdan planlaşdırıldığını təsdiqi idi. Məhz ara qarışan zaman həyata keçirilməsi isə fürsət oldu. Çünki Mehman kimi bir “əzrayıl”a heç bir namərd güllə sıxmağa cəsarət edə bilməzdi. Bu yalnız o vaxt mümkün ola bilərdi ki, Mehman özünü unudub, həyatını heçə sayıb böyük bir gərginliyin qarşısına sipər olur. Qorxmaz komandir elə həmin an 35 yaşında yerindəcə həlak olur.


P.S.Təəssüf ki, Gəncə batalyonunu yaradan, “Arabo” kimi cinayətkar qrupu, terror dəstəsini məhv edən, cəsarətli və nümunəvi döyüş yolu keçən Mehman Ələkbərov bu günə qədər dövlət tərəfindən layiq olduğu adı almayıb. Bu çox cansıxıcı, kədərləndirici bir haldır. Bir ölkədə Əkrəm Əylisliyə, heç bir işimizə yaramayan Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə, rusiyalı milyarder Vahid Ələkbərova, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə, Tamara Sinyavskayaya və başqa haqq etməyənlərə verilən “Şərəf” ordeni verilirsə, Mehman Ələkbərova fəxri ad düşməyəcək.


Zənnimcə, Mehman "Azərbaycan Bayrağı" ordenini haqq edib. Vətən uğrunda canını qurban edən Mehman Ələkbərov bu günə qədər bir "Vətən uğrunda" medalı ilə də yad edilməyib. Çox təəssüf...

Əntiqə Rəşid