21 Sentyabr 2023 16:18
509
SİYASƏT

Aqiyə Naxçıvanlı: “Vəziyyətin gərginləşməsi Azərbaycanın dəmir yumruğunun növbəti zərbəsini qaçılmaz etdi”

“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun əsasında duran təməl prinsipləri ilk növbədə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığını nəzərdə tutur. Dövlət başçısı məhz bu prinsiplərdən irəli gələrək bütün beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında hər zaman demişdir ki, Azərbaycanın heç bir başqa ölkənin ərazilərində gözü yoxdur və eyni zamanda da biz öz torpaqlarımızın bircə qarşını belə heç kimə pay vermək niyyətində deyilik. Həmçinin Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı dövrdə də cənab Prezident İlham Əliyev ölkəmizin bu faktla barışmayacağını və sülh yolu ilə torpaqlarımızın geri qaytarılması baş verməyəcəyi təqdirdə buna müharibə yolu ilə nail olacağımızı dəfələrlə bəyan etmişdi. Təəssüflər olsun ki, nə Ermənistan, nə də onun havadarları bu xəbərdarlığı vaxtında nəzərə almadılar. Rəsmi İrəvan xarici qüvvələrin Azərbaycana təsir göstərə biləcəklərinə, ölkəmizi işğal faktı ilə barışdıracaqlarına elə inanmışdı ki, artıq hətta rəsmi danışıqlarda “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd şüarlar belə səsləndirməkdən çəkinmirdi. Lakin Qarabağın həqiqətən də kimə məxsus olduğuna dair bütün müzakirələrin əsil nöqtəsi 2020-ci ilin noyabr ayında qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşməni darmadağın etməklə kimin kim olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Qarabağ münaqişəsi başa çatdı. Bununla Qarabağda yaşayan ermənilərin, orada yaradılmış qondarma separatçı rejimin hansısa status barədə xəyalları da tarixin zibilliyinə gömüldü. Yaranmış yeni reallıqlar fonunda Ermənistan üçün ən əlverişli variant əlbəttə ki, 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə dərhal əməl etmək və Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalayaraq öz gələcəyini qurmaq barədə düşünməyə başlamaq idi. Lakin nə şəxsi ambisiyalar, nə ölkə daxilindəki separatçı-revanşist qüvvələr, nə də xarici təhrikçilər buna yol vermədilər. Nəticədə qeyri-müəyyənlik, Azərbaycana qarşı yeni iddialar və təxribatlar regional sülhün əldə olunması yolunda ciddi manelər yaratmış oldu. Vəziyyətin gərginləşməsi Azərbaycanın dəmir yumruğunun növbəti zərbəsini qaçılmaz etdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarının zəruri tədbir olduğunu və Ermənistanın, eləcə də Qarabağda oturmuş qondarma rejimin bu tədbirin reallaşdırılması üçün əllərindən gələni etdiklərini vurğulayıb: “Etiraf olunmalıdır ki, nə Ermənistanın, nə də Xankəndində yaradılmış qondarma separatçı rejimin 2020-ci ilin payızından bəri sərgilədikləri davranışları qətiyyən heç bir məntiqə uyğun deyildi. Müharibə oldu və sizin tam məğlubiyyətinizlə, ordunuzun darmadağın olması ilə başa çatdı. Azərbaycan öz torpaqlarını azad etdi və bundan sonra ərazisində hansısa ikinci bir erməni dövlətinin, yaxud hansısa xüsusi statusa malik bir qurumun yaradılması imkanlarının müzakirəsini belə birmənalı olaraq istisna etdi. Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzaladı. Bütün bunlardan sonra Ermənistan öz ordusunun tör-töküntülərini Azərbaycan ərazisində saxlmaqla, ölkəmizlə sülh sazişinin imzalanmasından yayınmaqla nəyə nail olmağı düşünürdü? Sentyabrın 20-də xalqa etdiyi müraciətində Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın son üç ildə Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı diversiya aktları barədə də dolğun açıqlamalar təqdim etdi. Konkret faktlara əsaslanan dövlət başçımız qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ən son, sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində də 6 nəfər Azərbaycan vətəndaşı həlak olmuşdur. Xalqımız, dövlətimiz bütün bunlara hələ nə qədər dözməli idi? Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək dərhal lazımi addımlar atdı və düşməni layiqincə cəzalandırdı. Lakin yenə də Azərbaycan Prezidenti ali humanizm nümunəsi göstərərək ordumuza mülki əhaliyə qətiyyən ziyan vurulmaması barədə ən ciddi şəkildə tapşırıqlarını verdi. Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməmələrini təmin etdilər. Eyni zamanda, antiterror tədbirlərinin gedişində mülki infrastruktura da heç bir zərbə dəymədi, yalnız separatçıların hərbi infrastrukturları sıradan çıxarıldı. Cəmi bir sutka davam edən əməliyyatlar düşmənin ağ bayraq qaldıraraq təslim olması ilə nəticələndi.”

Daha sonra A.Naxçıvanlı qeyd edib ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya Qarabağ ermənilərinin gələcək təminatlı həyatlarını qurmaları üçün yeganə etibarlı yoldur: “Xalqa etdiyi müraciətində cənab Prezident İlham Əliyev antiterror əməliyyatları nəticəsində ilk növbədə Qarabağın erməni əhalisinin girovluqdan azad olduqlarını xüsusi vurğuladı. Həqiqətən də, dünənə qədər Xankəndində oturmuş kriminal xunta rejimi təslim olandan sonra Qarabağın erməni əhalisi də artıq rahat nəfəs ala biləcək. Bu insanlar Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliklərinin, qanuni hüquqlarının təminatı da, rifah yüksəlişi də yalnız ölkə ictimaiyyətinə reinteqrasiyaları ilə təmin oluna bilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Azərbaycanda heç zaman dini, milli zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq. Ermənistana gəlincə isə, əgər bu ölkənin də rəhbərliyi nəhayət ki, xarici qüvvələrin təsirindən xilas olsa, öz xalqının mənafeyinə uyğun xarici və daxili siyasət yürütməyə başlasa, bu zaman onların da Cənubi Qafqazda gedən dinamik inkişafdan bəhrələnmək şansları ola bilər. Azərbaycan Cənubi Qafqaz ölkələrinin gələcəyini sülh, əmin-amanlıq və inkişafa söykənən əsaslar üzərində görür və bu, bir daha ölkəmizin sülhsevər, konstruktiv xarici siyasətinin nümayişidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.