(Azad Rəhimova açıq məktub)
II Dünya Müharibəsi zamanı SSRİ-nin Avropa hissəsində demək olar ki, bütün şəhərlər, kəndlər – Minsk, Kiyev, Donbass bizim işğal altında olan torpaqlardakı şəhər və kəndlərimiz kimi darmadağın olmuşdu. SSRİ-nin Avropa hissəsi xarabazara çevrilmişdi, bizim işğal altındakı torpaqlarımız kimi. Amma müharibədən çıxmış, qəpiyə güllə atan Sovet hökuməti çox qısa bir zamanda bütün şəhər və kəndlərini bərpa edə bildi. İndi Kiyev dünyanın ən gözəl şəhərlərindən biridi, Minsk də, Donbass da, Odessa da və sair və ilaxır.
İndi Ermənistan da bizim şəhər və kəndlərimizi şumlayıb. Özü də faşistlərdən betər şumlayıb. Təbii ki, bu bizi ağrıdır. Amma əsas torpaqlarımızın azad olunmasıdı, qalanı türklər demiş, təfərrüatdır.
Yəqin ki, Cocuq Mərcanlını 4-5 ayın içində bərpa edib, güllü-çiçəkliyə çevirən Dövlət dağıdılmış şəhər və kəndlərimizin yenidən bərpası üçün çoxdan plan tutub. Özü də yüz ölçüb, bir biçilən plan.
Bir misal çəkim. Keçən il Memarlıq və İnşaat Universitetində bir tədbirdə iştirak edirdim. Gülçöhrə xanımın rəhbərlik etdiyi universitetin müəllim və tələbələri Fəqan Əliyevin prezidenti olduğu «Günəş» Assosiasiyası ilə hazırladıqları Ağdam şəhərinin bərpa-layihəsi ilə tanış olduq. Çox böyük əmək sərf etmişdilər. Layihədə həm Ağdamın qədim bina və abidələrinin əvvəlki şəklinə salınması, həm də yeni ictimai və yaşayış binaların tikilməsi öz əksini tapmışdı.
Yəqin ki,dövlət tərəfindən digər şəhər və kəndlərimizin bərpa-layihəsi də hazırlanıb. Əslində mən başqa bir məsələyə görə belə giriş verdim. Əvvəla, şəhər və kəndlərimiz azad olunub, minalardan təmizləndikdən sonra yəqin ki, icazə veriləcək ki, hər kəs öz kənd-kəsəyinə gedə bilsin. İnsanların əksəriyyəti gedib öz həyətlərində çadır qurub yaşayacaq və dağıdılmış ocaqlarını özləri tikəcəklər. Daş tapan daşla, daş tapmayan da lap çiy kərpiclə yuvasını quracaq.
Bundan başqa, Ağdamda iki daş karxanası vardı, böyüyü də Şahbulaq. Bütün Qarabağ həmin Şahbulağın daşıyla tikilmişdi. Hər dəfə yolum Şahbulağa düşəndə heyrətlənirdim ki, burdan hər gün nə qədər daş daşınır, amma dağ yerindədi. Elə bil Xəzər dənizindən dolçayla su götürmüsən. Və onu da deyim ki, Şahbulaq daşı Bakı karxanalarındakı daşdan həm möhkəmliyinə, həm də çəkisinin ağırlığına görə fərqlənirdi. Ona görə də Bakı şəhərində tikilən çoxmərtəbəli binaların birinci, ikinci mərtəbəsi Şahbulaq daşı ilə tikilirdi. Və indi Şahbulaq yerində durur, Qarabağı yenidən tikmək üçün on dəfələrlə artıq daş ehtiyatı var.
İndi gələk əsas mətləbə. Baykal Amur Magistralı tikiləndə mən jurnalist kimi bir ay həmin bölgədə ezamiyyətdə olmuşam, televiziya və qəzetlər üçün materiallar hazırlamışam. Demək olar ki, BAM-ın tikintisində çalışanların doxsan faizi gənclərdən ibarət idi və onlar SSRİ-nin bütün bölgələrini təmsil edirdilər, özü də könüllü şəkildə. Sonra elə onların əksəriyyəti evlənib özlərinin tikdikləri şəhər və qəsəbələrdə qalıb yaşadılar. Ust-Kut və Urkan şəhərlərini də əsasən Azərbaycandan gedən gənclər tikib. Özü də biləsiniz ki, həmin bölgə bataqlıqlar idi. Baykal Amur Magistralının uzunluğu 3145 km. idi. Gənclər tikdi həmin magistralı.
Vaxtilə SSRİ-də tələbə-inşaat dəstələri vardı. Deməli, tələbələr kursu bitirəndə ölkənin müxtəlif şəhərlərindəki tikintilərə könüllü olaraq gedirdilər və maaş da alırdılar. Həmin maaşla tələbə növbəti bir ili dolana bilirdi. Onu da qeyd edim ki, tələbə- inşaat dəstələrinin özülünü SSRİ-də ilk dəfə Azərbaycan Komsomol Komitəsi qoymuşdu və bundan sonra bu ənənə bütün SSRİ-də yayılmışdı. Bu ideyanı ilk dəfə ortaya atan həmin dövrdə Azərbaycan Komsomol Komitəsində şöbə müdiri işləyən və daha sonra tələbə-inşaat dəstələrinin komandiri olan mənim doğma əmim oğlu Nadir Abbasov idi, ruhu şad olsun. Azərbaycanın tələbə-inşaatçıları həm ölkəmizdə tikinti-quruculuq işləri ilə məşğul olurdu, həm də SSRİ-də müxtəlif bölgələrdə fəaliyyət göstərirdi.
İndi Azərbaycan Gənclər Təşkilatı da bu layihənin üzərində işləyib (yəqin ki, həmin keçmiş layihə arxivlərdə durur, ondan istifadə etmək olar) tələbə-inşaat dəstələri yarada bilər. Və həmin gənclər Qarabağı yenidən tikmək üçün necə ki döyüşə sevinə-sevinə getdikləri kimi, deyib-gülə, çal-çağırla, böyük sevinclə Qarabağa yollanacaqlar. Özü də qızlı-oğlanlı. Heç maaş da istəməyəcəklər. Nə qədər həkimə, müəllimə, mühəndisə, memara ehtiyac olacaq. Böyük bir tikinti cəbhəsi açılacaq və ölkədə işsizlik sıfır həddinə düşəcək.
Gənclərimiz hərb meydanlarında göstərdikləri şücaəti indi də tikinti meydanlarında göstərəcəklər.
Azərbaycan Gənclər və İdman Nazirliyi və bu təşkilatın rəhbəri hörmətli Azad Rəhimov indidən bu məsələ ətrafında ciddi düşünməli və bu layihələri ortaya qoymalıdır.
Dəfələrlə demişəm və yenə deyirəm, dağılmış evlərimiz və yurdlarımızı daha gözəl və daha yaraşıqlı tikəcəyik. Bilirsiniz niyə? Çünki onun qumuna, sementinə, əhənginə həm də sevinc göz yaşlarımızı qoyacağıq.
Qoy Allah döyüş meydanındakı gənclərimizi qorusun və sabah Qarabağı yenidən tikəcək gənclərimizi də qanadlarının altına alsın.