adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 May 2022 15:33
2000
MÜSAHİBƏ

Aqil Abbas: “Bu gün həm iqtidarın trolları var, həm müxaifətin, bir də özü-özündən trol olanlar var” 

Deputat: “1000-dən çox ağdamlı zəng elədi ki, evimi tikməyə mən də hazıram”

Şəxsən tanışlığımızdan keçən 25 ildə Qarabağla bağlı o qədər söhbətlərimiz, müsahibələrimiz olub ki, sayını unutmuşuq. Ən maraqlı müsahib, həmsöhbətlərdən biridir, təksə xatirələrini toplayıb dərc etdirsə, bir kitabxanalıq kitab qalaqlanar, məncə... Ötən illərdəki söhbət-müsahibələrin əksəriyyəti qarabağsızlıq üzərində köklənərdi, niskil, ümid dolu fikirlər toplusuydu. Şükürlər olsun, Böyük Zəfər qazandıq və azad Qarabağla bağlı üz-üzə bir söhbət etməyə razılaşdıq: QARABAĞLI SÖHBƏT! Amma obyektiv səbəblərdən bu söhbətimiz çox uzandı. O qədər uzandı ki, bu müddətdə özünə ilk dəfə - Ağdamda - doğum gününü də keçirdi, “toy” da elədi. Bu haqda da danışmışıq. Həmsöhbətimiz deputat, yazıçı-publisist, Əməkdar jurnalist Aqil Abbasdır.

(Əvvəli burada)

 

İkinci hissə

 

 - Aqil bəy, zəfərdən sonra bu mövzuda xeyli müzakirələr getməkdədir, ictimai sifariş də var, eyni zamanda dövlət başçısı Kino Agentliyi ilə bağlı sərəncam verdi. Dünya arenasına çıxara biləcəyimiz kinonu çəkə biləcəyikmi?

- Yox, bilirsiniz, dünya arenası bizim müharibə filmlərini qəbul eləmir. Özlərinkini çəkib dünyaya paylayırlar, “Rembo”, nə bilim nələri...

- Sözsüz ki, asıb-kəsməklə bağlı kadrlar qəbul olunmayacaq. Qarabağın işğalda qalmasına göz yuman dünyadan çox gözləntimiz də yoxdur. Bəs, Qarabağ savaşı ilə bağlı bəşəri mövzulara müraciət etmək olmazmı?

 

- Məsələn, mənim bir povestim var, saytımızda da çap eləmişəm, “Sonuncu post”, o, bəşəri mövzudur. Yəni müharibə yoxdur, güllə atılmır. Sonda bizimkilər, postda olan 7 hərbçimiz çovğunda donub ölürlər. 200 metr aralıdakı erməni postunda isə yemək-içmək də, işıq da var. Bizim komandir görür ki, ermənilərin maşını batıb, deyir, gedib ordan bir təkər gətirə bilsəniz, donmarıq. Əsgər gedir, təkəri açmaq istəyəndə görür, erməni hərbçi yatıb. Oyadır, onunla birgə ehtiyat təkəri götürür, yuxarı çıxaranda təkər əllərindən çıxır, ermənini isə gətirir. Sonradan postda olan ermənilər duyuq düşürlər ki, azərbaycanlılar əsgəri aparıblar. Bizim komandirlə ermənilərin komandiri bir kənddəndir. Erməni komandir ağ bayraqla gəlir ki, bəs, yemək, araq, başqa nə istəsəniz, verirəm, əsgərimi verin. Bizim komandir deyir, yox, vermirəm. Uşaqlar komandirə qışqırırlar ki, bunu yeyəcəyik, ver, aparsın. Komandir deyir, verib bir diri əsgərimizi alarıq. Vermir, sonda əsgərlər bir-bir donub ölür. Komandir görəndə ki, əsgərləri donub ölür. Erməni əsgərə baxır, deyir, bunun da ana-bacısı, sevdiyi qız var, niyə ölsün ki? Deyir, dur, get! Komandir ona ömür vermiş olur. Erməni əsgər durub gedir özününkülərin yanına. Komandiri heyrətlənir, deyir, bu qədər şey verirdik, razılaşmadı, elə-belə buraxdı səni?! Bu dəfə erməni əsgər yalvarır ki, komandir, yemək-zad ver, aparım onlara, ölürlər. Komandir əsgərə sərt cavab verir, deyir, bayaq sən onların əlindəydin, ona görə təklif edirdim. Digər əsgərlər də komandiri dilə tuturlar, sonda razılaşır. Erməni əsgər yemək-içmək gətirir azərbaycanlıların postuna. Amma baxır ki, hamısı donub ölüb. Komandirin önündə durub xaç çevirir və yemək-içməyi qoyub qayıdır. Erməni əsgərlər də gözləyirlər ki, azərbaycanlı hərbçilər donub-öləcək, irəli gedib postu götürəcəklər, bayraqlarını taxacaqlar. Komandir soruşur ki, nə oldu? Əsgər qayıdır ki, “komandir dedi ki, sağ olsun”, demir ölüblər...Bəşəri deyirsən, belə bir ssenaridir...

- Maraqlıdır. Elə bizim hərbçilərin Hadrutda erməni atılmış ər-arvadı xilas etməsi, Bakıda onların müalicə olunması, sonra təhvil verilməsi də başqa bir əsərin mövzusu ola bilər...

- Kadrlarda yəqin baxmısan, komandirimiz erməniyə deyir ki, ə, gəl, zir-zibillərini götür, rədd ol! Hansı ki, istəsə, güllələyər, ya əsir götürərdi. Ermənilər bizimkilərə qarşı necə davranıb? Amma bizdə o hiss güclüdür də, ürəyiyumşaqlığımız var. Elə intiqam deyirik, amma əlimizdən intiqam almaq gəlmir. Mən “adam olmadınız” yazmışdım. Bir dəfə Əsgəranda bizim uşaqlar ermənini əsir götürmüşdülər. Avtomatı verdilər ki, vur, ürəyin soyusun. Avtomatdan atəş açdıqca, silah yuxarı qalxır. Uşaqlar dedi, tut, aşağıdan at, avtomat onu iki böləcək. Silahsız adama güllə ata bilmədim. Dedim, verib bir adamla dəyişərsiz. Biz beləyik. Amma erməni atardı.

- Təbii ki. Zori Balayan kimi pis və mundar “nümunə” var...Aqil bəy, keçən ilin 16 mayında özünüzə “toy” elədiniz, İradə xanımla evliliyinizin 40 illiyi münasibətilə. Amma o zaman söz vermişdiniz ki, 41 illiyinizin toyu daha təmtəraqlı olacaq...

- Görüm, qismət olsa... O vaxt mənim Ağdamda oynamağıma lağ eləmişdilər. Mən də demişdim ki, hələ mayın 16-da toyumun 40 illiyini Ağdamda eləyəcəyəm. Ona da hətta dostlarımdan ironiya edənlər oldu. Mən də ayın 16-da rəsmi icazə aldım, xanımımı da vurdum qoltuğuma, getdim Ağdama. 50 nəfərlik aş dəmlətdim...

- Özü də içkisiz məclis...

- İçkisiz. İçki də verərdim, amma ona görə vermədim ki, həmən vaxt orda polislər, hərbçilər xidmət başındaydılar, həm də tikinti işləri aparan insanlar idi. Postda olan polis, ya hərbçi içməyəcəkdi ki... Bütün postda olan əsgərlərlə birgə yemək yedik. Amma bu il bir az böyük məclis qurmaq istəyirəm. Hökumətdən icazə alsam, jurnalist dostları da aparacağam, birgə gedərik.

- İnşallah! Dövlətimiz Qarabağda böyük işlər görür. Amma bilirəm ki, siz ata evinizi tikmək arzusundasınız...

- İcazə versələr, elə bu gün gedib evimi tikməyə başlayaram. Amma baş plan var...

- Aqil bəy, amma gedişat göstərir ki, bu münvalla proses uzun çəkə bilər. Həm də dövlətin yükünü azaltmaq baxımından vətəndaşlarımıza öz evlərini qurmaq imkanı yaradılsa, daha gözəl olmazmı?

- Mən dəfələrlə məsələ qaldırdım, 1000-dən çox ağdamlı da zəng elədi ki, evimi dikməyə mən də hazıram.

- Bu, azı 1000 ev edir.

- Dedim, qoy hökumət şəhərin infrastrukturunu qursun, biz də gedək, öz cibimizdən evimizi tikək. Pullu oğlanlar kasıb qonşusunun da evini tiksin. Ağdamda heç kasıb əhali yox idi. Hətta UNEC rektoru Ədalət Muradov bir dəfə dedi, bizim evimiz Güllücədəydi. Dedim, bir ev də Ağdamda tikərsən. Dedi, tikərəm. (Gülür) Konstitusiya Məhkəməsində Şahin Rüstəmov var, deyəsən, aparat rəhbəridir. Onların evi İmamqulubəyli kəndindədir, işğal altında olmayan kənddə. O da dedi, Ağdamda ev tikərəm. Yəni evləri Ağdamda olmayan adamlar da orda ev tikməyə hazırdır. İndi Ağdam bir az başqa cürdür. İlham Əliyev Ağdamda öz şəhərini tikir, ürəyi istəyən şəhəri. Görk şəhəri tikir. Mən bir yazı yazmışdım: “İlham Əliyevin şəhərləri”. Pyotr Peterburqu tikib, sonra adını verdilər, Əmir Teymur Buxara ilə Səmərqəndi tikib, onun şəhərləri sayılıb. İşğaldan azad olunan yerləri ki, İlham Əliyev tikir, onlar da İlham Əliyevin şəhərləridir. Təbii ki, İlham Əliyev razı olmaz adı o şəhərlərə verilsin, yenə Ağdam, Kəlbəcər, Füzuli... olacaq. Ağdam çıxanda 60 min əhalisi var idi. İndi Ağdam şəhərinin əhalisi 80 min olar, amma bu gün 100 minlik şəhər tikilir. Özü də şəhər erməninin yaşadığı Əsgəranda qurtarır, Baş planda var. Qeyri-adi şəhər tikilir, müasir, gözəl, Ağdam adına layiq.

- “Ağıllı Ağdam”...

- Mən bəzən bu sözə gülürəm. Deyirəm, indiyəcən kənd-şəhərlərimiz dəliydi ki, indi ağıllanıb? (Gülür) Ağıllı o deməkdir ki, hər şəraiti olan. Sonra kəndlər var idi ki, 4-5, 8 evlik. Yenə o vaxtkı kimi dağınıq evlər tikməkdənsə, onları birləşdirmək yaxşı olar. Zəngilandakı kənddə işlər yekunlaşmaqdadır. Ağdamda da birini başlaycaqlar, Eyvazxanbəylidə. Atçılıq zavodu olan yerdə.

- Xatırlayıram ki, Şuşa və ümumən Qarabağ işğalda olan zaman Milli Məclisdə Şuşanın 270 illiyinə hazırlaşmaq və qeyd etməklə bağlı təklif verdiniz. Yenə də fəhminiz qalib gəldi və “Şuşa ili”ndə, azad Şuşada yubiley tədbirləri keçiriləcək. Necə hissdir?

 

- Qarabağ xanlığı 1747-ci ildə yaranıb. Mən demişdim ki, Qarabağ xanlığının 270 illiyi tamam olur, Akademiya, ya institutlarda nə bir elmi konfrans çağırılır, nə qəzet, nə jurnal yazır. Amma erməni eşşək yarışı keçirdir, dünyaya yayır. Erməni Xankəndinin adının “Stepanakert” qoyulmasının 85 illiyini keçirdir. Biz niyə Qarabağ xanlığının 270 illiyini keçirtmirik? Şuşanın da yaranmasının 270 illiyidir. Allaha şükür, bu il “Şuşa ili” elan olundu və mənim arzum çin oldu. Özü də Qarabağ xanlığı ən böyük və ən güclü xanlıq olub, bir tərəfi İrəvanadək uzanıb. Ona görə deyirdim ki, Pənah xan haqqında bir kitab buraxın. Akademiyanın Tarix İnstitutu var, nə ilə məşğulsunuz? Ona görə hirslənib bunu parlamentdə demişdim. Bir dənə elmi konfrans çağırın da. Dünyanın alimlərini yığın ki, Qarabağ xanlığının 270 illiyidir. İndi Şuşanın 270 illiyini edirlər, çox gözəl!

- Artıq parlamentin komitə iclasları da Şuşada keçirilir. Siz də dediyiniz kimi, dəfələrlə Şuşada, Ağdamda olmusunuz. Sizin müşahidələriniz də tamam fərqlidir, bəlkə hansısa əsərin sujet xəttini də təşkil edə bilər. Siz Qarabağın o vaxtkı azadlığını da doya-dya yaşamısınız, işğal dönəmindəki həsrətə də daxilən köklənənlərdən oldunuz, zəfərdən sonrakı dövrdə də bir ayağınız ordadır. Mənə elə gəlir ki, yazılası əsərlərin “tıxacı” yaranmaqdadır. Parlament fəaliyyəti yaradıcılığa mane olmur ki?

- Bəzi məsələlər mane olur, seçicilərim arayıb-axtarırlar, problemlərlə bağlı çoxsaylı müraciət edirlər. Amma o da olmalıdır. Bu cəmiyyətdə yaşayırıqsa, deputat seçilmişiksə, mən də seçicilərimi eşitməliyəm, imkanım daxilində kömək etməliyəm.

- Amma qəribədir ki, bir çox hallarda dedikləriniz əks-effekt verir, sosial şəbəkələrdə “top”a tuturlar. Hətta əkib-becərməyə çağırışınız belə, fərqli yozulur. Səbəbi nədir?

- Yox, onu trollar edir... Bu gün həm iqtidarın trolları var, həm müxaifətin. Bir də özü-özündən trol olanlar var. Bəzən görürsən, kimlərsə onları sənin üstünə “qısqırdırlar”, görürlər, dediklərin həqiqətdir, yaxud da camaat yaxşı reaksiya verir, o dəqiqə trollara deyirlər ki, “cumun!” Onlar da üstümə cummağa başlayır. Sənin demədiyin sözü manşetə çıxardırlar. Məsələn, o gün yayıblar ki, guya demişəm, qazilər zəfəri gözdən salır, çıxardıbalr manşetə, altında da söyürlər. Qardaş, mən qazilərə görə dava eləmədiyim məmur qalmayıb, mən qazilərin əleyhinə bir söz deyərəmmi? Yaxud mən deməmişəm ki, müəllimlər getsin fəhləlik eləsin, amma adıma çıxırlar, yazırlar. Mən tələbə inşaat dəstələri ilə bağlı məsələ qaldırmışdım. Sovet vaxtı ilk belə dəstələri Azərbaycanda yaratmışdılar, Texniki İnstitutda Nadir Abbasov var idi, komsomol, o yaratmışdı. Sonra bizdən öyrəndilər, bütün SSRİ-də yaratdılar. Gedib iki ay işəlyirdilər, ayda 500-1000 manat maaş alırdılar. İndi Ağdam tikilirsə, get, işlə, tələbə üçün min manat böyük puldur. Həm də öz evini tikirsən. Sonra orda işləyənlərə imtiyazlar ayırmaq olar. Məsələn, institutu bitirəndə təyinatla getsin Ağdamda mühəndis, müəllim, həkim işləsin. Yaxud 3 il işləyibsə, orda tikilən mənzildən ona da verilsin. Mən bu mənada tələbə-inşaat dəstələrindən danışdım. Başladılar ki, oğlun getsin işləsin, get, özün işlə!

- Ömür-gün yoldaşınız İradə xanım Tuncay bütün bunlara görə sizə iradını bildirmir ki? Yəni nəyinə lazımdır, bəlkə dəyməz, danışırsan, deyirsən, axırı da belə...

- Dəfələrlə deyib ki, çox danışırsan, trolları da tökürlər üstünə, səni söydürürlər, neynirsən e? Deyirəm, yaxşı, mən eləməyim, o eləməsin, bəs, şair demişkən, “nasıl çıxar qaranlıqlar aydınlığa?” Hamı sussun ki, deyəcəm, trollar, cahillər düşəcək üstümə... Hər kəs özünü qorusa, onda nə olacaq?

- Yəqin redaktorunuz İradə xanımdır...

- Bəli.

- Senzuraya çoxmu məruz qalırsınız?

- Olur. Bəzən yazımı vermir. Məsələn, bayaq danışdım, “Sonuncu post”, mən onu ayrı cür bitirmişdim. Dedi, sən gəl bunun axırına bir də bax, bu əsəri türk kimi yazma, neytral adam, yazıçı gözüylə bax. Mən də onun dediyi kimi elədim, daha uğurlu çıxdı. Sonra “Dolu” romanının adını ayrı cür qoymuşdum. Oxudu, qurtardı, dedi, bunun adı “Dolu”dur -“Qrad”. Adını dəyişdim. Belə şeylər olur.

- Aqil bəy, gələn il inşallah 70 yaşınız tamam olacaq.

- İnşallah!

- Yubileyinizə necə hazırlaşırsınız?

- 60 yaşım olan gün televiziyadaydım. Orda da dedim ki, mən ad günü, yubiley keçirtmirəm. Bir yazımda yazmışdım ki, ailədə 8 uşaq vardı, atası da bilmirdi hansı ayda doğulduqlarını. Amma məni bilirdilər, ona görə ki, 1 apreldə doğulmuşdum. Deyəsən, 50 illilikdə dost-tanış zorla dedi ki, 50 yaşındır, yığışdıq bir yerə, yedik-içdik. 60 illiyimdə də Yazıçılar İttifaqı Rəşid Behbudov adına Mahnı Teatrında yubiley tədbirini təşkil edirdi. Dedim, istəmirəm, nə yubiley, yubileyi Ağdamda keçirdərəm, inşallah! Yubiley eləmədim, amma dedim ki, “Nizami” kinoteatrında “Dolu” filmimin baxışı olacaq, pulsuz verəcəklər, kim istəyir, gəlib baxsın, mənim ad günümü təbrik etmiş olacaqlar. Özüm də getdim, gördüm, nə qədər adam gəlibsə, zalda oturmağa yer yoxdur. Özüm də oturdum, baxdım, oldu mənim yubileyim. Düzdür, evdə yemək-içmək olur, kimsə gəlir, amma xüsusi hazırlıq görmərik. Hə, heç ağlıma gəlməzdi. Yoldaydım, Prezident Administrasiyasından Süleyman müəllimdən zəng gəldi. Dedi, təbrik edirəm, Prezident səni “Şöhrət” ordeni ilə tətif edib. “Şöhrət” ordeni üçün kimsə təqdimat verməlidir, o proseslərdən də xəbərim olmamışdı. Amma 70 yaşımı gedib Ağdamda edəcəyəm. Artıq gedib-gəlmək də asanlaşır. Bu gün Ağdam təmizlənir, yəqin ki, 70 illik yubileyimi orda keçirəcəm.

- “Qarabağın toy otağı”nda...

- Hə. Qol qaldırıb oynayacağam. Budəfəki ad günümdə Ağdama gedəndə yaxşı yemək-içmək hazırlatdırdım. Dostlarım və ReAL TV-nin əməkdaşları idi. Tonqal qaladıq, yemək yedik. İnşallah, qismət olar, gələn il daha böyük məclis qurarıq...

- İnşallah!

23.jpg (215 KB)

Söhbətimizin yazı hissəsini yekunlaşdırırıq. 25 il əvvəl məni jurnalistikaya dəvət etmiş ustad zarafatyana “amma heç futboldan danışmadıq” deyir. Və olduqca zəngin və marqlı futbol xatirələrinə, “Qarabağ” futbol komandası ilə bağlı söhbətə keçid edir. Deyirəm, Aqil bəy, sizin futbol xatirələriniz “bir kitablıq” söhbətdir, qalsın növbəti görüşlərə...Təki sağlıq olsun!

Elşad Paşasoy,

 Musavat.com