adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Fevral 2024 15:13
4473
MÜSAHİBƏ

Aqil Abbas:" Ağdam şəhərində keçirilən seçkidə böyük bir bayram əhval-ruhiyyəsi gördüm"

Ötən gün Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş tutub.
Seçkidə iştirak etmək üçün Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da bu günə qədər səs verdiyi məntəqəni deyil məhz Ağdamda əhalinin sevincinə səbəb olan yeni seçki məntəqəsinə yollanıb.

Uzun illərdən sonra doğma şəhərində səs verməyin hansı ovqatı, hissi yaratdığını, yazıçıdan soruşmamaq günah olardı.


- Aqil müəllim, Ağdam işğalda olandan keçirilən bütün seçkilərə Bakıda qatılmısınız. Nə baş verdi ki, qəflətən Ağdama getdiniz, seçici kimi orda səs verdiniz?

- Sonuncu dəfə 1990-cı ildə Ağdamda seçkidə iştirak etmişəm. Elə o gün, bu gün Ağdamda, doğma şəhərimdə həm bayram əhval- ruhiyyəsinə, həm seçki kimi mühüm bir prosesə həsrət qalmışdım. 44 günlük müharibədən sonra getdim həsrətində olduğum küçəmizi, imarəti, Qarağacını, Çay Evini, Çörək Muzeyini ziyarət etdim, Şahbulağı gəzdim. Qalmışdı bir arzum: ermənilərin xarabazara çevirdiyi Ağdamın mərkəzində canlanma, firavanlıq, çoxlu sayda insan, bayram əhval ruhiyyəsi görüm, Ağdamın canlanmasına şahid olum. Bu da hələki seçkidə mümkün olardı. Ona görə də, səs verməyə Ağdamı seçdim. Çünki əhali ilə birgə o sevinci yaşamaq bir başqa aləmdi.


- Ağdamda neçə məntəqə vardı? Siz harda səs verdiniz?


- Seçki 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirildi. 57 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə Kəngərli kəndində təşkil edilmişdi. Mən  57 saylı məntəqədə - Ağdamın sabahına layiq tikilmiş Konfrans mərkəzində səs verdim.


-Aqil müəllim, orda nə qədər adam var ki, 3 məntəqə təşkil olunub?


- Bilirsən, hazırda ərazidə tikinti-quruculuq işləri gedir. Orada böyük bir inşaatçı qrupları var, orada xidmət göstərən polis əməkdaşları, hərbçilər və digər struktur nümayəndələri fəaliyyət göstərir. Mən səs verdiyim məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova deyirdi ki, məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb.  Mən orda tanınmış xanəndəmiz Qədir Rüstəmovun oğlu Mehdini  gördüm. Dedi ki, könüllü müşahidəçi kimi gəlib bura. O da çox sevincli idi. Bundan başqa Ağdamın kəndlərində məskunlaşmış Ağdam şəhərindən olan seçicilər də vardı ki, onlar da Ağdamın mərkəzində, azad olunmuş şəhərində səs verməyi üstün bilmişdilər. 


- Bəs, yaxşı, seçicilərin məntəqəyə gəlmə fəallığı necə idi, bunu müşahidə etmək imkanınız oldu?

- İnan ki, məntəqədə basa-bas idi. Seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Başqa məntəqələrdə necə burada elə! Sağ olsunlar, icazə verdilər mən növbəsiz gedib səs verdim! Amma mənim gördüyüm digər nüanslarda vardı. Məsələn, sözün həqiqi mənasında o məntəqəyə gələn seçicilərin əllərində bayraq, üz- gözlərindəki sevinc, məntəqədəki bayram əhval ruhiyyəsi məni mütəəssir etdi.

Budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilirdi deyə Xalqımla birgə sevinirdim və elə xalqımla birgə torpaqlarımızı  işğaldan azad edən böyük sərkərdəyə, Xalqıma  ev-eşik tikən, quran, sabahına zamin olan prezidentinə səs verirdim!  Ali Baş Komandanıma, qalib prezidentə səs verməklə köçkünlər, daha doğrusu qarabağlılar əsl bir bayram havası yaşayırdılar! Daha sonra da getdim  Əsgəranı gəzdim. Bir dənə olsun dağıntı yox idi. Təxminən 35 ildir  görmədiyim Əsgəran qalasına getdim, ora ilə bağti xarələrimi bir daha andım. Ümumiyyətlə, ötən günkü  seçki mənə çox xoş təsir bağışladı. Bu elə bil seçkidən əlavə bir xalqın keçirdiyi böyük bir bayram oldu!

- Aqil müəllim, kövrək təəssüratlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik! Arzu edirik, bütün qarabağlıların, eləcə də. ağdamlıların hamısı elliklə öz doğma yurduna,  ev-eşiyinə yerləşsin və növbəti seçkiləri də, bayramları da orda yekdilliklə, sevinclə keçirsinlər!   

 Söhbətləşdi Əntiqə Rəşid

 -