adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2014 00:01
26226
MƏDƏNİYYƏT
A- A+

Anuk Eme

Əsl adı Fransuaza Sorya Dreyfus olan fransız aktrisası Anuk Eme 1932-ci ildə Parisdə aktyor ailəsində anadan olub. Valideynlərinin aktyor olması onun həyatını bübütün dəyişib. Uşaqlıq illərindən o, balet və vokal dərslərinə gedib. Aktrisanın uşaqlıq illəri II Dünya müharibəsi illərinə təsadüf edib. Hətta müharibənin fəsadları onun ailəsindən də yan keçməyib. Belə ki, onun babası ilə nənəsi nasistlər tərəfindən əsir götürülərək "Auşvits" həbs düşərgəsində qətlə yetiriliblər. Anuk baba və nənəsini xatırlamasa da, hər dəfə müharibə sözünü eşidəndə, göz yaşlarını saxlaya bilmir. Böyüyüb həyatı daha dərindən dərk etdikdən sonra sonra aktrisa "Auşvits" həbs düşərgəsinə getmək ehtiyacı duyur. O, həmin yeri ziyarət etməyi özü üçün həyatının ən vacib faktı hesab edərək bir gün ərinin maşını ilə düşərgəyə gedir. Düşərgəyə çatmağa çox az qalmış qəfildən onun vəziyyəti pisləşir və boğulmağa başlayır. Düşərgəyə çatdıqda isə Anuk möhkəmdən hönkürtü ilə ağlayır.

İlk rol, dəyişdirilən ad və soyad...

Uşaqlıqdan baletlə məşğul olan Anuk bu ixtisası bir neçə dəfə yarı yolda qoymaq istəsə də, müəllimlərinin inadı buna imkan verməyib. Onlar bu xırdaca qızın çox böyük istedad daşıdığına əmin idilər. Baletdən uzaqlaşa bilməyəcəyini hiss edən Anuk aktyorluq məktəbinə daxil olmağı qərara alır. İlk dəfə ekranlara o, kiçik bir rolla gəlir. O zaman onun on beş yaşı təzəcə tamam olmuşdu. Filmin titrlərində onun adi qeyd olunmur. Sadəcə olaraq "Anuk" yazılır. Elə o zaman aktrisa adının dəyişməyə qərar verir. Həmin gündən o, özünü Anuk Eme kimi təqdim edir.

Məşhur rejissorların diqqət mərkəzində

17 yaşı olarkən Anuk artıq ilk dəfə "Veronlu sevgili" filmində Culiyyetta roluna çəkilir.
Çox az müddətdən sonra aktrisa Federiko Fellininin bir neçə məşhur filmlərində baş rola dəvət olunur. Felininin filmlərindən sonra Anuk star kimi şöhrət qazanır.
Onun filmlərindəki əsas xarakteri - intellektual, yorğun əsilzadə, soyuq və acınacaqlı lakin, bunlara baxmayaraq fəlakətləri dəf etməyə qadir, təbiəti möhkəm olan bir qadın obrazı olur. Anuk bütün rollarının öhdəsindən məharətlə gəlir. Nəhəng gözləri ilə gözəlliyini yaraşığa salan bu əsrarəngiz qadın Fellininin ən məşhur "Səkkiz yarım" və "Şirin həyat" filmlərində oynayır. Fellinidən sonra aktrisa Bernardo Bertoluççinin, Vittorio De Sikonun, Robert Oldriçin və Klod Leyluşun filmlərinə də çəkilir.
Anuk Eme filmə və ssenariyə qarşı çox prinsipial aktrisa olub. Onun üçün film təklifinin hansı rejissor tərəfindən gəlməsinin fərqi olmayıb. Əgər təklif olunan ssenari onun xoşuna gəlmirdisə, o dərhal təklifi rədd edib, danışığa getmirdi. Bu hətta ən məşhur rejissor Orson Uelissin filmi olsa belə. Və yaxud da çox xoşladığı ssenari, arzusunda olduğu rol olsa da, əgər rejissor onun üçün boz təsir bağışlayırdısa da, yenə də onun cavabı qısa olaraq "yox" olurdu. Həmin "yox"dan sonra hər kəs yaxşı bilirdi ki, onu nəyəsə məcbur etmək mənasızdır.

"Kişi və qadın" və çarəsiz aşiq Klod Leluş...

Aktrisa ən çox rejissor Klod Leluşun filmlərinə çəkilib məşhurluq qazanmışdır. Leluşun bu inadkar aktrisa ilə neçə illər necə yollaşdığı hələ də bir çoxları üçün sirr olaraq qalır.
Həm rejissora, həm də aktrisaya dünya şöhrəti gətirən "Kişi və qadın" filmini çəkməyə hazırlaşarkən Leluşun otuz yaşı yenicə tamam olmuşdu. Ssenari hazır olmazdan əvvəl Leluş artıq baş rol oyunçularını xəyalən təsdiq edir. Onlar isə təbii ki, Jan Lui Trentinyan və Anuk Eme olmalı idi. Trentinyan ssenarini oxumasa belə Leluşun hər hansı bir filmində çəkilməyə çoxdan razı idi. Ancaq söhbət Anuk Emedən gedəndə Leluş balaca uşaq kimi təlaşlanmağa başlayıb "Mən ona zəng vurmaqdan qorxuram" deyir. Trentenyan ilə Anuk isə bir-birilərini yaxşı tanıyırdılar. Bunun üçün də Trentinyan filmdəki Qadın rolunu məhz özü Anuka təklif etməli olur.
Deyilənlərə görə filmin rejissoru Klod Leluşun da aktrisaya qarşı gizli sevgisi olub. Bir çoxları bunu şayiə adlandırsalar da rejissor sonralar özü haqqında yazdığı kitabda bunları ediraf edir. "Mən öz məhəbbətimi bu gözəl qadına Anuk Emeyə etiraf etmək iki gün gecikdim. Düz iki gün... Ancaq Pyerə olan simpatiyam mənə təsəlli tapmaqda kömək edir".
"Kişi və qadın" filmi gözlənilməz uğurlar qazanır. İlk uğur "Kann Film Festivalı"ndan gəlir. Daha sonra film "Oskar" mükafatına, eləcə də "Bafta" və "Qızıl qlobus" mükafatlarına layiq görülür. Lakin 1967-ci ilə "Oskar"a təqim olunan filmin rejissoru mükafat qazansa da, aktrisaya bu uğur qismət olmur. Həmin ili mükafat Anukdan yan keçərək Elizabet Teylora verilir. Leluş bu barədə çox pis olur və o, mətbuat açıqlamasında deyir. "Mən özümü günahkar hiss edirəm. "Oskar" almaq Anukun haqqı idi. Əgər mənim imkanım olsaydı, öz "Oskar"ımı ona verərdim".
Anuk isə mükafatlara və təqdimetmələrə çox sakit yanaşmağı bacarırdı.


Dörd nikah və 80 yaşın yorğunluğu...

Kişilərlə münasibətdə Anuk saxtakarlığa və hörmətsizliyə tab gətirə bilmirdi. O, həmişə hesab edirdi ki, sevmədiyi insanla birlikdə yaşamaq qeyri-səmimilik və əclaflıqdı.
Aktrisa dörd dəfə nikahda olub. Onun ilk iki evliliyi haqqında demək olar ki, çox az məlumat vardır. Eduard Zemerman adlı biri ilə boşandıqan sonra ikinci evliliyi qızının atası rejissor və ssenarist Nikos Papatakis olub.
Onun üçüncü əri isə "Kişi və qadın" filmində qadının heroindən ölmüş əri rolunu ifa edən aktyor Pyer Barux olur. Onlar elə filmin çəkilişləri zamanı tanış olub eşq məcarası yaşayırlar. Bu eşq onları nikaha qədər aparır. Onların toyunda filmin bütün heyəti iştirak edir. On ildən sonra aktrisa Pyer Baruxdan ayrılıb ingilis aktyoru Albert Finniyə ərə gedir. Onunla da altı il birlikdə yaşayır. Albert Finnidən sonra Anuk daha heç kimlə rəsmi nikah qurmur. Müxtəlif illərdə aktrisalıq karyerasında fasilələr etsə belə Anuk Eme 80-dən çox filmə çəkilib. Artıq yeniyetmə nəvə sahibi olan 81 yaşlı aktrisa son illər çox nadir hallarda filmə çəkilir.
Bir neçə il əvvəl "Berlin Film Festivalı"nda aktrisa "Dünya kinosundakı xidmətləri"nə görə "Qızıl Ayı" mükafatına layiq görülüb. Bütün bu uğurları üçün şöhrətli aktrisa Anuk Emenin qürurlanmağa tam haqqı və səlahiyyəti vardır.

Samirə Əşrəf