adalet.az header logo
  • Bakı -°C
08 Iyul 2026 10:21
68
MARAQLI
A- A+

Antibiotiksiz müalicə üsulu tapıldı

Beynəlxalq alimlər qrupu antibiotiklərə davamlı bakteriyalarla mübarizədə mühüm irəliləyiş əldə edib. Araşdırma bakteriyaların qoruyucu biofilmlərini parçalaya bilən yeni mexanizmi üzə çıxarıb ki, bu da gələcəkdə antibiotiklərə ehtiyac olmadan infeksiyaların müalicəsi üçün yeni imkanlar yarada bilər.

Adalet.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Dieqo kampusunun rəhbərlik etdiyi və Pompeu Fabra Universiteti tədqiqatçılarının da iştirak etdiyi araşdırmanın nəticələri “Nature Microbiology” jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, bəzi bakteriyalar suyu özünə çəkən hidrogelə bənzər maddə istehsal edir. Bu maddə biofilmin daxilində təzyiq yaradaraq, bakteriyaların qoruyucu təbəqədən ayrılmasına səbəb olur.

Biofilmlər bakteriyaların özlərinin yaratdığı yapışqan qoruyucu qatdır. Bu təbəqə mikroorqanizmləri həm antibiotiklərdən, həm də immun sisteminin təsirindən qoruyur. Məhz buna görə protezlər, kateterlər və sağalmayan yaralarla əlaqəli bir çox xroniki infeksiya biofilmlərlə bağlı olur.

Araşdırma göstərib ki, biofilmin parçalanma mərhələsində bakteriyalar hidrogel istehsal edərək, kifayət qədər təzyiq yaradır və bunun nəticəsində bəzi hüceyrələr biofilmdən ayrılaraq yeni sahələrə yayıla bilir.

Tədqiqatçılar bu mexanizmi laboratoriya şəraitində süni şəkildə gücləndirməyə də nail olublar. Nəticədə biofilmlər antibiotiklərdən istifadə edilmədən parçalanıb.

Alimlər bildirirlər ki, araşdırma hələlik yalnız laboratoriya sınaqları ilə məhdudlaşır. Yeni mexanizmin klinik müalicə üsuluna çevrilməsi üçün əlavə tədqiqatlar və uzunmüddətli sınaqlar tələb olunur.