adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 17:43
84
DÜNYA
A- A+

Angela Merkel yenidən hakimiyyətə qayıdır?

Almaniyanın Xristian-Demokrat İttifaqı (XDİ) 2027-ci ilin əvvəlində ölkənin yeni prezidentini seçəcək Federal Məclisin tərkibinə keçmiş kansler Angela Merkelin namizədliyini irəli sürməyi planlaşdırır.

Bu barədə DPA agentliyinə Şlezviq-Holşteyn parlamentindəki XDİ fraksiyasının rəhbəri Tobias Kox məlumat verib.

Merkellə yanaşı, XDİ-nin Şlezviq-Holşteyn üzrə seçicilər siyahısına Almaniyanın təhsil naziri Karin Prien, federal torpağın baş naziri Daniel Günter, eləcə də Almaniya həndbol millisinin keçmiş kapitanı Patrik Vintsek daxil edilib. Ümumilikdə, federal torpaqlar yaxın vaxtlarda öz nümayəndə heyətlərinin tərkibini müəyyənləşdirməlidirlər. XDİ/XSS bloku və Almaniya Sosial-Demokrat Partiyasından (SDP) ibarət hakim koalisiya hələlik dövlət başçısı postuna vahid namizəd barədə razılığa gəlməyib.

Almaniyanın yeni prezidenti 2027-ci il yanvarın 30-da Federal Məclis tərəfindən seçiləcək. Bu qurum 630 Bundestaq deputatından və federal torpaqların parlamentləri tərəfindən irəli sürülən eyni sayda nümayəndədən ibarətdir. Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer qanunvericiliyə əsasən, üçüncü müddətə namizədliyini irəli sürə bilmədiyi üçün vəzifəsini tərk edəcək.

Qeyd edək ki, Angela Merkel 2005-ci il noyabrın 22-də Almaniyanın ilk qadın federal kansleri seçilib və 2021-ci il dekabrın 8-dək, ümumilikdə 16 il bu vəzifədə çalışıb. O, dörd seçki dövrü ərzində Almaniya hökumətinə rəhbərlik edib və ölkə tarixində ən uzun müddət kansler postunda qalan ikinci şəxs olub.