01 Dekabr 2023 14:51
1346
ƏDƏBİYYAT

“Ana ora gedəndə Ərtoğrolu artıq dəfn etmişdilər...” - Turan xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Ərtoğroldan danışın.

- O vaxt xalq düşməninin oğlunu etibar edib cəbhəyə göndərmirdilər. Ərtoğrolu da elə fəhlə batalyonuna göndərmişdilər. Yol tikintisinə. Gürcüstandaydı. Heç vaxt ağır iş görməyən bir adamı birdən-birə ağır işdə işlətdilər. O da soyuqladı, ciyərləri... Yeməməzlikdən proses sürətlə getdi. Əziz Şərif apardı Naxçıvana. Çünki qohumlarımız vardı orda: anamın dayısı, anasıgil ordaydılar. Əsas şərt də yemək məsələsiydi. Özü də 43-cü il, müharibənin ən pis vaxtı. Bakıda şərait yoxdu. Hər şey xüsusi kartoçkaynandı, ona isə çox mükəmməl yemək lazımdı. Hər halda, qohumlarımız pis yaşamırdılar. Bilmirdik ki, xəstəlik öz işini görüb və çox az qalıb. 1943-cü ildə, oktyabrın 14-də rəhmətə getdi. Doğum gününə bir həftə qalmış. 

- Necə eşitdiniz xəbəri?

- Teleqram vurdular. Ayın 17-də bildik biz. Ana gedəndə artıq dəfn etmişdilər. Müharibənin ən pis vaxtı. Sərhəd rayonu. “Xalq düşməninin arvadı”. Necə propusk verəcəkdilər ona? Çox çətinliklə getdi. Getdi və bir gün qalıb qayıtdı. Bu barədə ana öz xatirələrində ətraflı yazıb. 

- Ərtoğrolun ölümüylə bağlı vurulmuş teleqramı kim aldı?  

- Ana. 

- Bəs siz necə bildiniz? 

- Evə gələndə qadınları gördüm və bildim ki, nə hadisədir. Amma özünün məktubları adamı elə inandırırdı ki, sağalacaq, nəticə pis olmayacaq. Çox böyük ümid vardı. Planlar, işlər hamısı alt-üst oldu. Dünya tamam dəyişdi. O zaman anamın qeyri-adi insan olduğunu gördüm. Əlbəttə, təklikdə yəqin ki, ağlayırdı. Amma o gündən sonra nə o mənim gözümdə yaş gördü, nə də mən onun. Demək olar ki, son dəqiqəsinədək, 43-dən 76-ya qədər bizim aramızda Ərtoğrolun adı çəkilmədi. Halbuki, bütün bu illər ərzində hər gün bu ad hər ikimizin beynimizdəydi. Ərtoğrolun notlarını, yazılarını elə büküb-bağlamışdım ki, ana onları görməsin. Sonra 1982-nin oktyabrında Cavidin cənazəsi Sibirdən gələndə adamlar dedilər ki, kaş Mişkinaz xanım bir neçə il də yaşayaydı, bütün bunları görəydi... Amma çox qəribədi. Ana görəsən dözərdimi? Bu da Allahın işidi, istəməmişdi ki, o, bunu görsün. Necə dözə bilərdi, 41 il əvvəl ölmüş əzizinin nəşini necə qarşılamaq olar... Özü də nə vəziyyətdə öldüyünü biləndən sonra. 

- Mişkinaz xanım xatirələrində Ərtoğrolun “Şeyx Sənan” operası yazmaq niyyətində olduğunu bildirir...

- Ərtoğrol bunu çox arzu edirdi. “Şeyx Sənan” kitabında çoxlu qeydlər aparıb, nömrələr, işarələr qoyub, ixtisarlar edib. Birinci pərdənin librettosunu yazıb. Bir sıra not yazıları da var. 

- Fikrət Əmirov “Şeyx Sənan” tamaşasına musiqi yazanda həmin qeydlərə baxdımı? 

- Yox, baxmadı. Amma bütün bunları təkcə o bilirdi. Axı Fikrət Ərtoğrolun dostuydu, bir yerdə oxumuşdular. “Şeyx Sənan” tamaşası səhnəyə qoyulanda Fikrət həmin qeydləri məndən istədi, bir şey qalıbsa, verin, tamaşada istifadə edim,-dedi. 

- Vermədiniz?

- Tamamlanmış bir parça yoxdu axı. 

- Əroğrolun musiqi yaradıcılığı barədə ilk dəfə kim danışdı? Anardan əvvəl bu barədə kimsə yazmışdımı?

- Yox, heç kəs yazmamışdı. Bülbülün rəhbərlik etdiyi Musiqi Katibəsinin bəzi materialları Memarlıq və İncəsənət İnstitutuna göndəriləndə Anarın xanımı Zemfira o materialın arasında Ərtoğrolun adına təsadüf edir. Ərtoğrolun 1938-39-cu illərdəki səriştəli yazısı Zemfira xanımın diqqətini cəlb etmişdi və o, belə bir adamın kimliyini Anardan soruşmuşdu. Anar bilirdi ki, Ərtoğrol Cavidin oğludu. O da Həbibəyə deyib ki, Ərtoğrolun evdə arxivinin qalıb-qalmadığını Turandan soruş...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn