adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Oktyabr 2022 13:40
1907
MÜSAHİBƏ

AKTYOR: “Yazıq və bədbəxt aktyorlar nə etsinlər?...” - MÜSAHİBƏ

Rəşad Səfərov: “ Elə olub ki, səhnə üçün ağlamışam”

Bu günki müsahibimiz müasir kinonu öz rolları ilə bəzəyən sevilən aktyor Rəşad Səfərovdur. Yaratdığı obrazlardan fərqli olaraq müsbət xarakterli həmsöhbətimiz yaradıcılığından söhbət açdı.
 

- Sənətə gəlişinizdə təbii ki, dəstək olanlar olub. Bəs mane olanlar necə, olub..?

-Ümumiyyətlə mən sağlam rəqabəti sevirəm. Təbii ki,həmin rəqabətdə düşmənçilik, paxıllıq yoxdursa… Aktyor bir rolu yaxşı da oynaya bilər, pis də oynaya bilər. Bunu əvvəldən sığortalamaq olmaz. Lap əvvəlcə təbii ki, ssenari aktyora yad gələ bilər. Ancaq aktyor həmin ssenarinin qapısını döyüb, o ssenarinin içinə girməyi bacarmalıdır. Bu isə bir balaca aktyordan zaman tələb edir. Ondan sonra başlayır aktyorun yaradıcılığı və yaradıcılıqdan danışmaq haqqı. Sizin suala qayıdış edib onu deyə bilərəm ki, yazıq və bədbəxt aktyorlar nə etsinlər...
Hərdən fikirləşirəm ki, mən niyə aktyor oldum?
 

-Aktyorun da məişət qayğılar var, hamı kimi…
 

-Əlbəttə, elədir. Hətta elə olub ki, film üçün qeydiyyatdan keçib təsdiq olunmuşam ki, mən bu filmdə rol alacam. Ancaq zəhmətimi maddi cəhətdən dəyərləndirmədikləri üçün çəklişi yarımçıq qoyub, çıxıb getmişəm. Tək mən deyiləm, təbii ki bütün aktyorlar öz sənətindən qazanc əldə etmək istəyir.

Yəni, məni maraqlandıran bir xüsusui maraq olmalıdır.

Filmi çəkənlər bilməlidirlər ki, bu aktyorlar da insandılar, bunların da ailəsi var. Bunlar da axşam evə çörək aparmaq istəyir. Aktyorun usağı aboy yeməli deyil ki!

Həmişə deyirlər ki, qardaşsan güzəştə get. Adam nə qədər “qardaşıq” edər axı! Bir dəfə də onlar “ qardaşlıq” etsinlər də!
Sizi inandırım ki, elə filmlər var ki, çəkilmişəm, amma hələ qonararımı ala bilməmişəm.

“İfa edəcəyiniz rolların qiymətini kiminsə sözü ilə sındırmayın, ucuzlaşdırmayın”.

- Aktyorlar maddi cəhətdən təmin olunmadıqda həvəsdən düşürlər…

-Əlbəttə, filmi çəkənlər- filmin direktoru, prodüsseri, koordinatoru bu işlərə çox ciddi yanaşmalıdırlar. Bu mütləqdir.
Ancaq bir məqam da var ki, rejissor profesianaldırsa və məni hər hansı bir rolda mütləq görürsə, mən hansı qiyməti desəm də filmin direktoruna inad edir ki, mənə mütləq məhz Rəşad Səfərov lazımdır. Çünki bu obrazı mən yalnız onda görürəm. Yoxsa başqası Rəşaddan ucuz oyanır (o olmasın bu olsun) başqasın gətirib çəkək deyirsə, təbii ki həmin işdə profesionallıqdan söhbət gedə bilməz.

Mənim dediyim qiyməti sındıranda təbii ki, sənətimi üstün tutaraq deyirəm ki, yox əzizim, mənim rolumun qiyməti bu qədərdir.
Burdan üzümü bütün aktyor həmkarlarıma tutub, səsələnirəm ki, əziz bacılarım və qardaşlarım ifa edəcəyiniz rolların qiymətini kiminsə sözü ilə sındırmayın, ucuzlaşdırmayın.
 

- Nədən rollarınızın çox hissəsi qanun keçikçisi rollarıdır?

-Bilirsiniz, aktyorun viziual görünüşü çox şeyi həll edir və filmdə mühüm rol oynayır. Bu rolları rejissorlar mənə təklif edirlər. Çox güman ki, məni o rollarda görürlər. Hətta bir dəfə mən özüm haqda belə demişdim: “ kostyum-qalustuklu obrazların mahir ifaçısı Rəşad Səfərov” (gülür). Axı nə qədər olar belə ciddi rolları ifa etmək…

Ancaq buna baxmayaraq mən taksi sürücüsü rolunu da ifa etmişəm.
 

-Rolların təsiri qalanda evdə onu biruzə verirsiniz?

-Bəli olub elə şeylər (gülür). Son zamanlar mənfi obrazları ifa edirdim. Evə gedəndə də o səs tonunda danışırdım. Çox zamanlar özümü ələ alırdım ki, mən artıq evdəyəm, səhnədə deyiləm. Hətta bir dəfə roldan təsiri qalmışdı, evdən səsimin tonunu qaldırdım. Yoldaşım dedi ki, səhnədə deyilsən evdəsən, Rəşad.
 

-Məncə xanımınız sizi başa düşər. Çünki həm həyat yoldaşı, həm də həmkarsınız…

- Bəli, həyat yoldaşım da aktrisadır. Kamal Xudaverdiyevin tələbəsi olub. Peşəkar kino və teatr aktrisasıdır, ancaq işləmir. Evdə üç qızımız böyüyür. Onları tərbiyə edib böyütmək ana üçün çox zaman alır deyə, həyat yoldaşım işləyə bilmir.
 

-Rəşad bəy, ailə qayğılarını bəhanə etməyək... Deyin ki, mən icazə vermirəm işləməyə.
 

Bizim teatrda ailəli insanlarımız var. Buna çox misal çəkmək olar. Baxmayaraq ki, mədəniyyət sahəsində çalışıram, amma köhnə insanlardanam (gülür).
 

-Bəs valideynləriniz aktyor olmaq istəyinizə qarşı çıxıb?

- Bilirisniz, dərs oxumağa o qədər də marağım olmayıb. Çoxlu oynacaqlarım var idi, dərsdən gələn kimi həmin oyuncaqlarla tamaşa hazırlayırdım. Özüm üçün taatr səhnələri qurudum. Hamı artıq bilirdi ki, marağım incəsənət sahəsinədir. Zamanı çatanda mən bunu evdə deyəndə hamı normal hal kimi qarşıladı.

“Mən səhnədə ondan istədiyim jestləri ala bilməmişəm.”

- Elə olubmu tərəf müqabilinizə sizinlə eyni səhnəni bölüşməkdə qəti şəkildə etiraz edəsiniz?
 

- Yox, etiraz etməmişəm. Çünki ən azı onun çörəyinə bais olaram. Mən evimə çörək aparmaq istədiyim kimi, o da istəyir. Ancaq mən əlimin zəhmətini də heç kəsə verən insan deyiləm.

Amma elə tərəf müqabilim olub ki, çox əziyyət çəkmişəm. Mən səhnədə ondan istədiyim jestləri ala bilməmişəm. Mən burda sizinlə dahi aktyor qismində danışmıram, sadəcə öz başıma gələnləri deyirəm. Ancaq tərəf müqabilimdən narazı olanda da heç vaxt onun rejissora deməmişəm.

Çalışımışam ki, bu problem qarşı tərəfin özü ilə həll edim.

Mən etiraf edirəm ki, kinoda qazandığım uğuru teatda əldə edə bilməmişəm. İnsan var ki, teatrı çox sevir. Doğrudur, mən teatrdan mənən qazandıqlarımı kinoda xərcləyirəm. Teatr bir balaca pafosu sevir. Ancaq film tam başqa anlamdı.

Bir müddət əvvəl məni Mədəniyyət evlərinin birinə direktor təyin etmişdilər. İnanın ki, mən o qədər darıxırdım ki, o vəzifədə çox qala bilmədim. Cismən o vəzifədə olsam da, içimdəki hislər- mənən tetara doğru qaçırdı. Məni səhnəyə elə bir qüvvə çəkir ki, mən onu heç kəsə izah edə bilmirəm. Bəzən dostlarım sosial şəbəkələrdə yayımladıqları şəkilləri görəndə lap hədsiz darıxırdım. Hətta elə olub ki, mən səhnə üçün ağlamışam.
 

- İndiki mətbuatdan razısınız?
 

- Əvvəla çox sağolsunlar ki, biz aktyorlara diqqət yetirilər. Həmişə mətbuatın və televiziyanın qayğısını hiss etmişik. Ancaq müəyyən insanlar var ki, məqam axtarırlar ki, kiminsə dediyi sözü özlərinə sərf edəcək qaydada yazsınlar və “qara piar” yaratsınlar.

Aktyorun “anasın ağlatmasınlar”. Aktyor nəyi deyirsə, həmin xəbəri və ya hadisəni olduğu kimi yazsınlar. Belə deyək də sensasion xəbərlər yayımlamaqla öz xeyirlərinə iş görmək istəyirlər. Ancaq qətiyyən bu məsələdə aktyoru düşünmürlər. Elə sizinlə müsahibəmiz vasitəsi ilə üzümü bütün mediya əhlinə tutub deyirəm: “Əziz bacılarım və qardaşlarım bu cür insanlığa yaraşmayan addımlar atmayın. Biz aktyorlar sizə inanıb sizinlə müsahib olmağa razılıq veririk. Sizə olan etimadımızı doğruldun ki, yerli mediyaya bizim inamımız daha da artsın.”

Xəbər portallarının birində məndən müsahibə almışdılar. Mən bəzi etirazlarımı etdim onlara. Qardaşımız məsələyə cavab olaraq mənə deyir ki, müsahibəni “Rəşad Səfərovla müsahibə” adı ilə yayımlasam heç kəs oxumayacaq. Gərək biraz maraq yaradan başlıq seçim, o üzdən də sizin həmin bəyənmədiyiniz xəbər başlığını müsahibəyə vermişik. Mən də deyirəm ki, mənə çox maraqlıdır, əgər sizin üçün bu qədər maraqsızamsa o zaman niyə gəlib məndən müsahibə alırsınız?! Bu “qızıldan dəyərli” zamanınızı niyə mənə xərcləyirsiniz?!

Təbii ki, həmin xəbər portal rəhbərlik olaraq məndən cavablarını layiqli şəkildə aldılar. Ancaq belə etmək nə sənətə, nə də insanlığa yaraşır. Bütün mediya əhlinə səsələnirəm: “ Vallah aktyor onsuzda həmişə problem içindədir. Ona başqa problem yaratmağa gərək yoxdur”.
 


Əntiqə Kərimzadə