adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2023 16:33
213
SİYASƏT

Ajiotajla hazırlıq olmur - Səxavət Məmməd yazır

Xəbərdarlıq edirlər ki, hərbi maşın karvanını çəkmək, paylaşmaq olmaz. Hansı hərbi maşın karvanı? Onu mən niyə görmürəm? Bilərək və ya bilməyərəkdən erməni, bəlkə rus, bəlkə də İranın informasiya müharibəsi oyununa gəlirsiniz, sonra da xəbərdarlıq. Bunun adı "qarğa, məndə qoz var" deməkdir.

Neçə gündür camaatı gərginlik altında saxlayanlar var ki, bu gün başlayacaq, sabah başlayacaq. Hər şey cəhənnəm, qohum-əqrəbanıza, qonşunuza əsgərlər məzuniyyətə gəlir. Həm geniş miqyaslı əməliyyat anonsu verirsiniz, həm də məzuniyyətə gələn hərbçi qarşılayırsınız. Məntiq?

Demirəm, nəsə olmayacaq. Ancaq vallah, billah məlumat aldığınız adamlar vaxtı biləcək cinsdən deyil.

Bu ajiotaj nəyə və kimə lazımdır?

İran ordusu hazır vəziyyətə gətirilib. Ancaq bunu da yalnış şərh edirsiniz. İran Azərbaycan sərhədi istiqamətinə ordu cəmləyib. Silahlar Azərbaycan istiqamətə tuşlanıb. Biraz konkret olun!

İran bu addımı atmaqla nəyə nail olur? Məcburən Azərbaycan ordusu da o istiqamətə silah tuşlamalıdır. Yəni, Azərbaycan ordusu artıq 2 yox, 3 istiqamətə silah tuşlamalıdır. Bunun adı həm də qüvvələri parçalamaq deməkdir. İran olacaqların fərqindədir. Ona görə də, bilərəkdən bu addımı atır. İran kimin yanında olduğunu açıq nümayiş etdirir.

Azərbaycan İranın bu addımına məhəl qoymamalıdır. Birinci növbədə Qarabağ problemini həll etməlidir.

Vəziyyət son dərəcə gərgindir. Gərginlik artan xəttlə davam edəcək. Separatçı rejim də hazırlıq içindədir, elə Azərbaycan da.

Yaxşı edirsiniz, düz edirsiniz, ancaq ajiotajla hazırlıq olmur.