21 Fevral 2024 13:26
992
ƏDƏBİYYAT

AĞDAM ÇÖRƏK MUZEYİNDƏ

Torpaqlarımızın işğaldan azad olunmasından sonrakı ilk yaz idi. Otuz ilə yaxın isti nəfəsə həsrət qalan Qarabağım indi öz azadlığına qovuşmuşdu. Zəfər bayramından sonra dərs dediyim məktəbə, şagirdlərimlə görüşə qürur hissi ilə gedirdim. Hərazərbaycanlı kimi torpağımızın hər qarışının tarixini öyrənmək və şagirdlərimlə tanış etməyi özümə borc bilirdim. Uşaqlarla Qarabağın tarixi abidələrindən və muzeylərindən danışdıq. Dərsin sonunda uşaqların diqqətini çəkən bir muzey oldu. Üzün illərdən sonra mənim də ilk getmək arzusunda olduğum məkan Ağdam çörək muzeyi idi. Biz bu barədə rayon təhsil şöbəsinə, Təhsil Nazirliyinə məktəbimiz adından icazə almaq üçün məktub göndərdik. Nəhayət, yazın son günlərində may ayında məktubumuza cavab gəlmişdi. Həmin vaxtlarda işğaldan azad olunan rayonlara səfərlər təşkil olunmağa başladı. İlk səfərlər şəhid ailələri ilə yanaşı Ağdam əhalisinə də icazə verilmişdi. Beləliklə növbəti həftə Ağdama səfərimiz təyin olundu. Ağdam rayonu, 1 saylı orta məktəbdə sevincli anlar yaşanırdı. Sinfimiz Ağdama yola düşürdü. Bu şagirdlərin valideynləri bəlkə də doğulmamışdı, bəziləri isə elə bu uşaqlar yaşında idi, Ağdam işğal olunanda. Beləliklə yolumuz Ağdam Çörək Muzeyinədir...

Şəhərin mərkəzi ilə uzanan yolun hər tərəfindən işğalçıların əməlləri insafsızcasına törətdikləri vəhşiliklər uşaqların ürəyini ağrıdırdı. Yolboyu uşaqların sualları bitmirdi... Keçdiyimiz dərslərdən bu şəhər haqqında öyrəndikləri həqiqətlər və düşmənin törətdiyi cinayətlər idi mövzumuz.

Səyahətimizi Memarı Kərbəlayi Səfixan Qarabaği olan 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə Məscidindən başladıq. Şagirdlərə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərində yerləşən Ağdam məscidini ziyarətindən bəhs etdik.  Onu da qeyd edim ki, Prezidentimiz İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb. Bu isə bütün ağdamlılar üçün böyük sevinc və diqqət idi.

Artıq Ağdam Çörək Muzeyinə çatırdıq. Uşaqlar səbirsizliklə bu qeyri adi muzeylə tanış olmağı arzulayırdı. Bu muzey yolun kənarında iki mərtəbəli binada yerləşməsinə baxmayaraq ətrafını da özünə cəlb edərək birləşdirmişdi. Binanın üzəri milli musiqimizi və rəqsimizi ifadə edən ornamentlərlə bəzədilmişdi.  Qəribədir ki, işğalçı düşmən qüvvələrinin hücumu zamanı muzey iki dəfə mərmi zərbəsinə tuş gəlmişdir (1992-ci il avqustun 12-də və saat 16:40-da). Bu mərmilərin düşməsi nəticədə muzeyin mövcudluğuna son qoysa da, binanın üzərindəki şəkilləri olan divarı uçub, dağılmamışdı. Biz üç tərəfi dağılmış, bir binanın qarşısında uçulmuş otaqlarını xəyalımızda canlandırmağa çalışırdıq. Şagirdlər üçün maraqlı məqamlardan biri də bu muzeydə saxlanılan eksponantlar idi.  Bu muzey dünyada ikinci Çörək Muzeyi sayılır. İlk dəfə bu adda muzey Almaniya şəhərində açılmışdı və indiyə qədər fəaliyyətini davam etdirir. Adından aydın olduğu kimi bu muzeydə çörəyin müxtəlif növləri nümunə kimi saxlanılır. Həmçinin qədim avadanlıqlardan – dəyirmanlar, II əsrə aid əl dəyirmanı “kirkirə”, “çarçar” adlandırılan taxıldöyən xış, taxıldöyən lövhə, bıçaq, oraq, sərgilənib. Buradakı müxtəlif buğda növləri, taxıldan hazırlanan eksponatlar, müharibə illərində uşaqlara verilən çörək kartoçkaları, habelə buğda toxumlarından hazırlanmış Azərbaycanın xəritəsi, gələn qonaqlar tərəfindən maraqla qarşılanırdı. Muzeyin ilk qonaqları 1983-cü il noyabrın 25-də təşrif buyurmuşdu. Bu gün biz Ağdam şəhərində Azərbaycan bayrağı dalğalandıqdan sonra bu muzeyin ilk ziyarətçiləriyik. Gün günortanı keçirdi, havada Şahbulağın sərinliyi hiss olunurdu. Uşaqlar geri qayıtmaq üçün avtobusa minirdi. Bu muzeylə tanışlığımın maraqlı tarixi vardır.

Ağdam işğal olunanda mənim altı yaşım vardı. Həmin payızda mən məktəbə gedəcəkdim. Məktəbimiz təxminən bu kücələrin birində olmalı idi. Atam mənə məktəbi uzaqdan göstərmişdi. O zaman bu yollarda füsünkar bir qoxu gəzirdi. Çörəklərin ətri birbirinə qarışmışdı. Utandım atama deyim acımışam, soruşdum ki, bu yaxınlıqda nə satılır? Atam məni qucağına götürərək yolun o biri üzündən əli ilə işarə edərək, muzeyi göstərdi. Burada dünyanın ən gözəl, dadlı çörəkləri bişir – dedi. Məni maşında əyləşdirib, qaçaraq yolu keçdi. Gələndə əlində isti təndir çörəkləri vardı...

 İndi mən, atamın maşınının dayandığı həmin küçədə avtobusda şagirdlərimlə oturmuşdum. Avtobus irəlilədikçə,  həmin çörəklərin qoxusu ilə sanki qucağımda atamın bu muzeydən aldığı təndir çörəklərini bərk-bərk qucaqlamış və səbirsizliklə anamın süfrəsinə çatdıracağım anı gözləyirdim. Uşaqlar isə elə hey təsüratlarını bölüşürdü.

Bu muzeyin hələ çox qonağı olacaq. Gələcəyin memarları muzeyin təmirdən sonrakı vəziyyətindən, biznesmenləri digər ölkələrdən gətirəcəkləri nüunələrdən, siyasətçiləri oradakı xarici qonaqlardan, şairləri isə indidən qafiyə axtarırdı...

 

Aslanova Könül Məhərrəm qızı

Ağdam şəhəri, 1 saylı tam orta məktəbin müəllimi