adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Avqust 2022 12:45
817
ƏDƏBİYYAT

ADAM və adamlar - Əbülfət MƏDƏTOĞLU  yazır

Bu yanaşma müqayisəli də ola bilər

 

Hər bir adam fərd olduğu kimi, həm də şəxsiyyətdi və bu şəxsiyyət də özündə fərdi keyfiyyətlər daşıyır. Yəni bu həm fərddi, həm də fərdilik   daşıyıcısıdır. Ona görə də biz ,bəzən adam içində adam axtarırıq. Adamları bir-biri ilə müqayisə edirik. Hətta bəzən adamsızlaşırıq. Çünki bizim ruhumuzun, bizim qəlbimizin, bizim düşüncəmizin adamı yanımızda olmayanda, biz həqiqətən ,adamsızlaşırıq. Bax, onda nə qədər  toparlanmağa çalışsan da, özünü ələ ala bilmirsən. Sıxıntı, tənhalıq, ümidsizlik, ətrafa laqeydlik, daha nələr, nələr hakim olur varlığına. Səni sürüyür dalınca. Sən onu yox, o səni idarə edir...

Bütün bunlar  həyatın real səhnəsi, həm də fəlsəfəsidi. Sadəcə hərəmiz onu başqa cür  anlayır,  fərqli bucaq altında görür, fərqli də dəyərləndiririk, amma  ...obyekt isə eynidir.!  Ona görə də rəngarənglik alınır. Bu rəngarənglik fondu, bər-bəzəkdi, nəbilim hardasa, mənim düşüncəmə görə , özünə təsəllidi, gerçək isə o obyektin mahiyyətidi. Yəni insan adam balası adam deyilsə, onun sayının çoxluğu, onun təlxəkliyi, onun imkanları heç nəyi dəyişmir. Bu, şair baxışında, duyğusal adamın nəzərində belədi. Çünki  duyğu adamları alt qatlara nüfuz etməyə, insanın iç dünyasını görməyə cəhdlər  edir, ona çalışır və bəzən də görə də bilir. Özü də büs-bütünlüklə. Həmin bütünlük də kimin ADAM, kimin isə  adam olduğunu göstərir. Bax, bu məqamda...

Azərbaycan oxucusunun çox böyük sevgi və sayqıyla dəyərləndirdiyi, əzizlədiyi, xalqın şairi hesab etdiyi Ramiz Rövşənin bu mövzuda bir-birindən maraqlı şeirləri, fikirləri var. Elə günlərdən bəri içimdə dolaşdırdığım mövzunun ip ucunu da mənə məhz xalq şairi Ramiz Rövşən verdi. «NƏFƏS kitablar kitabı»nı vərəqləyirdim. Diqqətimi çəkən misralar məni həmin o adamsızlıqdan xilas olmağa, adamlı məkana qayıtmağa kömək etdi. Ramiz Rövşən yazmışdı ki:

 

Gəzər küçələri, gəzər tinləri,

Səhərdən axşama təkdi bu adam.

Fil çəkə bilməzdi o çəkənləri,

İlahi, gör nələr çəkdi bu adam!..

 

Həqiqətən də ADAM dağın da çəkdiyini çəkir, filin də çəkdiyini çəkir, dəvənin də çəkdiyini çəkir. Bir elin-obanın, bir millətin də çəkdiyini fərd olaraq çəkə bilir. Çünki o, ADAMdı! Bax, elə bu adamın gücü, dözümü, bacarığı cəlbedici olduğu qədər də düşündürücüdü. Mən də içimdə gəzdirdiyimi, xəyalımda dolaşdırdığımı məhz bu ADAMın nəzərləri ilə dəyərləndirməyə çalışıram. Həmin ADAMın gözləri ilə seyr edir, onun əxlaqı və məntiqi ilə qiymətləndirirəm və deyirəm ki:

 

Kimin səsini boğursan,

Səsi boğulası adam!

Hər gün -  cəzalılar kimi –

Ölüb, doğulası adam...

 

Həqiqətən, haqsızın-haqlını, günahkarın-günahsızı, əyrinin düzü, oğrunun halalı və sairə qəbildən olanların ittihamı heç vaxt sakit və həm də normal qarşılanmayıb. Əksinə o ADAMlarda qıcıq yaradıb, nitfrət doğurub. Və bəzən hətta savaşa, çəkişmələrə gətirib çıxarıbdı. Çünki səsi boğulmalı olan, cəza almalı olan kükrəyir, bağırır, cəza verir. Bu, ən azından vicdansızlıq, Allahsızlıqdır. Təəssüf ki, zamanımızda bu, artıq adiləşmiş bir yaşamdı. Həmin yaşandan baxanda fikirləşirsən ki:

 

Ürəyi sızladı dost yarasından,

Xəbəri olmadı öz yarasından.

Uçulan evinin xarabasında

Özgəyə təzə ev tikdi bu adam.

 

Görün insan, yəni həmin o ADAM nəyə qadirdi, nəyi bacarır, nəyin altına çiyin verir. Bunu görə bilsəniz, ən azından ADAMlıq duyğularınız oyanacaq   və  sizi də oyadacaqdır.  Təəssüf ki, bu həmişə arzu olur, istək olur. Elə arzu və istək kimi də qalır. Olsa-olsa yüzdən biri bu missiyanın daşıyıcısına çevrilə bilir. Yumşaq desək özünü bu oda atır. Onda da verilən qiymət, göstərilən münasibət öz alabəzəkliyi ilə sıxıntı yaradır və mən bu sıxıntının içərisində deyirəm ki:

 

Yoxdu oxşarın, tipin də

Qandı qatlanan cibində.

Üzünə quyu dibində –

Enib, baxılası adam.

 

Harda olmağından, hansı  işi görməyindən asılı olmayaraq ADAM hər zaman diqqət çəkib. Və o diqqət içdən gəlibsə, səmimi olubsa, bu ADAM üçün mükafat sayılıb. Əksinə olanda isə həmin o baxış nöqtəsində  bu işin sahibi kiçilib və olub adam.  Bunun bariz nümunəsi həyatımızda yetərincə var. Var olanı görmək həm insanlıqdı, həm də həyata münasibətin qiymətləndirilməsidir. Amma neyləyək ki, yaxınlaşdıqca, az qala nəfəsini üz-gözündə duymaq nöqtəsinə gəlib çatana qədər  içi görünməyən manqurtlaşmış, maskalanmış adamlar diqqəti, duyğuları çəkir və aldadır. Bu aldanış həm sınmaqdı, həm də ağrımaqdı. Mən də bunu yaşamış, bunu duymuşlardan biri kimi öz-özümə pıçıldamışam:

 

Gizli, həm aşkar çalışıb,

Tor qurub, küfür danışıb,

Özü özündən alışıb –

Yanıb-yaxılası adam.

 

Öz dünyası olan və o dünyada da özünü həm mütləq hakim, həm də sıravi bəndə hesab edən ADAM-ın  ətrafa ötürdüyü impulslar o zaman qəbul olunur ki, o hakimliklə sıravi bəndəlik eyni çəkidə, eyni ölçüdə, eyni tutumdadı. Bərabərlik ortada olduğundan nə şübhəyə yer qalmır, nə yanılmağa, nə də digər hansısa fəsadlara. Bax, xoşbəxtlik də, yəni bir ADAM olaraq qazanılan sayqı da, diqqət də həmin o bərabərliyin üstündə qurulan uca bina kimidi. Bünövrəsi, özülü möhkəm olduğundan həm diqqətdədi, həm də hər kəs üçün doğma    və  arzulanandır. Təbii ki, diqqət və doğmalıq özü-özündən yaranmır. Onu məhz həmin ADAMın böyük ürəyi, böyük əxlaqı yaradır. Bu mənada ADAM özü-özüylə danışanda, özü-özünə baxanda, özü-özünü kənardan izləyəndə sıxılmır. Nə gözlərini gizləmir, nə də özü gizlənmir. Çünki:

 

Bu gün o adamı gördüm güzgüdə;

Yox-yox, mən deyiləm,

yox-yox, özgədi!..

İlahi, gör məni necə gizlədib,

elə güzgüdə də təkdi bu adam...

 

Bəli, barəsində danışdığım, daha doğrusu, fikrimdə dolandırdığım adama gedən yolda Ramiz Rövşənin ADAMı təkcə yol nişan verən, səmt göstərən olmadı. O həm də tərəzinin bir gözündə dayanıb, ADAMı göstərdi. Və mən yaxınlaşıb o ADAM-la  göz-gözə dayandıq. Susub üzümə baxan o ADAMın mənə dediyi bu oldu ki, «Səni rahatsız edən sənin və sənin timsalında cəmiyyətin yerində oturtmadığı, yerini göstərmədiyi adamlardır!».

Onunla razılaşdım və bu qənaətə gəldim ki:

 

Qarşısına çıxılacaq,

Dar bir küncə sıxılacaq.

Bir gün özü yıxılacaq,

Hər gün yıxılası adam!

 

Mən sizinlə xalq şairi Ramiz Rövşənin bir şeirinin verdiyi imkan, yaratdığı şərait hesabına ADAM və adam barəsində fikirlərimi bölüşdüm. Bilmirəm, yanaşmam nə qədər doğru və ədalətlidi, amma dəqiq bildiyim budur ki, dünyada həqiqətən ADAM və adamlar var. Allah bizi ikincilərdən, yəni adamlardan qorusun.