adalet.az header logo
  • Bakı -°C

Abzeron və ya Əfzaran?

13836 | 2007-08-01 11:37
A- A+
Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazıb: "Şirvan vilayəti şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə İlisu nahiyyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kür və Tabasaran nahiyyələrini Qazıqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. Şirvan Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər, təqribən 39-42-dərəcəyə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşaran burnuna qədər 64-68-dərəcəyə qədər şərq uzunluq dairəsi üzərində vaqedir".
   
    Şirvan vilayəti də avşarların qədimdən yaşadığı məskənlərdən biridir. Bu vilayətin Abşeron bölgəsi avşarların yurdudur.
   
   Abşeron Azərbaycan Respublikasının şərq hissəsində, Xəzər dənizi sahilində yarımadadır.
   
   Ərazisində geniş yayılmış şor göllərdən qədimdən bəri duz çıxarıldığına görə Abşeronun farsca "Şor sular", "Şor göllər" mənasında olması güman edilir. Bəziləri "Abşeron" sözünün farsca "abşirin", yəni "Şirin su" mənasında olması fikrini irəli sürürlər. Bir sıra mülahizəyə görə, vaxtilə bu yerdə yaşayan Avşar tayfasının adını daşıyır. Həmin tayfanın Əfşaran adlı şəhərdə yaşaması güman edilir. (Bax: Nəbi Nəbiyev. Coğrafi adlar, izahlı lüğət, Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1982, səh. 6).
   
   Orda yazılır ki, əfşar türkmən qəbilələrinin birinin adıdır. Orta əsrlərdə Xəzər dənizinin qərb sahəsində Pirallahı adasının qarşısında mövcud olmuş Əfşaran şəhəri həmin qəbilənin adını daşımışdır.
   
   Tədqiqatçılar göstərirlər ki, mənası məchul coğrafi adın mənşəyini müəyyən etmək üçün birinci növbədə onun qədim yazılışını (transkripsiyasını) əsas göstərmək lazımdır.
   
   Məşhur Azərbaycan coğrafiyaşünası Qafur Rəşad Mirzəzadənin 1920-ci ildən əvvəl çap etdirdiyi bir xəritədə Abşeron adı Əfşaran şəklində yazılmışdır ki, bunun mənası Əfşarlar yaşayan yer deməkdir.
   
   Xəzər dənizinin Azərbaycan sahilində bu tipdə coğrafi adlar az deyildir. Muğan, Salyan, Şabran, Nabran və s. adların birinci hissəsi tayfa adı ilə bağlıdır, "an" isə fars dilində cəm şəkilçisi olub toponomiyada "yer", "məkan", yaşayış məntəqəsi məfhumunu bildirir.
   
   Bakı yaxınlığında İrandan Dərbəndə gedən karvan yolunun üzərində Əfşaran adlı bir yaşayış məntəqəsi olmuşdur. Sonra bu ad rus yazısına keçirilərkən "Ə" əvəzinə "A" "F" əvəzinə "P" yazılmış, lakin Apşaran demək olar ki, bir qədər çətin olduğundan Apşeron şəklində yazılmışdır. Daha sonra da ruscadan Azərbaycan yazısına keçirilərkən "ap" "ab" zənn edilmiş (su mənası verdiyi üçün) və "ab" şəklini almışdır.
   
   Ünlü Azərbaycan toponimçisi Rəmzi Yüzbaşov da bu məsələ ilə məşğul olmuşdur. O, belə hesab edir ki, yaşayış məntəqəsinin ilk adı Əfşaran olub. Bu məntəqə rus xəritəsinə salınanda hərflərin yeri dəyişilmiş, Əfşaran əvəzinə xəritəyə Apşeron yazılmış və "Apşeron" meydana çıxmışdır.
   
   Əfşaran adının geniş bir əraziyə verilməsi onun vaxtilə mühüm bir məntəqə olduğunu göstərir.
   
   Köhnə xəritələrdə olan Abşeron burnu, Abşeron dağı adları da Əfşaran şəhəri adından almışdır.
   
   Beləliklə, Şirvanda, Bakı zonasında avşarların adı ilə bağlı dörd obyekt vardır. Əfşaran şəhəri, Əfşaran yarımadası, Əfşaran burnu, Əfşaran dağı.
   
   Tanınmış tarixçi Sara Aşurbəyli 1964-cü ildə çap etdirdiyi "Bakı şəhəri haqqında oçerklər" kitabında göstərir ki, Əfşaran şəhərinin mövcud olduğu yerə indi də Əfşaran deyirlər.
   
   Bu yaşayış məntəqəsinin qalıqları haradadır?
   
   Tarixçilərimizin və arxeoloqlarımızın bu suala cavab verəcəyini ümid edirik (Bax: Yüzbaşov.R. Əliyev, Sədiyev Ş. Azərbaycan coğrafi adları kitabı, Bakı, 1972).
   
   1999-cu ildə Abbasova M.Ə, Axundov A.A, Babayev T.A, Qasımlı S.N. Qeybullayev Q.Ə. - cəmi 16 müəllif tərəfindən hazırlanmış, Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya birliyi tərəfindən hazırlanmış Azərbaycan toponimləri ensiklopedik lüğət kitabında yuxarıda göstərilən fikirlər bir daha təsdiq və təkrar olunmuşdur. Orda həmçinin göstərilir ki, səyyah Con Bell 1718-ci ildə Azərbaycanda olarkən yol qeydlərində Niyazabaddan (indiki Xaçmaz rayonu Niyazovaya kəndi) şərqə iki günlük məsafədə yerləşən Abşeron sahəsi haqqında məlumat vermişdir. Tədqiqatçıların fikrincə, həmin şəhər XVI əsrdə salınmışdır.
   
   Həmin lüğət kitabında da bildirilir ki, toponim türkdili avşar tayfasının adından və məkan bildirən an şəkilçisindən ibarət olub avşarlar yaşayan yer mənasındadır. Əfşarlar haqqında ilk dəfə Mahmud Qaşqari (XI əsr) məlumat vermişdir. Əfşarlar türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. (Bax: Azərbaycan Toponimləri Ensiklopedik lüğət, Bakı, 1999, səh.40)
   
   Tədqiqatçı Seyran Vəliyevin "Qədimdən qədim Azərbaycan" kitabının 29-cu səhifəsində göstərilmişdir ki, Abşeron yarımadasının şərq sahillərində 1949-cu illərdə arxeoloci qazıntılar aparmış İ.M.Cəfərzadə yazır ki, yerli əhali boğazın burnunda yerləşən Gürgan şəhərciyini Əfşaran adlandırır. Etimologiyası avşarların adı ilə bağlıdır. Azərbaycan Sovet Ensiklopediyasının 1 cild, 30-cu səhifəsində göstərilir ki, "Abşeron" ifadəsinə X/III əsrin əvvəllərində rast gəlmək olur. "Abşeron" sözünün mənşəyi haqqında bir neçə ehtimal var. Bəziləri bu adın "Əfşaran" sözündən (sonralar təhrif edilərək "Apşeron, Abşeron") yarandığını və Əfşarlar ilə əlaqədər olduğunu göstərirlər. Digərləri isə "Abşeron"un farsca ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiyini güman edirlər.
   
   Beləliklə, müxtəlif mənbələrdən gətirdiyimiz faktlar sübut edir ki, Abşeron avşarlar məkanıdır.
   
   
  • Aprel:
  • 24

TƏQVİM / ARXİV