adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 10:00
75
İQTİSADİYYAT
A- A+

Demokratların qələbəsindən sonra ABŞ-nin iqtisadi siyasətində ciddi dəyişiklik gözləmək olarmı? 

“Məncə, yaxın iki ildə böyük dəyişiklik gözləməyə dəyməz. Çünki prezident yenə də Trampdır və iqtisadi siyasətin bir çox istiqamətində qərar vermək səlahiyyəti onun əlində qalır.Amma əvvəlki vəziyyət də olmayacaq. Məsələn, Tramp yeni vergi güzəştləri tətbiq etmək, dövlət xərclərini artırmaq və yaxud böyük iqtisadi proqramlar həyata keçirmək istəsə, demokratların razılığını almalı olacaq. Demokratlar isə onun bu təkliflərinin qarşısını ala biləcəklər”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

“Əksinə, demokratlar Trampın indiyədək həyata keçirdiyi iqtisadi siyasəti dəyişmək istəsələr, prezident həmin qanunları imzalamaya bilər. Deməli, tərəflər bir-birinin yeni təşəbbüslərini dayandıra bilər, amma öz istədiklərini də asanlıqla həyata keçirə bilməzlər.Xarici ticarətdə isə vəziyyət bir qədər fərqlidir. Trampın başqa ölkələrdən gətirilən mallara əlavə gömrük rüsumları tətbiq etmək üçün geniş səlahiyyətləri qalır. Ona görə də Çin, Avropa və digər ölkələrlə ticarət münasibətlərində əvvəlki siyasətin davam edəcəyi gözlənilir.Amma dünya iqtisadiyyatı üçün müəyyən dəyişikliklər mümkündür. ABŞ-ın dövlət xərclərinin artması çətinləşə bilər. Bu, ölkənin borcunun daha sürətlə böyüməsinin qarşısını müəyyən qədər ala bilər. Digər tərəfdən, büdcə ilə bağlı razılığın əldə olunmaması dövlət qurumlarının işinə və iqtisadi fəallığa mənfi təsir göstərə bilər. Neft bazarındakı vəziyyətisə yenə də Yaxın Şərqdəki müharibənin və ABŞ-ın xarici siyasətindən asılı olacaq”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN