adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 10:54
73
SİYASƏT
A- A+

“Son 12 ayda 112 ölkədə 3 milyon 200 mindən çox etiraz aksiyası qeydə alınıb...”

“Dünya həqiqətən də qaynayır və 2025-2026 son 20 ilin yox, son 100 ilin ən etirazlı dövrüdür. Rəqəmlə danışaq, fəlsəfə sonraya qalsın. ACLED beynəlxalq münaqişə bazası deyir: son 12 ayda 112 ölkədə 3 milyon 200 mindən çox etiraz aksiyası qeydə alınıb. Bu rəqəm 2011-ci ildə Ərəb Baharında 1.4 milyon idi. Yəni ikiqat artıb. Carnegie Endowment deyir təkcə 2025-ci ilin iyunundan 2026-cı ilin oktyabrına qədər 65 ölkədə hökumət ya devrilib, ya baş nazir istefa verib, ya da erkən seçkiyə gedib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, bu isə artıq sunamidir:

“Edelman Trust Barometer 2026 hesabatı isə dibi göstərir: dünyada insanların hökumətə inamı 36%, mediaya inamı 42%, böyük biznesə inamı 39%. Son 25 ildə belə aşağı rəqəm olmayıb. İnsan artıq dövlətə yox, küçədəki yanındakına inanır. Dünya hara gedir? İndi eyni anda 4 inqilab dalğası bir-birinə qarışıb gedir. Ayrı-ayrı baxanda fərqli ölkə, fərqli şüar görürük, amma kökü eynidir. 1. Z inqilabları - "Siz çalıb-çapanda biz işsizik" nəsli: Nepal, Mərakeş, Keniya, Filippin, İndoneziya, Madaqaskar, Peru... Siyahı hər həftə uzanır. Səbəb eynidir, korrupsiya + bahalıq + TikTok-da hər şeyi görmək. Və ictimaiyyət özündən çıxıb.Nepalda nə oldu? Hökumət sosial medianı bağladı, 19 yaşlı 3 uşaq güllələndi, 72 saata parlament yandırıldı, baş nazir helikopterlə qaçdı. Niyə? Çünki Nepalda orta yaş 24-dür, işsizlik 23%-dir, amma nazirlərin uşaqları Instagram-da Dubayda yaxtadan paylaşır. Gənclər buna "nepo baby" deyir. Çox böyük qınaq doğurdu gənclər arasında. Mərakeşdə nə oldu? Səhiyyə çökdü, Agadir-də 8 qadın doğuşda öldü, dövlət xəstəxanalarında tomoqrafiya yoxdur. Gənclər "GenZ212" adı ilə 107 şəhərdə eyni anda çıxdı. Şüarları: "Stadion yox, xəstəxana istəyirik" - çünki hökumət Dünya Kuboku üçün 5 milyardlıq stadion tikirdi. Keniyada hələ 2024-də vergi qanununa qarşı başlayan etiraz 2026-da davam edir. Filippində daşqın pullarını oğurlayan məmurların villaları ifşa olundu. İndoneziyada millət vəkillərinə ayda 3000 dollar mənzil pulu verildiyi ortaya çıxdı, camaat parlamentə girdi. Elmi fakt nə deyir? Beynəlxalq Əmək Təşkilatı deyir: dünyada 15-24 yaşlıların 23.2%-i NEET-dir - yəni nə təhsildə, nə işdə, nə təlimdə. Bu, 1950-ci ildən bəri ən yüksək rəqəmdir. Eyni nəsil tarixdə ən savadlı nəsildir - ali təhsil alanların sayı 2000-ci ildən bəri 2 dəfə artıb. Yəni daha çox oxuyub, daha az qazanır. Bu ziddiyyət inqilabın benzinidir deyəsən”.

Vasif ƏLİHÜSEYN