adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2026 11:24
114
SİYASƏT
A- A+

“Dünyanın əsas hərbi gücləri daha genişmiqyaslı münaqişəyə hazırlaşırlar” 

“NATO-nun Rusiya ilə mümkün hərbi münaqişə üçün hazırladığı ətraflı fəaliyyət planı "NATO-nun Quru Qoşunları Döyüş Konsepsiyası" adlanır. Onun birinci mərhələsində Rusiyanın hava, raket və pilotsuz uçuş aparatı (PUA) imkanlarının zərərsizləşdirilməsi prioritet təşkil edir və xüsusi diqqət Kalininqrad bölgəsindəki hədəflərə yönəldilir. Bundan əlavə, robot və PUA sistemlərindən istifadə etməklə Rusiya və Belarusla sərhədlər boyunca "muxtar zona" yaratmaq planlaşdırılır”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, növbəti mərhələ Rusiya ərazisindəki hərbi logistika infrastrukturuna zərbələr endirilməsini nəzərdə tutur:

“Bu mərhələnin hədəflər siyahısına aerodromlar, hərbi istehsalat obyektləri, körpülər və dəmir yolu stansiyaları daxildir. Rusiyanın NATO planına cavab addımlarını nəzərdə tutan fəaliyyət planı işə daha əvvəldən mövcuddur. Təbii ki, bu plan mövcud reallıqları nəzərə alaraq müəyyən dəyişiklikləri nəzərdə tuta bilər. Kremlin indiki vəziyyətdə birbaşa müdaxilə ilə ikinci cəbhə açması real görünmür. Amma NATO üçün vəziyyət daha əlverişlidir”. 

Hərbi ekspert bildirib ki, Rusiya hazırda Ukrayna cəbhəsində böyük resurslar cəlb edib, silah arsenalı kifayət qədər zəifləyib: 

“Müharibələrin genişlənməsi Rusiyanın şəxsi heyət çatışmazlığı problemini daha da kəskin vəziyyətə gətirə bilər. Bu isə Kremlin səfərbərlik elan etməsi ilə nəticələnə bilər. Odur ki, Rusiya ilə mümkün hərbi münaqişə üçün hazırlanan "NATO-nun Quru Qoşunları Döyüş Konsepsiyası" yalnız Ukrayna müharibəsi ilə paralel olaraq tətbiq olunarsa, ilkin mərhələdə gözlənilən nəticəni verə bilər. Rusiyanın strateji məğlubiyyətə məruz qalması isə dünyanın ikinci dəfə, amma daha dəhşətli nüvə silahından qarşılıqlı istifadə ilə qarşı qarşıya qalmasına səbəb ola bilər.İstənilən variantda isə yaxın illərdə dünyada sabitlik gözlənilmir. Əksinə müharibə və münaqişələrin sayı artacaq, miqyası da genişlənəcək”. 

Vasif ƏLİHÜSEYN