48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir.
Adalet.az-ın məlumatına görə, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi artıq yekunlaşaraq qalibləri müəyyən olunub.
Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazılsa da, ümumilikdə 20 nəfər qalib seçilib.
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ”Azərpoçt ”MMC və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 2 nəfərin hər birinə 200 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 4 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 6 nəfərin hər birinə 100 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 8 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunub.
Mərasimdən öncə isə şagirdlər, onların valideynləri və müəllimləri "Azərpoçt” MMC-nın mərkəzi binasında və "Şəbəkə” xidmət mərkəzində ekskursiyada olublar.
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur.
Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt ittifaqı” jurnalında çap olunur.
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir.
Qeyd edək ki, mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.
Xatırladaq ki, "Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.