adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Fevral 2023 09:00
2627
LAYİHƏ

44 günlük savaşda qələbəmizin sirri

Azərbaycan zaman-zaman öz gücünü və qüdrətini bütün dünyaya göstərib. Çünki o, həmişə beynəlxalq hüquqa, beynəlxalq qanunlara çox hörmətlə yanaşıb. Düz 30 il ölkəmiz BMT-nin 4 qətnaməsinin icrasını gözlədi. Və bu 30 ildə bir dəfə beynəlxalq təşkilatlar hərəkətə gəlib Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə heç bir köməklik göstərmədilər. Sadəcə olaraq ATƏT adlı qurum Bakıya və Yerevana gəlib getdi, 30 ildə bir daşı-daş üstünə qoymadı. Əksinə, o qətnamənin icrası əvəzinə, erməniləri müdafiə elədi və 30 il vaxt uddular.

Təbii ki, bu ədaldətsizliyə və haqsızlığa Azərbaycan dözə bilməzdi. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın haqq işi dünyaya çatdırıldı. Beynəlxalq kürsülərdə və mötəbər yerlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu haqsızlığı, hətta BMT-nin iclasında belə dünya ictimaiyyətinə çatdırdı. Beynəlxalq qurumlar və dünya ictimaiyyəti isə 30 il susdu, ancaq boş vədlər və sözlərlə bizi aldatmaq istədi.

Təbii ki, Azərbaycanın da səbir kasası vardı və bu səbir kasası artıq zaman-zaman daşmağa başlayırdı. Erməni işğalı uzun sürə bilməzdi. Hansı ki, onun havadarları bəlkə də 50 il, 100 il işğal altında olan torpaqlarımızı bir az da nəzarətdə saxlamaq istəyirdilər.

Amma zaman gəldi və o zaman Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ciddi addım atdı. Çünki ermənilər artıq atəşkəsi tez-tez pozur, sərhədyanı yaşayış məntəqələrini atəşə tuturdular. Buna isə dözmək olmazdı. Ən azından ona görə ki, Azərbaycan daha 90-cı illərin əvvəlindəki ölkə deyil, siyasi, iqtisadi və hərbi cəhətdən çox qüdrətli dövlət idi.

2020-ci ilin sentyabrın 27-də ikinci Qarabağ savaşı başladı. Bu savaş adi savaş deyildi. Çünki uzun illər artıq Azərbaycan bayaq dediyimiz kimi, öz hərbi gücünü daha da möhkəmlətmiş, ordunu ən müasir texnikalarla, silahla təchiz etmişdi. Ali Baş Komandan bu böyük savaşa başlayanda ilk növbədə Azərbaycan xalqına, Azərbaycan Ordusuna və Azərbaycan əsgərinə güvənirdi. Bu güvənc də təsadüfi deyildi.

Çünki Azərbaycan xalqı da öz uzaqgörən, müdrik və dünya şöhrətli siyasətçisi Prezident İlham Əliyevə güvənirdi. Deməli, ermənilərin hər bir hücumunu dəf etmək o qədər də çətin deyildi.

Savaşın ilk günündə ermənilərin Füzulidəki və Cəbrayıldakı müdafiə mövqeləri darmadağın edildi. Elə həmin gün 5 kənd erməni işğalından azad olundu.

İkinci qarabağ savaşının ən ağır günlərində mən də bir jurnalist kimi füzuli və cəbrayıl istiqamətində oldum və orda azərbaycan ordusunun, azərbaycan əsgərinin necə döyüşdüyünün, mücadilə apardığının və torpaqlarımızı azad edərkən hansı sevinci yaşadığının şahidi oldum. Mən şahidi oldum ki, müharibənin ilk günlərindən ordu ilə yanaşı azərbaycan xalqı da ayağa qalxdı.

Hamı bir nəfər kimi bu vətəni, bu ölkəni, bu dövləti qorumağa başladı. İnanın, minlərlə insanlar Füzulidəki Müayinə Mərkəzinə axışır, orda yaralı əsgərlərimizə kömək göstərir, onlara isti paltar, ərzaq, siqaret gətirirdilər. Hətta kalonla hərəkət edən Azərbaycan əsgərlərinin maşınlarına ərzaqlar, qida məhsulları, geyim əşyaları, sular atırdılar. Azərbaycan əsgəri isə çox böyük sevinclə, çox böyük məhəbbətlə bu hədiyyələri qəbul edir və onlara əl eləyirdilər. Mənim də yanımda bir qutu - yəni 20 ədəd siqaret var idi. Həmin siqareti hərbi maşında əyləşib döyüşə gedən əsgərlərə verdim. Hamısı bir ağızdan "Əmi, çox sağ ol!" - dedilər. Mən isə dilləndim: "Çox sağ ol bizə yox, sizə düşür. Siz burdan döyüşə gedirsiz və bir neçə saatdan sonra səngərdə düşmənlə üz-üzə vuruşacaqsınız. Allah sizi qorusun!"

Bu sözləri deyəndə sonra kövrəldim. Xanımım da yanımda idi. o da kövrəldi və Azərbaycan əsgərinin hər birinə xanımım dualar oxudu. Dedi ki, oğul, Allah sizi qorusun!

Azərbaycan çox qısa müddətdə - yəni 44 gündə tarixdə çox nadir hadisə olan bir qələbəni əldə elədi. Unikal və möhtəşəm bir hərbi əməliyyat keçirdi.

Az itki ilə işğal altında olan torpağımızın böyük bir hissəsini azad elədi və sonradan ermənilər məcbur olub təslim aktına imza atdılar. Bu isə o demək idi ki, onlar müəyyən olunmuş tarixdə Ağdamı, Laçını və Kəlbəcəri azad etməli idilər. Ağızları nə idi azad etməsinlər.

Azərbaycan Prezidenti və Azərbaycan Ordusu erməni prezidenti və erməni ordusunun ağzını cırıb qoymuşdu qulağının dibində. Çünki onlar çox şey itirə bilərdilər. Xankəndini saxlamaq üçün dizini atıb yerə yalvardılar, Rusiya Prezidenti Putini minnətçi göndərdilər. Gərək bu tarixi an və məqam ermənilərin yadından çıxmaya. Belə ki, bu möhtəşəm döyüş yenə başlasa, onlar nəinki Xankəndini, eləcə də Göyçəni, İrəvanı itirəcək və bir dövlət kimi tarixdən silinəcəkdir.

Bu qırılmışın bir ağıllı adamı və ziyalısı yoxdu ki, onları başa salsın, desin ki, ay bala, müharibə ritorikasından, hapdan-gopdan əl çəkin, adam olun, adam kimi yaşayın. Əksinə, onların dövlət rəhbərləri də, xaricdəki erməni lobbisi də xalqa düz yol göstərmir, onları müharibəyə təhrik edir, aclıq və yalavaclıq içində yaşayan xalqı fəlakətə sürükləyir.

Bu gün dünyanın bir çox ölkələrində və Avropa ölkələrində Azərbaycanın 44 günlün İkinci Qarabağ savaşında qələbəsinin sirləri öyrənir. Çünki bu unikal və tarixi əməliyyat dünya hərb tarixinə qızıl hərflərlə yazılıb. Bizim qələbəmizin ən böyük sirri ondan ibarət idi ki, ölkəmizin İlham Əliyev kimi müdrik, uzaqgörən Ali Baş Komandanı var.

O, təkcə Qarabağ savaşında gedən müharibəyə komandanlıq eləmirdi. Həm də ideoloji müharibəyə komandanlıq edirdi. Xaricdən ölkəmizə göndərilmiş və maliyyə dəstəyi verilmiş jurnalistlərlə yüksək səviyyədə danışmaq, onları cavablandırmaq, çox səbirlə və təmkinlə hər bir hay-küy yaradan suala dəqiq, ədalətli və obyektiv cavab vermək ancaq Prezident İlham Əliyevə məxsus ola bilərdi.

Çünki cənab Prezident bu öyrədilmiş jurnalisti hər birinin psixologiyasını, dünyagörüşünü, səviyyəsini və kimə qulluq elədiyini çox yaxşı bilirdi. Bax, bizim İkinci Qarabağ savaşında qalib gəlməyimizin əsas səbəblərindən biri cənab Prezidentin dünyaya nümunə olan bu məziyyətləri idi.

Əlbəttə, ikinci sirr ordunun gücü, hərbi texnikalarımızın müasirliyi və əsgərlərimizin döyüş ruhunun yüksək olması ilə əlaqədar idi. Çünki cənab Prezident də dəfələrlə çıxışlarında bəyan edib ki, bizim qələbəmizin əsas səbəbkarı Azərbaycan Ordusu və Azərbaycan əsgəri idi. Çünki onlar aslan kim vuruşurdular. Aslan kimi vuruşdular və aslan kimi də torpaqlarımızı azad elədilər. Qələbəmizin üçüncü səbəbi o idi ki, Azərbaycan xalqı Prezidentin və ordunun ətrafında bir yumruq kimi birləşdi.

Müharibənin ilk günündən qələbəyədək Prezidentimizi və ordumuzu ruhlandırdı. Hətta iki oğlu şəhid olan ata belə ruhdan düşmədi. Dedi, mənim özüm də əlimə silah alıb döyüşməyə hazıram. Bax, budur Azərbaycan xalqı və Azərbaycan dövləti və heç kəs bu gün bizə xox gəlməsin. Nə İran, nə Ermənistan, nə də Fransa bizi qorxutmasın. Lazım gəlsə, yenə Azərbaycan Prezidenti, Azərbaycan Ordusu və Azərbaycan xalqı bir yumruq kimi birləşəcək, o yumruğu düşmənin başına elə vuracaq ki, qiyamətə qədər düşmən bir də ayağa qalxa bilməyəcək.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.