adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Oktyabr 2021 14:32
1014
MƏMLƏKƏT

44 gün > 200 ildən Qələbəyə aparan “Dəmir yumruq”

Dünyaca məşhur, əsərləri 100-dən çox ölkədə çap olunmuş qazax şairi Oljas Süleymanovun "Gün var əsrə bərabər” əsəri haqqında yəqin ki, çoxlarının məlumatı var, ən azı əsərin adını eşidib. Həqiqətən də bəzən millətin tarixində elə günlər olur ki, əhəmiyyəti baxımından illərə, qərinələrə, əsrlərə bərabər tutulur. Qeyd etməyə hazırlaşdığımız 44 günlük Qarabağ savaşının gətirdiyi 8 noyabr tarixi məhz belə əzəmətli günlərdəndir. 200 il əvvəl 

Çar Rusiyasının himayəsi altında əzəli Azırbaycan torpağı İrəvan mahalında dövlətcik kimi yaranan və sovet imperiyasının məkrli siyasəti ilə zaman-zaman gah qanlı qətllər, gah "qardaş xalqlar” devizi altında Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməklə dövlət statusu qazanan Ermənistana nəhayət ki, yerini göstərmək mümkün oldu. 200 illik işğala 44 gün ərzində son verildi. Və bunu (qana batmış dişini sındırmaq da demək olar-M.M) bədnam qonşudan daima ziyan çəkmiş Azərbaycan dövləti, xalqı, onun rəşadətli ordusu, Ali Baş Komandanı reallaşdırdı. İşğalın davam etdiyi son 30 ildə "məğlubedilməz ordu” mifi yaratmış Ermənistan müharibənin rəmzinə çevrilmiş "Dəmir yumruq”la qısa müddətdə şanlı Azərbacan əsgərinin qarşısında diz çökdü, pərən-pərən oldu, keçilməz istehkamlar darmadağın oldu.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək modern orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə sərgilədiyi yüksək peşəkarlıq və qəhramanlıq xalqımızı həsrətlə gözlədiyi və inandığı qələbəyə apardı, qisas qiyamətə qalmadı, Xocalı qatillərinin əksəriyyəti döyüş meydanında gəbərdildi. Hələ illər önca Ümummilli Lider H.Əliyev deyirdi ki, güclü iqtisadiyyatı olan dövlətin güclü də ordusu olar. 1994-cü ilin 20 sentyabrda xarici şirkətlərlə imzalanmış "Əsrin Müqaviləsi” də məhz bu amala xidmət edirdi. Həmişə olduğu kimi böyük siyasi xadim bu fikrində də yanılmamışdı. Məhz neftdən gələn gəlir hesabına cənab Prezident İ. Əliyev ordunu ən son model silah və sursatla təchiz edə bildi ki, bu da düşmən üzərində qələbə çalmağımızda həlledici rol oynadı. 

30 il BMT-nin 4 qətnaməsinə məhəl qoymayan, bəlli dövlətlər tərəfindən himayə edilərək işğalı sürdürən Ermənistan cəmi 44 günə qarşımızda ağ bayraq qaldırmağa məcbur oldu. 

Bəli, bütün tarixi dövrlərdə və mühariblərdə olduğu kimi Qarabağ zəfərinin də lokomativi Şanlı Ordumuz, əsgər və zabitlərimiz, memarı zaman və məkan seçimini, beynəlxalq aləmdəki real durumu düzgün qiymətləndirən, etibarlı müttəfiqlər qazanan ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev oldu. 44 günlük müharibədə cənab prezident həm sərkərdə olub döyüş tapşırıqları verdi, həm də diplomatik və informasiya cəbhəsində sözün həqiqi mənasında axına qarşı savaşdı. Azərbaycanı haqq savaşından çəkindirməyə çalışan, bəzən hədə və şantaja əl atan məlum güc mərkəzlərin faktlarla əl-qolunu bağladı, inandırıcı arqumentlərlə susdurdu. 28 il yarıtmaz fəaliyyətlə əslində münaqişəni dondurmağa çalışan, dolayısıyla erməniləri müdafiə edən ATƏT-in Minsk Qrupunu  haqlı olaraq "qapıdan qovan da” məhz O, idi.

Bəli, qısamüddətli olsa da bütün müharibələrdə olduğu kimi 44 günlük Vətən Müharibəsində 3000 şəhid verdik, minlərlə yaralı qazimiz oldu amma təsəllimiz odur ki, onların qanı yerdə qalmadı. Sanki hər azad olunan kənd uğurunda bir şəhid verdik. 44 gün sərasər xalqımız səhərləri irili-xırdalı qələbə xəbərləri ilə açdı. Bu xəbərlərin kuliminasiya nöqtəsi isə tarixə böyük hərflərlə yazılan Qarabağın baş tacı ŞUŞANIN AZAD EDİLMƏSİ barədə Ali Baş Komandanın xalqa verdiyi 8 NOYABR tarixli qələbə müjdəsi oldu. 

Deyirlər Şuşa kimindirsə Qarabağ da onundur. Şuşa bizdədir, bu isə o anlama gəlir ki, hazırda Qarabağın dağlıq hissəsində rusların qoltuğuna sığınan silahlı erməni dəstələri də gec-tez ərazini tərk etməkyə məcbur olacaq. Bunu yalnız biz yox, düşmən düşərgənin mediası, ekspertləti də açıq söyləyir.

Sevinir və qürur duyuruq ki, Vətən Müharibəsində qazanılmış tarixi qələbədə yaranmasının 103 illiyini bayram edəcəyimiz Pespublika Ədliyyəsinin qəhraman əməkdaşları da yaxından iştirak edib, kimi ön cəbhədə savaşaraq, kimi arxa cəbhədə ordumuzun təminatında rol alaraq. 

Hesab edirik ki, prezident fərmanı ilə "Zəfər Günü” kimi qeyd edilən 8 NOYABR eyni zamanda şanlı Azərbaycan hərbiçilərinin silahdaşları olan biz ədliyyə əməkdaşlarına ən böyük hədiyyəsidir.

Sonda bu əlamətdar tarixi gündə bir daha Vətən Müharibəsində şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, qalib Ali Baş Komandan İlham Əliyev cənablarına cansağlığı diləyirəm!

QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR! 

Qarabağın "cangüdəni” də "DƏMİR YUMRUQ”dur!

 

Malik Mahmudov

Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi