adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

3. MÜSİBƏT

ƏLÖVSƏT BƏŞİRLİ
17917 | 2015-03-14 01:36
Müsibət oluruq biz
Səhv düşəndə yerimiz.

Qabil

Aranda məhsul bayramına hazırlıq görülürdü. Məktəblərdə dərslərə ara verilmiş, şagirdlər, müəllimlər, sayılıb-seçilən təsərrüfatların nümayəndələri, raykomun, icrakomun, maarif və mədəniyyət şöbələrinin məsul işçiləri rayon mərkəzindəki stadiona toplaşmışdılar.
Bayramsayağı bəzədilmiş stadionun mərkəzi tribunasının önündə duran orta yaşlı, ucaboy rejissor meydan boyu sıraya düzülən məktəblilərə, idmançılara, rəqs qrupuna diqqət kəsilmişdi, O, sağ əlində qırmızı, sol əlində ağ flaq tutmuşdu.
"Diqqət, başladıq!" Mikrofondan ətrafa yayılan səslə rejissorun əllərini qoşalayıb yuxarı qaldırmağı bir oldu. O, əllərindəki flaqları dirijorsayağı hərəkət etdirdikcə mədəniyyət evinin rəqs qrupu stadionun ortasında tribunanın alt qatında ucalan qara zurnanın cəngi sədaları altında dövrə vurub məharətini göstərdi... Sonra zurna susdu. Balabanın həzin təranələri altında dümağ donlu qızlar süzə-süzə oğlanların onlara uzatdıqları pambıq kollarından "məhsul yığmağa" başladılar. Və birdən rejissorun işarəsilə məktəbli uşaqlar sanki canlı hərflərə döndülər: "Vətənə 100 min ton pambıq!"
Stadionun qarşı tribunalarında, qaçış xəttində şagirdlər və idmançılar öz məharətlərini canlı hərflərə dönməklə nümayiş etdirdilər: "Yaşasın partiya!", "Eşq olsun!", "Məhsul bayramınız mübarək!"
Alqış sədaları ətrafa yayıldı. Mərkəzi tribunada rayonun məsul işçilərinin önündə dayanan raykomun təbliğat-təşviqat şöbəsinin müdiri rejissora yaxınlaşıb təşəkkür etdi: "Rəfiq müəllim, sağ olun, çox gözəl alındı. Bir azdan birinci katib də gəlib baxacaq".
Rejissor cibindən ağ dəsmalını çıxarıb alnında, üz-gözündə puçurlanan tərini silərək gülümsündü: "Siz də sağ olun ki, köməyinizi əsirgəmirsiz. Mən məşqimi davam etdirəcəyəm, rəhbəriniz nə vaxt istəsə baxa bilər".
...Məşqin qızğın çağında raykomun təlimatçısı mərkəzi tribunanın arxa tərəfindəki pilləkəndən yüyürək qalxıb şöbə müdirinin qulağına nəsə pıçıldadı. Bənizi avazıyan şöbə müdiri dərhal yerindən qopub pillələrdən aşağı düşdü. İkiqat əyilib qara "Volqa"nın qapısını açdı. Təlimatçının ardınca aşağıya tökülüşən məsul işçilər və nisbətən xırda vəzifəlilər şöbə müdirinin birinci katiblə danışdığını görüb yaxına gəlməyə cürət eləmədilər. Kənarda quruyub başlarını böyüyün qabağında əyməklə onu "salamladılar". Onlara çəpəki nəzər salan rayon rəhbəri boğuq sifətini turşudub ləngər vura-vura yuxarı - stadionun mərkəzi tribunasına qalxdı.
Fürsəti fövtə verməyən şöbə müdiri başı məşqə qarışan rejissoru yanlayıb rayon rəhbərinin onun arxasında durduğunu bildirdi. Rejissor cəld yana çəkilib birinci katibin stadiona baxmasına şərait yaratdı və məşqinə ara vermədən əllərindəki flaqlarla dirijorsayağı hərəkətlərini davam etdirdi. Bunu görən şöbə müdirinin dalağı sancdı. O, birinci katibin xislətini yetərincə bilirdi. Gərək rejissor məşqini saxlayıb rayona təşrif buyuran qeyri qonaqlar kimi katibə bir növ təzim etməli, onun şərəfinə mədhiyyə söyləməliydi. Bu yazılmamış qaydanı heç kəs poza bilməzdi. Əlbəttə, mərkəzdən gələn ali səlahiyyət sahibləri istisna idi. Onların qarşısında katib özü müntəzir durur, elə mədhiyyələr uydururdu ki, yaltaqlan-maqda rayonda tayı-bərabəri olmayan təbliğat-təşviqat şöbəsinin müdiri də məəttəl qalırdı...
...Məşq davam edirdi. Rejissorun işarəsilə məktəblilər və idmançılar müxtəlif hərəkətləri yerinə yetirir, meydan cuşa gəlib qaynayırdı. Məşqə baxdıqca qaş-qabağı yer süpürən rayon rəhbəri birdən şöbə müdirinə sarı qanrılıb çəmkirdi:
- Nə oyunbazlıq eləyir bu, - deyə civə kimi oynaq, başı məşqə qarışan rejissora tərs nəzər saldı.
- Bağışlayın, rejissor məhsul bayramına...
Boz-bulanıq gözlərin zəhmli baxışları altında nəfəsi təngidi, sözünü tamamlaya bilmədi.
- Nə rejissor, ə?!.. Meymun kimi atılıb-düşür, hardan tapmısan bunu. Elə sənə oxşayır.
"Qoy nə deyir desin, söyür söysün, dillənən deyiləm. Heç cavab qaytarmaq olar? Məgər gözü çıxan qardaşları görməmişəm? Elə biri dağdakı kolxozun sədri. Yazığı camaatın qabağında abırdan saldı, o qədər söydü ki, axır dözməyib yalvardı: "Atamı söyməyin, təzə rəhmətə gedib". "Nə, sən mənə ağıl öyrədirsən, cavab qaytarırsan?! Gör başına nə oyun açacam sənin". Açdı da, zavallı dəmir qapının dalında yatır indi. O vaxtdan söz vermişəm özümə. Nə deyir desin, söyür söysün, ağzımı qıfıllayıram. Onda hirsi tez soyuyur. Təki indi də elə olsun, ödünü mənə töksün, rejissora ilişməsin, mədəni adamdır, sənətkar, özü də əməkdar..."
Qorxusundan başını aşağı salıb qımıldanmayan, qıpıq gözlərini yerə zilləyib ağlagəlməz təhqirlərə dözən şöbə müdirini sanki qəflətən əqrəb sancdı. Ağrıdan qıvrılıb başını qaldıranda gördüklərinə inana bilmədi. Rayon rəhbərinin qalın, sallaq dodaqları hirsindən titrəyirdi:
- Kimə kələk gəlirsən, bu nə məşqbazlıqdır, oyunbazlıqdır?!
Həyəcandan səsi titrəsə də, özünü ələ almağa çalışan rejissor nəzakətlə cavab verdi:
- Sizə izah etdim ki, mənə verilən ssenari əsasında tamaşa hazırlamışam. Özünüz də baxdınız. Neçə vaxtdır çalışıram. Yoldaşlar da görürlər, onların da xoşlarına gəlib.
- Hansı yoldaşları deyirsən, ə? Elə bunlar da sənin kimi qanırlar.
Rejissorun üzü səyridi, sakit, lakin qətiyyətlə:
- Məni bağışlayın, - dedi, - daha sizin təhqiramiz sözlərinizə dözə bilmirəm. Odur ki, gedirəm, özünüzə başqa rejissor tapın.
- Nə dedin, özbaşınasan bəyəm? Damlatdıraram səni, bildin?! Heç kəs bu rayona mənim icazəm olmadan ayaq basa bilməz, özbaşına da buradan gedə bilməz.
O, bir qədər kənarda əmrə müntəzir dayanan rayonun məsul işçilərinə barmağını silkələyib hədələdi, şöbə müdirinin təbirincə, ödünün qalanını da onların üstünə töküb deyinə-deyinə uzaqlaşdı.
Raykomun şöbə müdiri məsul işçilərlə birlikdə rejissora yaxınlaşıb dil-ağız elədi: "Dönə-dönə üzr istəyirəm, bağışlayın bizi".
Zahirən sakit görünsə də, içində qaynayan rejissor təəccüblə ona baxdı:
- Nəyə görə üzrxahlıq eləyirsiz, məgər siz təqsirkarsınız?
- Hər halda günahsız deyilik. Odur ki, təvəqqe edirik, bağışlayasız, rayonun ağsaqqalıdır, təsərrüfatlardan hirsli gəlmişdi görünür, yaman acıqlıydı.
Rejissor qara "Volqa"ya minib uzaqlaşan rayon rəhbərinin ardınca baxıb fikrə getdi: "Uzaqdır, - dedi, - çox uzaqdır".
Şöbə müdiri təəccüblə soruşdu:
- Başa düşmədim, kim, nə uzaqdır?
Rejissorun üzünə istehzalı təbəssüm qondu:
- Əlbəttə, rəhbərinizi deyirəm, uzaqdır... mədəniyyətdən, mərifətdən, ədəb-ərkandan uzaqdır, çoox uzaqdır...
O, sözünü deyib sağollaşaraq getmək istəyəndə şöbə müdiri əl-ayağa düşdü. Yalvarıb-yaxardı ki, getməsin. Üstüörtülü eyham da vurdu, yaxşı düşməz, kişi in-ciyib yuxarıya ondan narazılığını dilə gətirər.
- Heç narahat olmayın, mərkəzdə yaxşı tanıyırlar məni, sənətimə də hörmət eləyirlər, - deyə rejissor "Jiquli"sinə minib yola düşdü.
Onun rayondan incik getməyini heç kəs cürət edib birinci katibə deyə bilmədi. Şöbə müdiri səbrlə məqamını gözlədi. Kişinin "keyfinin duru vaxtında" canını dişinə tutub dilini işə saldı. Məsələdən hali olan kimi cin atına minən birinci katib dərhal telefonun qırmızı dəstəyinə əl atdı. Və xeyli dinləyəndən sonra, boğuq sifəti qaraldı, dəstək tutan əli əsdi... Başa düşdü ki, yuxarıda dayağı laxlayıb. Az sonra o özü də arxasız, naçar qalıb "mənəm-mənəm" vəzifəsiylə üzülüşməli oldu. Ancaq onu yaxından tanıyanlar yarızarafat, yarıciddi dedilər ki, yenə bəxti gətirdi. O, dağlıq rayonda böyük heyvandarlıq təsərrüfatının başçısı təyin olundu.
Adəti üzrə şahidi olduğu hadisələri özünəməxsus maraqla və incə yumorla danışan qonşum Uğur kişi təəccüblə baxdığımı sezib məsələyə aydınlıq gətirdi:
- O, bineyi-qədimdən, dədə-babadan heyvandar idi. Uşaq vaxtı məktəbə yox, quzuya getmişdi. Sonra da çoban, baş çoban, heyvandarlıq briqadiri, orden-medalar, mükafatlar, deputat, komsomol, partiyaçı. Birdən himayədarlar xəbər tutmuşdular ki, bunun heç ibtidai savadı yoxdur. Onu da "təşkil elmişdilər". Guya qiyabi qurtarmışdı orta məktəbi, institutu. Özünün yaxınlarına sirr gəldiyi kimi, yağnan, qaymaqnan, quzu kababıynan, bir sürü qoyunun puluynan attestat, diplom almışdı. "Varını verənin yolu açıq olar", - deyiblər. O da bu yolnan ağlına gəlməyən vəzifəyə "dırmaşmışdı". Nəyi çatmırdı?! Yuxarıdakı himayədarlarına nə qədər ötürsə də, var-dövləti aşıb daşırdı. Üstəlik ali orqanda deputat kürsüsü, səlahiyyət sahibi kimi hədsiz imtiyazı! Bircə çatışmayan savadı, biliyi idi, ağzını açan kimi faş olurdu. Qanmazlığından zəhər tuluğu idi zalım oğlu.
Odur ki, yuxarıdan vaxtında şahmat oyununda olduğu kimi "atla gediş" elədilər, haysız-küysüz göndərdilər heyvandarlıq təsərrüfatına. Dedilər, "partiya belə məsləhət görür". O da partiyanın əsgəri kimi əmrə müntəzir oldu. Əvvəlki vəzifəsi, rütbəsi getsə də, "zəhmətkeş" kimi deputatlığı qaldı. Hələ orden-medalları, mükafatları öz yerində. Əlbəttə, bu da elə-belə, havayı başa gəlmədi. Necə lazımdırsa, "haqqı"nı ödədi. Yığdıqlarının xeylisini vaxtında lazımi yerlərə ötürsə də, özünə qalanına şükür elədi.
Uğur kişi söhbətinin yekununda mənə zənnlə baxıb, özünün "Hikmət dəftəri"nə yazdığı şairin ibrətamiz misralarını dilə gətirdi: "Müsibət oluruq biz. Səhv düşəndə yerimiz".

(ardı gələn
şənbə nömrəmizdə)

TƏQVİM / ARXİV