17 min əlillik, 90 min pensiya işi ləğv edilibsə, saxta "qazilər" niyə hələ də var?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin canlı yayımında çıxış edib. 2021-2022-ci illərdə böyük sayda müddəti bitən əlillik işlərinin baxılmasını təmin edilməsindən xeyli söhbət edəndən sonra söz gəlib-çıxıb saxta yollarla əlillik alanların üzərinə. Nazir bildirib ki, “saxtakarların” əksəriyyəti sistemdən kənarlaşdırılıb. Onun sözlərinə görə, haqqı çatan şəxslərin əlillik dərəcəsi almasında hər hansı problem yoxdur.
Xatırladım ki, hələ 2021-ci ildə Babayev bildirmişdi ki, Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və onların hamısına imtina verilib: “Araşdırmalar aparılan dövrdə, il ərzində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əgər bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı. Başqa insanların, əlilliyi olan şəxslərin haqqına girirlərdi. Bu istiqamətdə sui-istifadə halları var idi və bunların qarşısı alınır”.
“Hörmətli nazir!
Sizə bir təklifim və bir xahişim var! Dübarə xahiş edirəm ki, bu təklif və xahişimi cavablandırasınız! Deməli, saxta əlillərin dövlətdən pul oğurlamasına qarşı mən də xeyli mübarizə aparmışam. Amma onların əlində sizin qurumun verdiyi “sənədli-möhürlü” rəsmi kağız olduğuna görə sonda onlar məndən daha güclü çıxıblar və məni yerimdə otuzdura biliblər. Halbuki həmin həriflərin çoxu əlil olmayıb, yaxud da döyüşdə yaralanmayıb. Bunu həmin “saxtaların” silahdaşları da bilir və “yerində otuzdurulmaqdan” çəkindikləri üçün səslərini salıb içlərinə dinməzcə durublar.
Təklif edirəm: 1990-cı illərdən üzü bəri müxtəlif batalyonlarda döyüşmüş vətənsevər, dürüst əsgərlər var ki, çoxu hazırda əlildir. Ölsələrdə haqqı nahaqqa verməyən oğullardı. Onları çağırın, soruşun və əslində kim “qazi” adı altında 30 ildir büdcədən pul çıxarır onların tam siyahısını dəqiqləşdirin. Mənim eşitdiyim müharibə ilə bağlı söhbətlərdə o qədər “qazi” var ki, ağacdan yıxılıb qılşı qırılıb, qarətə gedirmiş güllə dəyib, qarət etdiyi taxıl qalıb ortada... yolla getdiyi yerdə qəlpə dəyib, olub “qazi”... Belə misallardan çox çəkə bilərəm... Bax bu kimi saxtakarların siyahısı vətəni sevən, dürüst, ləyaqətli qazilərdə var!Dəvət edin quruma, danışdırın, dövlətə dəstəy olduğunu başa salın, siyahını sizə versinlər!
Xahişim isə odur ki, “yaxalanmış saxtakar qazilərin” 30 ildir yedikləri , amma layiq olmadıqları o pensiyanı zərrəsinə qədər geri alıb, bir həqiqi vətənpərvərə, əlilə yönləndirin!
Di sağ olun!”
Yeri gəlmişkən, bir neçə il əvvəl Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev dedi ki, saxta veteranlıq, eyni zamanda əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır.
Təəssüf ki, hələ də müharibənin ən qızğın vaxtı silahını atıb qaçanlar, yəni fərarilər, qarətə gedərkən erməni gülləsinə tuş gələnlər, əyri yollarla özünə "veteran", " qazı" statusu alanlar gözümüzü mazol edib!
Saxtakar "veteran və qazilər" anlamalıdırlar ki, ən azından igid oğulların boğazına şərik cıxırlar axı... Onlar saxtakarlıqlarını davam etdirdikcə, döyüşən oğullar da 80 manata möhtac qalacaqlar!
Yenə də ümidimizi üzmürük ki, günlərin bir günü saxta veteranların, saxta "veteran knijkası" üstlərində tutulacaq!
Əntiqə Rəşid