adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Sentyabr 2017 23:57
13210
ƏDƏBİYYAT

Yezidin məzarı hardadır?

Kəndimizdəki məsciddə Gülənaz nənəmizin səsi gəlir qulaqlarıma:
-Nuşi-imamət!
Bərkdən səslənirəm:
-Yezidə lənət!
Nənə xuddamdı, stəkanı doldurub şərbətlə verir biz yetimlərə. Xorla deyirik:
-Yezidə lənət!
Kim idi o Yezid? Niyə onu söyürdük, bir stəkan şərbətə görə?
Zaman ötüb, buna rəğmən uşaqlığıma qayıdıram: "Ay balaca Əlibala, dəli olmuşdun, qoşulub tay-tuşlarına ağzuva gələn biədəb söyüşlər verirdin Yezid adlı bir kişiyə..."
Balaca Əlibala mənə baxıb, başını yelləyir. Çiyinləri atılıb-düşür, mızıldanır, istəyir "bilmirəm" desin. Əlimi ağzına tuturam: Dinmə, danışma, qulaq as mənciyəzə:
Müaviyənin oğlu Yezid, Peyğəmbərimizin (S) sevimli nəvəsi İmam Hüseynin (Ə.S) və onun 70-ə yaxın tərəfdarını qətlə yetirmişdir. Sevimli imamımızın məzarı dünyaya məlum. Bəs Yezidin qəbri hardadır?
Təxminən 1401-ci ildə Əmir Teymur Şama girdiyi vaxt - o, Osmanlı sultanı İldırım Bəyazidə qalib gəlmişdi-carçı çağırtdırmış və öz adına belə bir müraciət yaydırmışdır: "Mən yezidiyəm! Nə qədər yezidi varsa varsa, ortaya çıxsın!" Yezidin soyundan gələnlər, Yezidin yolunda olanlar sevinclə meydana toplaşmışlar. Teymur onlara "indi mənə Yezidin məzarını göstərin!" - demiş və onlarla birlikdə Şam (indiki Dəməşq) məzarlığına getmişdir. Yezidilər böyük bir şadlıqla Teymura Yezidin məzarını göstərmişlər. Hökmdar əsgərlərinə əmr etmişdir: "Açın bu alçağın məzarını!" Yezidin sümükləri görünəndən sonra isə Teymur ordusuna üz tutaraq: "Yezid deyilən bu alçaq sevgili Peyğəmbərimizin (S) nəvəsi Hz.Hüseyn əfəndimizi qətlə yetirtdi. Və bununla İslamda çox böyük təfriqə yaratdı. Bütün İslam aləmi əsrlərdən bəri bu ikiliyin acısını yaşamaqdadır. İndi mənim ordumun hər bir nəfəri irəli gələrək bu Yezidin məzarını pisləyəcəkdir" - deyə əmr vermişdir... Ərəblər Teymurun əmrini yerinə yetirmişər. Yezidilər isə bu olaya çox böyük üzüntüylə baxmışlar. Əsgərlər işlərini bitirdikdən sonra Teymur Şamdakı bütün yezidiləri qətlə yetirmişdir.

***
2002-ci ildə Yavuz Bülənd "TRT" telekanalı üçün 7 bölümlük veriliş hazırlamaq üçün 15 gün Dəməşqdə olur. O yazır:
"Şamı araşdırdım. Yezidin məzarı yoxdur. Kimsə onun harda basdırıldığını bilmədi. Orda Hz. Peyğəmbərimizin (s) xanımlarının və ilk azan oxuyan səhabə Bilal Həbəşlinin məzarları var. Osmanlı dövləti o məzarlara sahib çıxmış, hər birinin üzərində türbə tikdirmişdir...
Əmir Teymur Şamda olarkən bir türbənin Yezidə aid olduğunu öyrənincə, bərk qəzəblənmiş və onun cəsədini məzarından çıxartdırıb bütün əsgərlərinə pislətdirdikdən sonra sümükləri yandırtdırmış, qəbrin torpağını 50 arşın qazdıraraq dənizə tökülməsini əmr vermişdir. O, eyni zamanda Yezidin məzarı yanındakı atası Müaviyənin də qəbrini dağıtdırıb, yox etdirmişdir".
Bu, Murat Bardakçının yazdıqlarıdır.
***
Başqa bir mənbə. Övliya Çələbi yazır:
"Teymur Şamı aldıqdan sonra Əməvi məscidinə gəlib Yezidin yolu ilə gedənlərə "Buranı paytaxt yapmağa qərar verdim, amma tam yalqızam. Məni evləndirin. Əl dəyməmiş elə gözəl bir qız tapın ki, cahanda bir bənzəri olmasın", - dedi. Yezidin yolunnan gedənlərin şeyxi "Padşahım, əgər cariyən olmasını məsləhət bilirsənsə, elə mənim qızımı al!" - deyə önə çıxdı. Teymur bunu qəbul edib 40 gün, 40 gecə toy etdi. Teymur 41-ci gün Yezidin yolunnan gedənlərin bütün şeyxlərini hüzuruna dəvət edib gənc xanımı ilə Əməvi məscidinin yaxınlığında gərdəyə girmək istədiyini söylədi. Yezidin şeyxləri dərhal "Olmaz! Bu qədər qələbənin içərisində Züleyxa kimi gözəl olan o qızla gərdəyə girsəniz, şeyximizin namusuna toxunar", - dedilər. Bu sözü eşidən Teymur "Alçaq məlunlar!"-deyə hayqırdı - Həzrəti Peyğəmbərin(s) mübarək soyundan gələn İmam Hüseyni Kərbəlada şəhid edib mübarək başını şəhər-şəhər dolaşdırıb, övladını susuzluqdan həlak edən, soyundan gələnləri orada-burada təqib və təhqir edən siz deyilmisiniz, indi bu məlun hərifin nigahlayıb aldığım qızı ilə qapalı bir yerdə gərdəyə girilməsindənmi utanırsınız? Sizin dininiz nədir? Söyləyin mənə, sizi nə şəkildə qətl edim?!"
Bundan sonra Teymur əsgərlərinə əmr etdi, hər tərəfdən odun gətirdib Yezidin yolu ilə gedənləri Nəmrud atəşi içərisində buraxdı. Sonra gedib Yezidin qəbrini açdırdı. Cəsədin hələ pozulmadığını görən bəzi əsgərlərin "Sultanım, bu Yezid nə də olsa, səhabədəndir, əfv et" - deməklərinə daha da hiddətlənərək bir ocaqda yandırtdı. Yezidin cəsədilə bərabər 13 adamı da oda atdı və Yezidin küllərini havaya sovurtdu. Bu iş də bitəndən sonra bütün əsgərlərini çağırıb məzarın üzərinə pislətdi.
...Məncə, kifayətdir. Və tarixin sürprizi:
Neçə il bundan öncə Özbəkistan prezidenti İslam Kərimov ölkənin paytaxtı Daşkənddə hündür pyedestal üzərində ucaldılan Karl Marksın heykəlini götüzdürüb, onun yerində at belində Əmir Teymurun heykəlini qoydurmuşdur.

P.S. Müxtəlif mənbələrə əl atıb, özünü şiyə müsəlmanı kimi sinəmi qabardıb demirəm ki, buyurun, oxuyun, İmam Hüseyni qətlə yetirən Yezid ibn Müaviyənin (Allah ona lənət eləsin) məzarı da qalmayıb. Xeyr, əzizlərim. Yezid ölüb - yoxdur. Amma ən böyük düşmənimiz olan cəhalət və bizi Allah yolundan azdıran nəfsimiz, tamahımız qəlbimizdə yaşamaqdadır. Məhz cahiliyyət və tamah, mənsəb ucbatından xarici düşmənlərin tələsinə düşərək "dirilən" müasir Yezidlərin fitnə-fəsadı səbəbi ilə 14 əsr öncə olduğu kimi, bu gün də müsəlmanlar Suriyada, Dəməşqdə... bir neçə cəbhəyə bölünərək göydən amerikan, yaxud rus bombalarının, yerdən isə öz dindaşlarının güllə və mərmilərinə tuş gələrək əbəs yerə həlak olurlar.

Əlibala Rəhimov,
yazıçı-publisist, folklorşünas