Təranə Məmmədova: "Həyatın nəbzini tutmayan insan heç bir istəyinə qovuşa bilməz"

2017-ci il xoş günlərimizi, sıxıntılarımızı, başqa sözlə, nailiyyətləri və yetə bilmədiyimiz istəkləri yekunlaşdırıb tarixin arxivinə, yaddaş saxlancına buraxaraq bizdən ayırır. Hər kəs, hər bir kollektiv necə deyərlər gəlir-çıxarına yekun vurur. Bax bu, hesabatdır.
Vidalaşdığımız il "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbərliyi, əməkdaşları üçün də yaddaqalan olmuşdur. Hansı uğurlar var, ötən ilin təcrübəsi üzümüzə gələn ildə hansı perspektivlərin olduğunu üzə çıxardı? Bu və digər suallarımızı "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova cavablandırır. Həm də bu yalnız ilin yekununa həsr olunmuş rəsmi məlumatlar deyil, həm də müsahibimin insan təşəbbüsü və zaman haqqında düşüncələrindən fraqmentlərdir. T. Məmmədova ilə budəfəki söhbətimiz yeni filialımızın açılışı günü Lənkərana səfər edərkən, yolboyu alınıb.
- Təranə xanım, köhnə ilin sonu, yeni ilin ərəfəsində sizə, adətən, jurnalistlərin dilindən səslənən ənənəvi sualla müraciət edib cavab almaq istəyirəm...
- Olarmı, giriş cümlənizə və orada səslənən "ənənəvi" sözünə yarıciddi, yarızarafat, bir azca fəlsəfə əlavə edim?
- Əlbəttə, buyurun...
- Rəhilə xanım, həqiqətən zaman mücərrəd, təbiət isə dərk olunmayan miqyasda hüdudsuz anlayışlardır. Təskinlik budur ki, fəaliyyətimiz baxımından ənənəvi dediyiniz suallara verilə bilən cavablar insanın təbiətdən qopardığı pay, maddiləşdirdiyi zamandır. Deməyim odur ki, biz heç vaxt ənənəyə səthi baxa bilmərik, bu ciddi məsələdir.
- Sadə həqiqətin elmi və lakonik ifadəsinə görə təşəkkür edirəm... İlk sualım belədir. "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi üzümüzə gələn ilin martında fəaliyyətinin dördüncü ilini başa vurur. İdeyanın doğulması, ilk addımlar, ilk uğurlar... Sizcə 2017-ci ildəki yekunlar əvvəlki illərdə qazanılanlardan nə ilə fərqlənir?
- Zaman, onun dəyəri haqqında dahilər, həm də ulularımız yetərincə fikir söyləyiblər. İnsana zamandan bəhrələməyin mahiyyətini həyat öyrədir. Oxumaqla, ya da eşitməklə bunun tam anlamını qavramaq, məncə, imkansızdır. "Zaman qızıldır", "Zaman axar çaydır, heç nəyi gözləmədən sellənib gedir"... Bu və buna bənzər obrazlı, hikmətli sözlərin həqiqətdə nə olduğunu şəxsi təcrübəmdə öyrəndim. İndi mən deyirəm ki, hər şey, nə qədər əldə olunan nailiyyətlər varsa, onların hamısı anında yaxalaya bildiyin zamanın içindədir. Zamanla ayaqlaşmaq insandan bacarıq, səriştə və hünər istəyir, yəni cəsarət... Bu da bir dəyərləndirmədir. Məsələyə indinin, bu günün prizmasından baxaq; "loqos"un Lənkəran filialının fəalyyətə başlamasından bir il ötür. Sizinlə bərabər kollektivin hazırladığı tədbirdə iştirak etmək üçün yola çıxmışıq. Əgər biz bu müsahibəni Bakıda qaynar iş prosesi zamanı eləsəydik daha bir vacib işi gecikdirə bilərdik. Qarşımızda 3-4 saatlıq yol var və biz rahatca söhbətimizi eləyə bilərik.
- Müşahidələrimə əsasən deyə bilərəm ki, siz hər işə məqamında yetmək üçün zamanla dil tapmağı bacarırsınız. Adama elə gəlir ki, siz zamandan yox, zaman sizdən asılı olur...
- Bu kifayət qədər mübaliğəli olardı. Sadəcə vaxtla ayaqlaşmağa çalışıram. Həyatın nəbzini tutmadan arzu və istəklərə qovuşmaq mümkünsüzdür.
- Əsas sualdan bir qədər uzaqlaşdıq deyəsən.
- (Mobil telefonun səsini alır). Söndürə bilmərəm, vacib informasiya ola bilər, - deyir, -Hə, on il əvvəl qəlbimdə bir istək doğuldu və böyüdükcə böyüdü. Ali məktəbi bitirmişdim. Ailə qurmuşdum, üç övladımız vardı. Uşaqlar körpə olanda çalışmaq barədə düşünmürdüm. Məncə, ananın əsas işi elə ana olmaqdı. Türk şairi Nazim Hikmət ana zəhmətini "analıq sənəti" obrazı ilə canlandırır. Mən dəfələrlə analarımızın başlıca vəzifəsinin həm fiziki, həm də mənəvi baxımdan sağlam övlad, vətəndaş böyütmək olduğunu demişəm. İndi də o günləri, uşaqlarımın körpə vaxtlarını xatırlayıram. O vaxtlar övladlarımın nitqində yüngülvari ləngimə hiss elədim. Bir xeyli müddət loqoped məşğul oldu. Elə o vaxtdan məndə nitq qüsurlu uşaqlar üçün mərkəz açmaq ideyası yarandı. İnanın, heç bilmirəm necə oldu. Çox qısa bir zamanda Bakının Nəriman Nərimanov rayonunda üç nəfərlik komanda ilə işə başladıq. 2014-cü il idi. Çətinliklər barədə danışmaq istəmirəm. Asan iş yoxdur. Sadəcə özümə, öz gücümə inandım və dedim: Təranə, sən bacaracaqsan! Şükürl olsun ki, öhtəsindən gəldim. Bu işi insanları sevən bir kollektivin, "Loqos" ailəsinin sayəsində bacardım. Təcrübə və tələbat artdıqca mərkəzlərimizin sayı çoxaldı. Xidmət səviyyəsi yüksəldikcə bizə üz tutanlar da artdı. Uğurlar bir-birini əvəzlədi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, təkcə 2017-ci ildə "Loqos"un gördüyü işləri, əldə etdiyi uğurları sadalamalı, nümayiş etdirməli olsam, gərək respublikanı dörd dolanaq. İl ərzində iki yeni filialımız açılıb. Şimal bölgəsində "Xaçmaz", Bakının Xətai rayonunda "Xalqlar" filialı. Yeri gəlmişkən, çox zaman soruşurlar ki, niyə filiallara məkan adları vermişik. Əvvəla ona çalışırıq ki, xidmət göstərdiyimiz ərazi insanların rahat yetişə biləcəyi yerlərdə olsun. Xüsusən də avtomobil yollarındakı tıxacları nəzərə alaraq daha çox metro stansiyalarına yaxın yerdə filiallar açmağa üstünlük veririk. "İnşaatçılar" filialı "İnşaatçılar" metrosunun, "Xalqlar" filialı "Xalqlar dostluğu" metrosunun çıxışındadır. Rayonlarda da eləcə. Bölgələri nəzərə alaraq gediş-gəliş üçün ən münasib rayon mərkəzlırini seçirik. Hələlik bölgələrdə 3 mərkəzimiz fəaliyyətdədir. Gəncədə, Lənkəranda və Xaçmazda.
- Hələlik dediniz, perspektivdə şaxələnmənin yeni mərhələsi gözlənilir, eləmi?
- Bəli hələlik. Çünki ölkəmizin hər yerində insanların psixoloji maarifləndirməyə və psixoloji xidmətə ehtiyacı var. Biz də imkanlarımız daxilində zamanla yeni filiallar açmaq barədə düşünürük. Bəzən ötüb keçənləri göz önünə gətirəndə özüm də heyrətlənirəm. Biz bu qədər işin öhdəsindən necə gəldik?
- Öz sualınıza özünüz cavab tapa bilirsinizmi?
- Üzümüzə gələn ilin mart ayında fəaliyyətə başlamağımızın dörd ili tamam olur. Dörd ildə Mərkəzin yeddi filialı insanara ən yüksək səviyyədə xidmət göstərir. İstər Bakıda, istərsə də rayonlarda uğurlu nəticələr əldə olunur. "Loqos" insanların inam və etibarını qazanaraq öz adını doğruldur. Bəli, mən hesab edirəm ki, gördüyümüz iş həm də bir savab əməlidir, ona görə də işimiz haqdan düz gəlir. Hər gün yüzlərlə insanın duasını eşitmək hər kəsə nəsib olmur. Digər tərəfdən, dövlətimizin sahibkarlara göstərdiyi qayğı və dəstək əsas rol oynayır. Qarşımızda aşıla bilməyəcək maneələr yoxdur. Hazırda "Loqos" olaraq biz də vətəndaş cəmiyyətinin inkişafına çalışırıq. İnsan sağlamlığı əsas amildir və cəmiyyətin inkişafı da bundan çox asılıdır. Cəmiyyəti ailə formalaşdırır. Ailə istər psixoloji-mənəvi, istərsə də fiziki sağlam deyilsə, cəmiyyət necə sağlam ola bilər? Bizim əsas obyektimiz ailədir, uşaqlardır. Və bu istiqamətdə dövlətimizin qəbul etdiyi proqram və göstərişlərə əsasən öz işimizi qurur, vicdanla çalışır və qarşıya qoyulan məqsədlərə nail olururuq.
- Təşkilatın fəalyyəti və əldə olunan nəticələri ümumi şəkildə ifadə etdiniz. Son dörd ilin ən yaddaqalan dörd uğurlu nailiyyəti olaraq hansı faktları önə çəkərdiniz?
- Əvvəla onu deyim ki, dörd ildə Mərkəzin yeddi filialının açılmasının özü ən böyük uğur deməkdir. Onlar mənim övladlarımdır və birini digərindən ayıra bilmərəm. Bunlardan sonra konkret olaraq dörd mühüm yekunu qeyd edə bilərəm ki, bunların üçü 2017-ci ilin payına düşür. Yəni, bu həm də ilk sualımızın bir qədər də konkret cavabıdır. Fəalyyətin başlanğıcı uğurlu təməl idisə, indi çəkilən zəhmət bəhrəsini verməkdədir. Bir az da konkretləşdirirəm. "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyi adlı yeni qeyri- hökumət təşkilatımız rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb.
İki il dalbadal həyata keçirdiyimiz "Müasir Azərbaycan qadını" layihəsinin Gəncədə, Heydər Əliyev Mərkəzində təşkil edilən yekun mərasimi respublikada geniş əks-səda doğurdu, mətbuatda geniş işıqlanırıldı.
V.M.Bexterev adına Sankt-Peterburq Psixonevrologiya Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladıq və bu müqaviləyə əsasən İnstitut "Loqos" da klinik psixoloqlar hazırlığına başladı. 18 ay davam edəcək tədris proqramından sonra müdavimlər beynəlxalq dərəcəli diplom alacaqlar. Mən bunu çox böyük uğur hesab edirəm.
Nəhayət dördüncü məqam, bu il Sankt-Peterburqda elmi işimi müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru diplomunu aldım. Bu, təkcə mənim yox, həm də "Loqos"un uğurudur.
- İşinizin çoxluğuna baxmayaraq vətəndaş və peşə marağına uyğun olaraq respublika əhəmiyyətli tədbirlərə qatılmağa, orada öz fikirlərinizi ifadə etməyə vaxt tapırsınız. Buna necə nail olursunuz?
- Söhbətimizin əvvəlində bu məsələyə bir qədər toxundum. Təcrübə mənə zamanı idarə eləməyi, daha doğrusu vaxtdan dolğun istifadəni öyrətdi. Bəli, "loqos" artıq tanınır və respublika əhəmiyyətli tədbirlərə dəvət almağım sözün həqiqi mənasında özümə, işimə olan inamımı artırır, daha yaxşı çalışmağa stimul verir. Həm də "Loqos" yalnız bir nəfərdən ibarət deyil. Öz işini mükəmməl bilən və saat mexanizmi kimi işləyən komandamız var. Kadrlar yerində olsa və rəhbər inansa ki, bu həqiqətən belədir, iş axsamaz.
- Məncə, 2017-ci il "Loqos"un həyatında psixoloq kadrlarının hazırlanması, əsasən təkmilləşdirilməsi tendensiyası ilə yadda qalacaq. Çünki ilboyu dünyanın tanınmış psixoloqlarının ayağı "Loqos"un auditoriyalarından üzülməyib.
- Doğru deyirsiniz, bu fikirlə tam razıyam. Bu ifadəni tez-tez işlədirik ki, psixologiya Azərbaycanda yeni, hələ tam öyrənilməyən sahədir. Burada həqiqət var. Amma öyrənmək, araşdırmaq, təkmilləşdirmək üçün şərait və imkanlar mövcuddur. Ali məktəblərimiz psixoloq kadrları hazırlayır. Amma təcrübə bazası kifayət qədər deyil. Bu işi biz və bizim kimi təşkilatlar yerinə yetirirlər. Onu qeyd eləyim ki, fəaliyyətə başladığımız ikinci ildən kadr hazırlığı məsələsini önə çəkmişik. Öz imkanlarımız hesabına zamanın aktual mövzuları ilə bağlı maarifləndirici kurslar təşkil edirik. Psixologiya təhsili alan tələbələr artıq üçüncü idir ki, bizim mərkəzdə təcrübə keçirlər. Davamlı olaraq məktəb psixoloqları üçün təkmilləşdirici seminar və kurslar aparılır. Bu ildən peşəkar kadr hazırlığı kursumuz öz işinə başlayıb. Bütün bunlar kadr seçimində fəaliyyətimizi asanlaşdırır. Onların arasından yeni açılan filiallar üçün mütəxəssislər seçirik. Bu işin bir tərəfi. Əsas prioritetlərdən biri beynəlxalq təcrübəni öyrənməkdir. Artıq Rusiya Federasiyasının, Türkiyə Cümhuriyyətinin psixologiya sahəsində aparıcı elm və təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri yaratmışıq. Rusiyanın psixologiya məktəbi çox güclüdür. Onlardan çox şey öyrənirik. Təbii olaraq dünyada tətbiq olunan yeni metodları yerli mühitə uyğunlaşdıraraq tətbiq etmək yüksək nəticələr verir. V.M.Bexterev adına Sankt-Peterburq Psixonevroloji Elmi-Tədqiqat İnstitutu dünyanın ən aparıcı təhsil müəssisələrindən biridir. Təsadüfi deyil ki, Almaniya, Fransa, İngiltərə, Rusiya kimi inkişaf etmiş ölkələrin mütəxəssisləri elmi işlərini məhz burada müdafiə etməyə üstünlük verirlər. Biz bu elmi-tədqiqat institutu ilə əməkdaşlığa asanlıqla nail olmadıq. Demək olar ki, onlar iki ilə yaxın müddətdə bizim tam fəaliyyətimizi öyrəndilər, mütəxəssislərimizlə tanış oldular, Mərkəzimizin imkan və perspektivlərini araşdırıb tam əmin olandan sonra əməkdaşlıq müqaviləsini imzaladılar. Ötən il institutun aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Kovalenko Natalya Petrovna "Loqos"un əməkdaşları üçün klinik psixologiya mövzusunda iki günlük seminar keçirdi. 2017-ci ilin noyabrından isə klinik psixologiya təhsil proqramı çərçivəsində məşğələlər başlanıb. İlk ayın proqramını Regional Proqramlaşdırma şöbəsinin müdiri, professor Remeslo Marina Borisovna və professor Yekaterina Andreyevna Kolotilşikova keçdi. Dekabr ayının təlimçisi Rusiyanın baş psixoanalitiki, Rusiya Federasiyası Psixatriya, Psixoterapiya və Psixologiya Federasiyasının Prezidenti, tibb elmləri doktoru, professor Anna Vladimirovna Vasilyeva oldu.
Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, Sankt-Peterburq Psixoterapiya və Klinik Psixologiya Elmi-tədqiqat İnstitutu, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası ilə əməkdaşlıq əlaqələrimiz ildən-ilə möhkəmlənir. "Loqos"un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva bu günlərdə Moskvadan rəsmi səfərdən qayıdıb. Bir çox elm-təhsil ocaqları ilə yeni əməkdaşlıqlar müzakirə edilib. Atılan hər addım yeni başlanğıcdır və o geci-tezi öz bəhrəsini verir.
- Şəxsi planda, yəni ailə, valideynlər, övladların aurasında 2017-ci il sizin üçün hansı cəhətlərinə görə unudulmaz sayıla bilər?
- Mənim üçün bu ilin ən önəmli, ən yaddaqalan hadisəsi atam, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin 80 illik yubiley tədbiri oldu. Bilirsiniz, istər alim, istərsə də sadə fəhlə olsun, övlad gözündə ata elə atadır. Atam bütün ömrü boyu yaradıcı işlə məşğul olub. Elmi-bədii, publisistik əsərlər yazıb, ali məktəblərdə dərs deyib. Mən bunlara sadəcə atamın işi kimi baxmışam. Yəni, hər övladın öz atasına baxdığı kimi. Yubiley tədbirlərində atamı sanki yenidən kəşf elədim. Haqqında deyilənləri eşitdikcə heyrətləndim. İnana bilmirdim, mənim sadə atam necə böyük insanmış, nə qədər xeyirxah işlər görübmüş, elmimizə, ədəbiyyat tariximizə necə dəyərli töhfələr veribmiş, nə qədər dostu, sevəni varmış... Atamla hər zaman qürur duymuşam. Hamının gözündə xeyirxah əməllər sahibi, insanlıq nümunəsi olan bir atanın qızı olduğum üçün çox şanslıyam. Çox istərdim ki, mən də öz işimlə, cəmiyyətə verdiyim fayda ilə atamın qürur qaynağı olum. Bu il ailəmizin ilki, Fərəhimiz bizi tələbə adı qazanması ilə sevindirdi. Qızımın psixologiya sahəsini seçməsi ürəyimcə oldu.
- 2018-ci ildən gözləntilər, planlar barədə mətbuatda informasiyalar yer almaqdadır. İstərdik bu barədə öz dilinizdən eşidək...
- Planlar, ideyalar o qədərdir ki... Bəziləri sürpriz olsun. Yaşayarıq, görərik. Amma reallaşmaqda olan planlar var. Yeni ilin əvvəlində daha iki mərkəzimiz istifadəyə veriləcək. Son tamamlama işləri gedir. Bakıda "Azadlıq" metro stansiyası yaxınlığında "Azadlıq" filialı və Bərdə rayonunun mərkəzində Bərdə filialı tezliklə kompleks xidmətə başlayacaq. Sumqayıt şəhərindən çoxlu sayda müraciətlər var. Yəqin ki, növbəti ünvanımız Sumqayıt olacaq.
Bölgələrdə psixoloji maarifləndirmə işlərininin, kadr hazırlığının əhatə dairəsini genişləndirmək, xidmət səviyyəsini daha da yaxşılaşdırmaq yenə qarşıda duran əsas məsələlərdir.
- Yeni ildə "Loqos"a üz tutan, sizdən ümid, kömək diləyən insanlara nə arzulayardınız?
- Hər kəsə ilk növbədə cansağlığı arzulayıram. Bizə ən çox analar müraciət eləyir. Bu bizim millətin qadınlarına xas olan bir xüsusiyyətdir ki, özümüz haqqında çox az düşünürük. Canımız övladlarımızdır. Sadəcə onlar üçün yaşayırıq. Bəli, övlad həyatımızın mənası, sevinc qaynağımız, yaşama səbəbimiz ola bilər. Amma bir məqamı da unutmaq olmaz ki, öz qayğısına qalmayan, öz inkişafı ilə məşğul olmayan qadın daim inkişafda, yenilənməkdə olan cəmiyyət üçün hərtərəfli sağlam vətəndaş yetişdirə bilməz. Bir çox hallarda yeniyetməlik dövrünün problemini yaşayaların anaları eyni fikri təkrarlayırlar. Məsələn, bu ifadələri tez-tez eşidirik: - Bir ana öz uşağı üçün daha nələri eləməlidir. Yemirəm yedirdirəm, geymirəm geydirirəm, istədiyi hər şeyi eləyirəm ki, yaşıdlarının yanında utanıb sıxılmasın. Niyə uşağım mənim əziyyətimə qiymət vermir. Niyə yalan danışır, niyə dərslərini oxumaq istəmir, niyə dava-dalaş salır" və sair bu və buna bənzər fikirlər zənnimcə hər kəsə tanışdır. Uşaqlarının psixoloji problemlərinin aradan qaldırılması ilə bağlı bizə üz tutan anaların əksəriyyəti problemin kökünü kənarda axtarır. Halbuki səbəb axtarılası ilk məkan evdir, ailədir. Uşaq tərbiyəsində ailədaxili münasibətlər əsas rol oynayır. Uşaq cəmiyyətin özəyi olan ailədə yetişməyə başlayır. Bünövrəsi, təməli möhkəm qoyulan binanın çökmə imkanı sıfıra bərabər olduğu kimi, sağlam ailə mühitində böyüyən uşağın da hər addımda yıxılması imkansızdır. İndi oxumaq, öyrənmək üçün nə qədər texniki imkanlar var. Yaxşı olar ki, orta məktəblərin yuxarı siniflərində, həmçinin ali məktəblərdə ailə psixologiyası tədris olunsun. Nəhayət ki, hər kəs psixologiyanın insanın həyatındakı, cəmiyyətin inkişafındakı təsir imkanlarını bilsinlər. Mən valideynləri, hamilə qadınları, ailə qurmaq istəyən gəncləri psixoloji maarifləndirmə kurslarımıza dəvət edirəm. Arzulayanlar üçün bütün aktual mövzularda seminar və kurslar təşkil edə bilərik.
O ki, qaldı yeni il arzularına. Dünyada sülh zəfər çalsın. Qarabağ həsrətinə nəhayət ki, son qoyulsun. Uşaqlarımız sağlam və əmin-amanlıqda böyüsünlər. Yeni il hər kəsə uğur gətirsin. Ölkəmizin bütün insanlarının yeni ili mübarək!
- Təranə xanım, sizin də bayramınız mübarək! Azərbaycan dövlətinin xalqımızın sağlam və mənalı həyatı naminə apardığı siyasətə töhfələriniz davamlı olsun.
- Təşəkkür edirəm, sağ olun! Mən də sizin simanızda bütün jurnalistlərin yeni il bayramını təbrik edirəm. Xalqımıza xidmətdən yorulmayasınız, qələminiz iti olsun!
Müsahibəni qələmə aldı:
Rəhilə Gülgün
Digər Xəbərlər

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb - FOTOLAR

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İlk zəvvar qrupu bu tarixdə vətənə dönəcək

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

ATİAHİ-dən humanist təşəbbüs - FOTOLAR

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
