adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2019 00:12
2918
GÜNDƏM

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.
III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.
Maddə 21. Ətraf mühitin mühafizəsi
I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.
Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır.
II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.
III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:
1) yolların inkişafı və genişləndirilməsi;
2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;
3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər;
4) müəyyən dövr üçün proqnozlar;
5) əsaslandırılmış konkret məqsədlər;
6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;
7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;
8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.
Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi
I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.
II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirləri bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir.
(ardı var)