adalet.az header logo
  • Bakı -°C
12 Yanvar 2019 00:53
19306
ƏDƏBİYYAT
A- A+

Talesiz arzu

(hekayə)

Qəşəm İsabəyli

Mərhum Məzahirlə cəmi bir il "Azadov məktəbi" adıyla məşhur olan Kürdəmir dəmiryol orta məktəbinin doqquzuncu sinfində oxumuşdum. Xalam qızı Kifayət, bibim oğlu İnqilab da bu sinfin şagirdiydi. Daha iki nəfər kənd uşağı vardı aramızda, qalan hamı kürdəmirliydi.
"Qərib itin quyruğu döşündə gərək" prinsipiylə şəhər uşaqlarından yan gəzirdik. Onlar bizə rəiyyət gözüylə baxırdı, yəni üstdən ağağı. Futbol oynamağa onlardan icazə almalıydıq, yanlarında durub, söhbətlərinə qulaq asmağa onlardan icazə almalıydıq, kollektiv şənliyə icazə, kollektiv yarışa icazə. Nə başınızı ağrıdım, bircə öz çörəyimizi yemək, öz evimizə getmək, bir də müəllimlərin sorğu-sualına cavab vermək haqqımız vardı.
Amma dərsimizdən axsayırdıq. Şəhər uşaqlarına da bu lazım idi. Divar qəzetinə tənqid yazanda baş qəhrəman biz olurduq, özləri şuluğluq salıb, müəllimə "dəcəl uşağı" nişan vermək lazım gələndə, namizəd biz olurduq, tənbeh edilməyə şagird tapılmayanda - biz...
Sinfimizdə ən çox gözə dəyən Məzahir idi - qar-qar qaynayırdı. Uşaqlar da çəkinirdi ondan. Fasilədən qayıdanda birdən hay-küy qopurdu - görürdük Məzahir ayaqlarını bir-birindən aralı qoyub, sağ əlinin baş barmağını da ilan başı kimi dik qaldırıb, kimisə hədələyir:
-Adə!... Adə!... Adə!...
Hərəyə də bir ad qoymuşdu. Birinə "Çürük" deyərdi, birinə "Kəççi", birinə "Bolşevik". Məzahirin ustalıqla adam yamsılamaq qabiliyyəti də vardı. Qəhrəmanları da Kürdəmirdə xırda-para alış-veriş eləyən lahıclar olardı:
- Kətiri başıma tutub, kıxıb körək aldım. Yəni, çətiri başıma tutub, çıxıb çörək aldım.
Lahıcları yamsılaya-yamsılaya Məzahir axırda tərkibində "ç" hərfi olan sözləri - "çaynik" - "kaynik", "döşəkçə" - "döşəkkə", "çəkmə" - "kəkmə" işlətməyə başlamışdı. Sonralar deyərdi:
-Qardaşım Əkbər, o qədər pəltək adamları yamsıladı, axırda bir oğlu da pəltək doğuldu. Mən də o gündə. Görən elə bilir lahıcam.
Şəhər uşaqları Məzahirin qara-qışqırığına vərdiş eləmişdi. O, elə-belə, lap kefindən kiməsə çığıranda diksinən də biz kənd uşaqları olardıq. Allah xatirinə deyim ki, Məzahirin hirsi-hikkəsi kin-küdurətdən uzaq idi. Odur ki, bu qışqırıqların yumruğa-təpiyə döndüyünü görmədik.
Yeddi qardaşın sonbeşiyi olduğundan ürəyibütöv böyümüşdü - heç kimdən qorxub eləməzdi. Hətta Akkabaladı-nədi (şəhərin qoçu uşağı), onu da saya salmazdı Məzahir. Akkabalanın da axırı yaxşı gətirmədi. İllər ötdükcə ayaqqabısının parıltısından, paltarının şaxından, dik yerişindən əsər-əlamət qalmadı. Həyat, yerə-göyə sığmayan Akkanı götürüb atdı xırda alverə. Deyirlər, kənd adamlarından biri gəlib papaq alır ondan. Səhəri gətirib atır üsünə:
-Bu nədi, satmısan mənə?!
-Yaraşmadı?!
-Yaraşmağı cəhənnəm, motal kimi tük verir!
Tez Akkabala öz papağını çıxarıb, başını dirəyir onun çənəsinin altına:
-Görürsən bunu?
-Hə.
-Nədi bu?
-Baş!
-Üstündə tükü var?
-Yox.
-Adə, kətçi oğlu kətçi, gözün görür ki, mən boyda canlı insanın başında qonaq qabağına çıxartmağa bir tükü də qalmayıb, ölü dərinin tükü tökülməsin, deyirsən?! Götür zibilini keçirt başına, yoxsa dişlərini də tökərəm üstəlik!
Dəmiryolunun altında kirədə qalırdım. Məzahirgil də o həndəvərdə olurdu. Bir dəfə məni evlərinə aparmışdı. Həyətə girəndə gördüm sallabığ bir kişi oturub - sual dolu iri gözlərini də zilləyib üzümüzə.
Baxışlarında nə ifadə, nə narazılıq, nə maraq... laqeydlik vardı ancaq. Hiss elədim ki, heç nəyin fərqində deyil.
-Atam İbrahim müəllimdi! - Məzahir məni xəbərdar elədi.
Mən bilən, Məzahirin atası dəmiryolçu olmalıydı. Fikirləşdim ki, yəqin səhv eşitmişəm.
-Harda dərs deyir?
-Bir dənə şagirdi var, amma otuz şagirdə bərabərdi.
-Şikəst uşağdı?
-Nə şikəst, Muradxanlı qızını deyirəm.
-O kimdi, ay Məzahir?
-Anam.
-Həəə... Atan haralıdı, bəs?
- O üzdən, İrandan gəlmədi. Anam da ürəyi yanıb, gətirib qoyub ocağının başına.
Bu sözləri eşitmirmiş kimi dinib-danışmırdı İbrahim kişi. Hətta həyətə girəndə salam vermişdim, amma cavab da verməmişdi. Bəlkə də utandığımdan dilucu salamlaşmışdım.
Biz həyətdən çıxanacan İbrahim kişi yerindən tərpənmədən gözünü bizdən çəkmədi...
Bu hadisədən düz 31 il sonra işdə oturmuşdum, zəng gəldi telefonuma:
-Bəli.
-Salam.
-Salam.
-Məzahirdi.
Duruxdum.
-Orta məktəb yoldaşın.
-Xoş gördük, ay Məzahir!
-Səni necə görə bilərəm?
Yerimi-yurdumu dedim. Üstəlik də:
-Saat birəcən gözləyirəm səni.
Vaxt gəlib çatdı, Məzahir gəlib çatmadı. Onda qalxıb, sürücüyə dedim, gedək. Pilləkənin başına yetişəndə Məzahiri tövşüyə-tövşüyə yuxarı qalxan gördüm. Qucaqladı məni. Öpüşüb-görüşdük.
-Qardaş, gec gəlmisən, özüm də bərk tələsiyirəm.
Hiss elədim ki, ağzı sözlə doludu. Razılaşdı:
-Nə deyirəm!
Gözlərində günahkar bir təbəssüm vardı. Ayrıldıq. Hiss elədim ki, mən gördüyüm Məzahir deyil bu. Birdən atası İbra-him kişi yadıma düşdü. Onun lal-dinməzliyindən nişanələr gördüm Məzahirin çöhrəsində.
Sonralar orta məktəb yoldaşımız İntasifi də gətirdi nəşriyyata. İntasif heç dəyişib-eləməmişdi. Gülüşü də öz yerindəydi. Məzahir şaqqıldayıb gülərdi, İntasif səssiz - tısss...
Əl-ələ verib, nəşriyyatımızın tikinti işlərini görürdülər.
Romantikayla-filanla arası olmazdı Məzahirin. Onunki reallıq idi:
- Heç nə istəmirəm Allahdan. Balaca bir maşınım olaydı, min manat da pulum!
Bəzən yol gedəndə, bir də görürdüm, gözlərinin ətrafına xırda qırışlar düşüb, kimisə öpürmüş kimi dodaqlarını da büzüb, uzadıb irəli.
-Nədi, ay Məzahir?
Dinməzdi. Hiss edirdim ki, eşitmir. Birdən sifəti işıqlanırdı:
-Can... can... can...
-Gənə də kimin canını yeyirsən?
-Odur ey, onun.
-Hanı?
-O dalını ata-ata gedir, ey...
Qız-qadınlara baxırdım. Bunu görəndə qaşlarının arasına düyün düşərdi:
-Sənin də fikrin-zikrin elə... day demirəm...
-Baxmalı nə var ki, başqa?
-Bu yana bax, bu yana bax! Görmürsən qızara-qızara necə yandırıb yaxır məni.
-"Mersedes"i deyirsən?
-"Oka"nı.
-Maşallah, özün dəvə boydasan, o da ki, dovşan. Sığmazsan axı ona!
Mənə eşitdirimiş kimi deyərdi:
-Faktsız danışma. Birini alıb verən olaydı, görərdin necə sığıram!...
Sözü dəyişərdim:
-Axı səni maşın sürən görməmişəm.
-Sürmüşəm.
-Sonra nə oldu?
-Qəza törətdim.
-Nə qəza?
-Orta məktəbdə oxuyanda qardaşım Oqtayın maşınını həyətimizdə dalın-dalın verəndə divara dəydi. And içdim ki, öz maşınım olmayınca sükana əl vurmayacam...
Bir gecə, yatmağa hazırlaşdığım yerdə oğlu Elnur zəng elədi mənə:
-Salam, Qəşəm əmi, necəsiniz?!
-Çox sağ ol, ay bala, atan necədi!?
-Qəşəm əmi... - dayandı, - atam rəhmətə gedib!
-Nə danışırsan?!
-Bu gün işdə ürəyi tutub.
-Niyə bir az tez xəbər verməmisən? Durub gələrdim.
-Başım qarışdı...
Məzahirin yoxluğunun həyəcanı məni basdı. Otura bilmədim. Gecə saat 11.00-də Badamdardan durub getdim Bakıxanov qəsəbəsinə. Mən də Bakıxanovda yaşayanda Məzahir dəfələrlə bizdə olmuşdu. Qonşuya getmək adətim deyildi deyə, ha yalvarıb-yapışmışdı, bir dəfə də olsun onlara gedə bilməmişdim. Əli iş tutandan iş üstə olan Məzahirin evi, çəkdiyi zəhmətə layiq deyildi. Hər yanda bir köhnəlik gözə dəyirdi. Amma Məzahir həmişə özünü tox tutardı - kasıb-lıqdan şikayət eləməzdi.
İndi isə üzü örtülü evin ortasına qoyub, arvad-uşaq da yığışmışdı başına. Onu həmişə mütəhərrik gördüyümdən belə köməksiz vəziyyətə düşdüyünə inana bilmirdim.
Biz kənd adamları, sonumuzu fikirləşmədən ağlımız kəsən kimi ətəyimizi belimizə sancıb, daban alırıq şəhərə. Şəhər isə bizə doğma olmaq istəmir.
Bir də onda özümüzə gəlirik ki... yığışıblar başımıza. Səhəri də yenidən üzü geri - kəndə qaytarırlar.
Bir dəfə orta məktəb yoldaşım Tərlan dedi:-Yaşlaşandan sonra adamı kənd çəkir, torpaq çəkir... qəbir çəkir!
Hamı xısın-xısın ağlayırdı, bircə Məzahirin qızı özünü öldürürdü:
-Nəvəsini görəndə gözləri işıldayan atam!
Məzahir məndən bir yaş böyük idi. Amma mən ondan qabağa düşmüşdüm, nəvəm də olmuşdu, adımı da qoymuş-dum ona. Məzahir də oğlu Elnura toy eləmişdi. Oğul nəvəsi də olmuşdu.
-Öz adını niyə qoymadın uşağa?
Gülümsədi:
-Dedim, özləri qoysun. Özləri də qoymadı.
-Gərək hökmünü göstərəydin.
-İndi o zəmanə deyil.
Əsl demokratik idi Məzahir.
Nə uzundan uzun, nə gödəkdən gödək, bir az orta, ətli barmaqlarıyla nəşriyyatın hamam otağına qoyduğu metlaxlar, kafellər hələ də gənclik ömrünü yaşayır. Qaynaq edən, kəmkə tutan, mala işlədən, çəkic vuran əlləri az qala əriyib torpaq olub Məzahirin. Amma xırda bir arzusunun taleyi gətirmədi:
-Balaca bir maşınım olaydı, min manat da pulum!