adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2019 00:19
25261
GÜNDƏM

ŞƏRƏFLİ ÖMÜR YOLU

İmaməddin Zəkiyev və Yasif Nəsirli tələbəlik illərində

Yaradıcılıq və dövlətçilik yolu məktəb yolu deyil ki, onu hamı keçə bilsin. Bunun üçün ağıl, bilik, düşüncə, təşkilatçılıq bacarığı, yüksək davranış mədəniyyəti, güclü vətənpərvərlik və vətəndaşlıq qeyrəti kimi məziyyətlərin olması zəruridir. Xoşbəxtlikdən Yasif Nəsirlinin baxtına belə bir çətin və şərəfli ömür yolu düşüb. Atası Mirzə Böyük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, Krımda şəhid olanda o, pambıqçı anası Dilbər xanımın himayəsində qalmış beş övladın biri idi. O zaman "bir üzü gəlin, bir üzü qız" olan gənc ana oğlunu oxudacağını qarşısına məqsəd qoyanda bəlkə də onun böyüyəndə Cəbrayılın Kavdar kəndindən çıxmış ilk görkəmli ziyalı, yazıçı, alim, tərcüməçi, çekist, dövlət xadimi, millət vəkili, Əməkdar incəsənət xadimi və s. fəaliyyət sahələrinin və təltiflərin sahibi olacağını xəyalına da gətirə bilməzdi.
Yasif Nəsirli üç təhsil ocağını - xalq arasında "Azərbaycanın ikinci İlisu kəndi" kimi tanınan Soltanlı kənd orta məktəbini, Bakı Kitabxanaçılıq Texnikumunu (indiki Bakı Humanitar Kollecini) və Bakı Dövlət Universitetini əla qiymətlərlə başa vuranda qələmi onu Azərbaycanın istedadlı gənclərindən biri kimi tanıtmışdı. Maraqlıdır ki, o, hər üç təhsil ocağının dəyişilməz sinifkomu olmuş və şəkli "Şərəf lövhəsi"ndən düşməmişdir. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurmağa bir il qalmışa kimi onun yüzə qədər ədəbi, elmi, tənqidi, publisist yazısı və iki kitabı ("Qabaqcıl mexanizator", "Araz daşan yerdə") işıq üzü görmüşdü. O vaxta qədər TEC (Tələbə Elmi Cəmiyyəti) İdarə heyətinin üzvü, sədri, bir neçə Fəxri Fərman və samballı məruzənin müəllifi, əlaçılıq təqaüdçüsü və s. təqdirəlayiq göstəricilər sahibi idi. O, dördüncü kursu başa vuranda gözlənilmədən Azərbaycan Gənclər Təşkilatına (ALKGİ MK-da) yüksək maaşlı vəzifəyə işə düzəlmişdi. Bu yüksəliş onun da, Universitetin də həyatında nadir hadisə idi.
Ərini Böyük Vətən Müharibəsində itirəndən sonra bir çətən külfətə başçılıq edə-edə yaşadığı illərin ağrı-acılarından və çöhrəsinə qonmuş pərişanlıq əzabından canı üzülən Dilbər ananın ürəyi oğlunun nailiyyətlərindən dağa döndükcə gənc Yasif anasını və anamız Azərbaycanı daha yeni sürprizlərlə sevindirməyə çalışmışdır.
Şərəfli əməyi ilə bir çox uğurlara imza atan Yasif Nəsirli tezliklə Moskvada Ali Komsomol Məktəbini, M.Qorki adına Ədəbiyyat İnstitutunu, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib nümunəvi əxlaq, davranış, düşüncə adamı və bacarıqlı təşkilatçı kimi Azərbaycana qayıdanda AKP MK-da və DTK-da mühüm vəzifələrdə çalışaraq qüsursuz fəaliyyəti ilə kollektivin rəğbətini qazanmışdır. 1990-cı ildən general-mayor rütbəsinə layiq görülən Yasif Nəsirli vaxtının çoxunu dövlətçilik işinə sərf etməklə yanaşı, ədəbi, elmi, publisist yaradıcılığa və xarici ölkə yazıçılarının kitablarını ana dilinə tərcümə etməyə də vaxt ayırmağı unutmamışdır. Elə güman edilməsin ki, illər bir-birini əvəz etdikcə qarşıda onu yaradıcılıq yollarında eniş, vəzifə pillələrində yüksəliş gözləmişdir. Əksinə, o, yaradıcılığını da enişdən yüksəliş zirvəsinə qaldıra-qaldıra 80 yaşını başa vurana qədər yüzlərlə ədəbi, elmi məqalə və əsərdən başqa 20 kitab çap etdirmiş, 20-dən çox xarici ölkəyə (Türkiyə, Bolqarıstan, Rusiya, Almaniya, İngiltərə, ABŞ, Yaponiya, İtaliya, Fransa, Malta, Çexoslovakiya, Rumıniya, Kuba, Çin Xalq Respublikası...) səfərlərdə Respublika nümayəndə heyətinə başçılıq etmişdir. Çoxsaylı hekayə, povest, pyes, ədəbi, elmi, tənqidi, publisist əsərini əhatə edən kitabları ("Araz daşan yerdə", "Bolluq yaradanlar", "Qırmızı qərənfil", "İnsanlar, görüşlər", "Adsız təpə", "İntizar", "Çinar vüqarı", "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları"...), 2006-2008-ci illərdə üçcildlik əsərləri ("Ömür", "Dünya", "Zaman") oxucuların mühakiməsinə verilmişdir. Bu günlərdə görkəmli yazıçı və ictimai siyasi xadimin "Zirvə" avtobioqrafik romanı yüksək poliqrafik səviyyədə çapdan çıxmışdır. Özünün yazı platformasından çıxış edən müəllif bildiyi həqiqətlərin və şahidi olduğu hadisələrin təsvirini ədəbi portret-oçerklər şəklinə salaraq onları eyni ideya zəncirinin qırılmaz həlqələri kimi təsvir etmişdir.
Kitabı vərəqlədikcə aydın olur ki, yazıçı, alim, dramaturq, tərcüməçi, publisist, çekist, millət vəkili, dövlət xadimi və s. fəaliyyət sahələri onun ömür yolunun ayrı-ayrı istiqamətlərinin pozulmaz izlərini tarixləşdirən amillər sırasında önəmli yer tutur. Heydər Əliyev məktəbinin görkəmli davamçılarından olan Yasif Nəsirlinin gördüyü işlərin mərkəzində Vətənə, xalqa məhəbbətlə, sədaqətlə xidmət etmək kimi nəcib hisslər dayanır. Həyata keçirdiyi tədbirlər, gördüyü işlər sayına görə yox, sambalına və səmərəli nəticəsinə görə əhəmiyyətlidir.
Görkəmli tənqidçi, professor Qulu Xəlilov 1975-ci il martın 25-də Yasif Nəsirliyə təzə çapdan çıxmış kitabı ilə göndərdiyi məktubda onun Moskvada "KQB" məktəbini bitirəndən sonrakı fəaliyyətinə böyük ümidlər bəsləyərək yazmışdır: "...Əlli ildə nə qədər yaltaqlar sürüsü yetişib. Bu sürüyə rəhbərlik edən kapitanlar, mayorlar, polkovniklər, generallar yetişib. Əgər yaltaqlığı hərbi rütbəyə çevirmək olsaydı, onda bir çoxları generalissimus rütbəsi alardı... Gəl, ey mənim əzizim! Qılıncını itilə, gəl! Yaltaqların dilini kəsmək üçün! Yumruqlarını düyünlı,gəl! Yaltaqları əzmək üçün! Addımları sürətli gəl! Yaltaqları tapdalamaq üçün! Qollarını möhkəmlədib, gəl! Yaltaqların sıxıb, suyunu çıxarmaq üçün! Boyunu uzat, gəl! Yaltaqları ucadan görmək üçün!.. Gəl, ey darıxanda, xoş günümdə, dar günümdə həmdəmim olan, sakit-sakit yanan, hər şeyi dərindən qanan! Gəl, həqiqət qılıncını itilə, gəl! Həqiqət səsini gurlaşdır, gəl!.."
Danışanda da, yazanda da alov püskürən, hətta ustad yazıçıları "lərzəyə salan" Qulu Xəlilovun içdən gələn yanıqlı sətirlərini həyəcansız oxumaq qeyri-mümkündür. Yaltaqlığın qorxulu bəla olduğunu, hər cür əyintiyə, rüşvətxorluğa, özbaşınalığa və s. fəsadlara yol açdığını nəzərə alan kitab müəllifi bu kimi zəhərli viruslara qarşı profilaktik tədbir görməyin yolunu əlbir səyləri və ictimai qınağı gücləndirməkdə, qanunun kəsərini artırmaqda görür. Əks halda, qorxulu nağılları kölgədə qoyan səhvlər virusu küləyin axarına düşən şar kimi hara gəldi uçub rüsvayçı bir mənzərə yaradar.
Səhvlər tərəqqi yolunu bağlayan şlaqbaumdur. Həmişə sağlam düşüncə ilə yaşamaq lazımdır ki, səhvlər yolumuza əngəl olmasın. Saf sözü səhv sözdən ancaq düşünən baş ayırar. Düşünə bilməyən baş səhvlərin girovuna çevrilər. Müəllif bu həqiqəti "Zirvə"də belə etiraf edir: "İllər boyu "KQB" və partiya çörəyi yesəm də, heç bir səhvə yol vermədən "Omrümü bacardığım qədər Azərbaycan xalqına xidmətdə keçirmişəm. Çətin günlərim də olub, yaxşı günlərim də..." O, "çətin günlər" dedikdə, 70 illik totalitar rejimin qoyduğu qadağalar dövründə antipodların, Azərbaycan həqiqətlərini saxtalaşdıran bəzi maskalı adamların əhatəsində işlədiyi illəri nəzərdə tutur. Azərbaycanın say-seçmə oğullarının 17 namizədlik və doktorluq dissertasiyasının Yasif Nəsirlinin köməyilə "həbsdən" azad edilməsinin, neçə-neçə yazıçı və alimin "KQB" nəzarətindən qorunmasının, məyusluqlar və sarsıntılar caynağından qoparılmasının canlı şahidlərindən olmuş Xalq şairi Bəxtiyar Vahabzadənin ibrətamiz sözləri Əməkdar incəsənət xadiminin 80 illiyinin tamamlandığı günlərdə də qürurla səslənir: "Ay Yasif, sənin yerinə ("KQB"də - İ.Z.) Petrovdan, Akopyandan biri olsaydı, neçə-neçə ziyalılarımız bədbəxt olardı". Universitetdə dərs deyəndə onun cavablarına "əla" qiymət verən Bəxtiyar müəllimin Moskvada "KQB" məktəbini bitirib Azərbaycana qayıdandan sonrakı illərdə də tələbəsinin əmək fəaliyyətini "əla" qiymətləndirməsi məgər kiçik məsələdir?! Xalq yazıçıları Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Xalq şairləri Nəbi Xəzri, Qabil, Fikrət Qoca, akademiklərdən Məmməd Arif, Həmid Araslı, Ağamusa Axundov, Əfrand Daşdəmirov, Tofiq Hacıyev, Tofiq Köçərli, böyük bəstəkar Tofiq Quliyev, əməkdar elm xadimləri Qəzənfər Kazımov, Qəzənfər Paşayev, şair-publisist Əlirza Xələfli, gözəl şair Taleh Həmid və başqa qələm sahiblərinin onu haqqın yol yoldaşı olan "Qəhrəman", "Vətənpərvər Azərbaycan oğlu!", "Böyük ürək sahibi", "İnsan sərrafı", "Xeyirxah əməllər müjdəçisi" və s. epitetlərlə təqdir etməsindən belə nəticə çıxır ki, kaş başqalarının da döyünən ürəyi, düşünən beyni, danışan dili, yazan əli Yasif Nəsirlinin məziyyətlərinə oxşayaydı.
Vətənə məhəbbəti, düşmənə nifrəti güclü olmayan kəs xalqına şərəflə xidmət göstərə bilməz! Yasif Nəsirli bu ideyaya sədaqətini əməli fəaliyyəti ilə doğrultmuşdur. O, Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini və Qarabağ Müharibəsinin veteranı kimi döyüş bölgələrində Azərbaycanın qeyrətli oğulları ilə birlikdə kirpikləri ilə od götürmüşdür. Adı çəkilən kitabında vurğulayır ki, ermənilərin Qarabağı qara günə qoymaq səyləri 1960-1970-ci illərdə özünü göstərsə də, dəfələrlə fitnəkar ermənilərin qaladıqları ocağın alovunu üfürmək təhlükəsinin qarşısı Azərbaycanın fədakar oğullarının ardıcıl cəhdləri ilə alınmışdır. Ermənilərə Moskvadakı və digər ölkələrdəki havadarları himayədarlıq etməsəydilər, onlar "erməni toyuq hininə girmiş tülkü" kimi (Lenin bu ifadəni S.Şaumyan haqqında demişdir) girdikləri hindən açıq havaya çıxıb havalanmazdılar.
Özgə eybini görən öz eybini görmürsə, ağıl gözünü müayinə etməlidir. Erməni işğalçıları bu məntiqdən çıxan doğru nəticəyə vaxtında əməl etsəydilər özlərini Azərbaycandan təcrid edib başlarını bəlaya salmazdılar. Yasif Nəsirlinin bu qənaəti əsərin yaddaqalan məqamlarından biridir. Bu məntiqə söykənən müəllif böyük ürək ağrısı ilə yada salır ki, Azərbaycanda da ermənilərin ocağını körükləyən çox adam vardı. Onlardan biri MK-nın ikinci katibi V.Kozlov idi. Firudin Şuşinskinin "Şuşa" kitabı çapdan çıxanda riyakar ermənilərin Kremlə ünvanladıqları böhtan dolu məktublardan sonra tarixi həqiqətləri dəstəkləmək əvəzinə, yuxarıdan Azərbaycan rəhbərliyinə eşitdirilmişdi ki, bu kitab pislənməli və müəllifinə "dərs" verilməlidir. Kitab Azərbaycan Kommunist Partiyasının "Avqust plenimunda birinci katibin məruzəsində bərk tənqid" edilən kimi V.Kozlov F.Şuşinskini yanına çağırtdırıb demişdi: "Nə üçün erməniləri bizdən incik salırsan?.." Arvadı və kürəkəni erməni olan və iş yoldaşları arasında "Dana" kimi tanınan idealogiya katiblərindən birinin adının "Zirvə"də açıq çəkilməsi, bədxah əməllərinin pislənməsi də təəssüf və təəccüb doğuran faktlardandır. "Kozlov"lara, "Dana"lara və "harınlaşmış məmur balaları"na (İlham Əliyev) ünvanlanmış "Qeyrətinə kibrit çəkim!" ifadəsi də göstərir ki, belə bir sərrast deyim kitaba təsadüf düşməmişdir.
Kitabda tənqidi məqamlara, mənəvi aşınmalara çox yer verilsə də, əsərin təbliğ etdiyi ideyanın mərkəzində insan amili durur. Yaxşı insanlardan biri olan görkəmli ədəbiyyatşünas-tənqidçi İmamverdi Əbilovun Neftçaladakı evini "Azərbaycan Yazıçılar Birliyinin kiçik filialı" kimi təqdir edən yazıçı bu kimi qürur doğuran faktları "İki ayaqlı ilanlar"a qarşı bir ibrət dərsi kimi nümunə göstərmişdir. Müəllifin vicdan və qeyrət sahibi olan şərəfli əmək ulduzlarına (Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Elmira Qafarova, Əfrant Daşdəmirov, Ağamusa Axundov, Tofiq Hacıyev, Məsud Əlizadə, Sabir Əhmədli, Seyfəddin Qəndilov...) dərin məhəbbəti, pislərə, xəbislərə nifrəti əsər boyu özünü aydın göstərir.

(ardı növbəti sayımızda)

İmaməddin ZƏKİYEV,
Filologiya elmləri doktoru,
professor