13 May 2016 09:30
11486
GÜNDƏM

SƏNİN YOXLUĞUN

Ala gözlüm, ay üzlüm! Artıq bir ildir ki, Sən yoxsan. Bu "yox" sözünü necə yazıram?! Axı, mən hər yerdə səni görürəm. Sən hər yerdəsən. Bir insan hər yerdə ola bilməz axı. Bir filosof deyib: "...bizim gördüklərimiz görmək istədiklərimizdir". Bəlkə də o üzdən Sən mənimçün hər yerdəsən, yerlərdə, göylərdəsən.
Bu günlər Səni tanıyan-tanımayan hər kəsə Səndən danışmaq, Səni danışmaq istəyirəm. İstəyirəm deyim ki, bir vaxtlar Şamaxı rayonunun Göylər kəndində Süburə adında bir qız yaşayırdı. Bu qızın öz dünyası vardı. Öz dünyasında çoxlu gözəl arzuları vardı. O bu arzulara çatmaq üçün yetimliyinə və XX yüzilliyin 50-ci illərinin çətinliklərinə baxmayaraq, iradəli olacaq, oxuyacaq, ali təhsil alacaq, müəllimə olacaq və bir gün kəndlərinə qayıdıb el-obanın balalarına savad öyrədəcək, bütün məhrumiyyətlərə sinə gərərək arzusuna çatacaqdı.
Bu dünyadan bir müəllimə keçdi. Onun heç bir fəxri adı olmadı. Lakin o, xalqına ləyaqətlə xidmət etdi. Millətinin övladlarının savadlanması, tərbiyəsi və ən ümdəsi vətənə əsl vətəndaş olmaları üçün, sözün həqiqi mənasında, fədakarlıq göstərdi. Ən böyük mükafatı da xalq məhəbbəti, xalq sevgisi oldu. Gecəsini gündüzə qatdı, Şamaxı rayonunun ən ucqar dağ kəndlərində, təhsil üçün heç bir şəraiti olmayan məktəblərdə, sonralar isə Şamaxının özündə ömrünü şam kimi əritdi. Onlarla, yüzlərlə sabahın həkim, müəllim, hüquqşünas, mühəndis, alimlərini yetişdirdi. Hər bir şagirdinə ürəyinin aşıb-daşan sevgisindən pay verdi. Və illər sonra bitib-tükənməyən sevgilər ona ünvanlananda fərəhdən qəlbi dağa döndüg
"Azərbaycan dili və ədəbiyyatı" müəllimi idi Süburə müəllimə. Dahi klassiklərimizi, şair və yazıçılarımızı, onların əsərlərini, ana dilimizi şagirdlərinə təkcə öyrətmədi, həm də sevdirdi o...
İstəyirəm insanlara deyim ki, bu dünyadan yurdunu sevən, vətənini ucaldan, şimşək ömrü yaşayan bir ana, bir qadın keçdi. Əsl azərbaycanlı qadını - həyat yoldaşına həm ata, həm ana, həm qardaş, həm də sədaqətli ömür-gün dostu. Əxlaqı, təmkini, sonsuz səbri ilə ətrafındakı qadınlara örnək olan gözəl, incə, zərif, məlahətli qadın. Bir qadın kimi onun həyatından qalın bir roman yazmaq olar...
Bu dünyada yaşayan bütün insanlara demək istəyirəm ki, bu dünyadan bir insan keçdi. O, əsl övlad, o əsl bacı, o əsl qadın, o əsl ana, o əsl nənə, o əsl pedaqoq, o əsl vətəndaş, bir sözlə, o, əsl insan idi. Onun qəlbində dünya boyda sevgi vardı. Onu yaxından- uzaqdan tanıyan hər kəsə yetəcək qədər sevgi. O, heç vaxt heç kimə və heç nəyə küskün olmazdı. Hər zaman insanlara firavan, xoşbəxt həyat arzulayar, xeyir-dua verərdi.
Bu dünyadan bir Ana keçdi. Gecələr yuxusuz qalmaqdan, gündüzlər ağır zəhmətdən yorulmaq bilməyən, hər zaman gülər üzlü, şirin sözlü, sevgi ilə övladlarının yollarına işıq saçan Ana! Mənim Anam. Bu dünyadan mənim Anam keçdi. Mən Ondan doymadım, O da məndən.
İndi Sən yoxsan Anam, hardasan, mələyim?! Doğma səsin, gülər üzün, şirin söhbətin, bitib-tükənməyən sevgin, gecə-gündüz dilindən düşməyən duaların üçün darıxmışam. Yaman çox darıxmışam, Anam! Bir insana lazım olan gözəl nə varsa, hamısını varlığınla öyrətdin mənə - təkcə sənsizliyə dözməkdən savayı...
Hardasan, gözüm nuru, qəlbim atəşi?! Sən məni görürsənmi? Mən hər gün Sənin xəyalınla danışıram. Məni duyursanmı?.. Səndən uzaqda yaşadığımçün məni hər zaman qərib bilərdin. Bir dəfə mənə dedilər ki, bayatı deyib məni oxşayır, ağlayırsan. Mənim gözəl sonam, indi mən səni oxşayıb ağlayıram. Hansı daha üzücüdür - dünyasını dəyişənə ağlamaq, yoxsa bu dünyada yaşayana...

Mən kədərli bir neyəm ki, için-için ağlaram,
Mən sahilsiz dənizəm ki, sularımda çağlaram,
Mən sonsuz bir həsrətəm ki, yollarına baxaram,
Mən sənsizəm, sənsiz dünya mənə dardır, gəl, gülüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...
Mən qanadsız bir quşam ki, istəsən də uçmaram,
Mən gur selli yağışam ki, öz damıma yağaram,
Mən bəzəksiz naxışam ki, hər ilmədə çaşaram,
Mən zülmətəm, işığımı gözlərində qoy görüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...

Yenə yaz gəlib, torpaq oyanıb, ağaclar çiçək açıb, quşlar isti yuvalarına qayıdıb, təbiət canlanıb. Təkcə Sən yoxsan və heç vaxt qayıtmayacaqsan, ey baharım, yazım. Sən təbiətin ən gözəl çağında, may ayının 15-də getdin bu dünyadan. Ölümün də bir möcüzə oldu: deyə-gülə, yemək yedin, çay içdin, mənimlə söhbət edə-edə birdən gözəl ala gözlərini yumdun. Ölümün elə gözəl idi ki, mən və ailə üzvlərin bu gözəlliyin qarşısında donub qalmışdıq. O günü xatırlayanda hələ də özümə bu sualı verirəm: - belə ölüm olurmu?! Daha bir möcüzə isə dünyanı dəyişdiyn vaxtın tarixi idi. 2015-ci il, 5-ci ay, ayın 15-i, həftənin 5-ci günü, cümə.
Bu "5"lərin də yəqin sirli bir mənası var. Mənim bilə bilmədiyim mənası...
Təsəllim yalnız odur ki, Sənin arzularını - mənə və övladlarıma arzu etdiklərini həyata keçirməyə çalışıram. Ruhun yəqin ki, bizi görür və şad olur. Buna inanıram. İnanıram ki, Sən ölməmisən, anam, dünyanı dəyişmisən. Və bir gün mən də köçüb Sənin dünyana gələcəyəm. Görüşənədək, gül üzlüm!..