Elçin Mirzəbəyli
Ya sevda bitəcək, ya daş bitəcək...
Bitdisə...
Bir andı...
Nə fərqi var ki...
Ya payış bitəcək, ya qış bitəcək.
Mənim bulud-bulud dualarımdan
Enində-sonunda yağış bitəcək...
Bu mənəm...
İllərin dolanbacında -
Nə dərddən doyuram, nə əlacından...
Kölgəm çəkilərsə yol ayrıcından,
Ya göz yorulacaq, ya yaş bitəcək.
Sıyrılıb çıxacaq ömrün son fəsli,
Bu qara sevdadan qaranəfəsli...
Qorxma...
Təslim oldum özümə, təslim,
Qorxma...
Gözlərimdə
Savaş bitəcək...
İçimə toxum tək ələsin külək...
Bir ovuc göz yaşı...
Bir övuc çiçək...
Dəli ürəyimə nə əkirsən, ək...
Ya sevda bitəcək, ya daş bitəcək...
Səndən son istəyim...
Bir albom hazırla fotolarından
İçində göz yaşı olmasın,
amma...
Nə ağrı, nə açı, nə dərd, nə əzab,
Nə də məzardaşı olmasın,
amma...
Çiçəklər içində, güllər içində
Çiçək gülüşünün şəklini çəkdir.
Çəkdir əllərinin hərarətini,
Titrək öpüşünün şəkilini çəkdir...
Çələng hör sevdalı baxışlarından
Saçının telinə düz, mənə göndər.
Bu dəli sevdanın eşq şərbətini
Buta badəsinə süz, mənə göndər.
İçinlə, ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa bürün sevgimə,
Sonra...
Bu libasda şəklini çəkdir.
Astaca pıçılda sevirəm sözün -
Sonra çək... səsinin şəklini göndər...
Mənə saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər...
Amma yoxsan...
Bircə damla su çilə içimdəki atəşə
Lap elə gözündəki yaşı ver sərinləyim.
Buz kimi kədərindən pərdə bağla Günəşə,
Bu isti yay günündə qışı ver, sərinləyim.
Bu şəhəri kim doğdu, kim böyütdü, görəsən,
Nədir bu qədər qəzəb, bu qədər kin, İlahi?!
Sevgimizi kim uddu, kim üyütdü, görəsən?
Nə vaxt sonu gələcək bu nifrətin, İlahi?!
Çətindi öz içində özünə yas saxlamaq
Milyonların içində özgə olmaq çətindi.
Çətindi öz ruhuna öz içində ağlamaq,
Bir ovuc göz yaşında...
Kölgə olmaq çətindi.
İlahi...
bir işartı,
Bir təbəssüm,
bir gülüş...
Saxta qəhqəhələrdən sıxıldı ruhum, Allah!
İlahi...
Bir pıçıltı...
Bir hərarət...
Bir öpüş...
Baltalandı,
Çapıdı,
Yıxıldı ruhum, Allah!
Gedirəm...
Tapdalayıb saxta ümidlərini,
Gedirəm...
Gediləsi bircə yerim də yoxsa...
Yükümü bağlamışam
Toplayıb dərd-sərimi,
Səni də aparardım özümlə...
Amma yoxsan...
Bircə kəlmə payız...
Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim...
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu -
Sən eşqi, mən eşqin şəklini çəkdim...
Sil mənim adımı,
Sil...
Yenidən sil...
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən...
Son sözüm nə oldu?
"Uzaqmı yollar?..
Bircə kəlmə... susma, burcə kəlmə yaz".
Dilimin ucunda iki fəsil var -
Bircə kəlmə payız, bircə kəlmə yaz...
Sənə nə göndərim,
Payız, yoxsa yaz?..
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.
...Düşdün ayrılıqlar köçünə, yenə
Yol deyil qayıdıb gələ biləsən...
Dərd deyil çəkəsən içinə, yenə...
Yurd deyil...
Uğrunda ölə biləsən...
Gedəsən
Qurtulub bu qul köçündən
Nəyin var alıb gedəsən.
Milyonlarla yol içindən
Yolunu bulub gedəsən.
İlhamın yorulan yerdən,
Bulanıb durulan yerdən,
Son dəfə qırılan yerdən
Qələmi yonub gedəsən.
Yol bitsə də dönməyəsən,
Dünya qopsun...
Dinməyəsən...
Təkcə...
Dizə enməyəsən...
Çatlayıb, sınıb gedəsən.
Tapdalayıb tabuları,
Bu qondarma yapıları...
Çırpıb bütün qapıları
Cəhənnəm olub gedəsən!
www.adam...
Sil məni,
sil məni xatirələrdən,
Sonra unut getsin sildiyini də...
Adımı, səsimi, baxışlarımı...
Hətta kimliyimi bildiyini də...
Sil gənclik səklimi bilgisayardan,
Sonra dönə-dönə səbəti yoxla...
Sonra sağ əlini masaya endir...
Sonra sol düyməni qəlbimə tıkla...
...Yeni bir pəncərə aç ürəyimdən:
...www... adam...
"Səni gözləmişdim bir ömür boyu!
Sənlə tanışlığa necə də şadam".
...Məni axtarmısan bilgisayarda
Yeni ünvanımı tapdın...
Bəs indi?
Dünən məzarıma çiçək qoyan qız
Virtual sevgilin olsa, bəsindi?