adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Noyabr 2018 09:27
12173
ƏDƏBİYYAT

Ruhları əsir olmuş türk şəhid məzarları...

 

külli-Qarabağın bütün nahiyələrində intizardadır. Dağlıq və aran ərazilərinin hər bucağında hazırda əsirlikdə qalan türk oğullarının (istər Anadolu türkü olsun, istərsə də Azərbaycan türkü) Şəhid məzarları həm də ruhların əsir ocaqlarıdır. Hələ ki...
Qubadlı nahiyəsinin Çərəli kəndinin gündoğanında Hərtiz dağının ətəyində "Şişin yalı" adlanan yerdə iki şəhid türk əsgərinin məzarı qalıbdır. Bu qəbirlər kənd sakini Əkbər Mahmud oğlu İbrahimovun (1892-1968) evindən 100 m aralıda idi.
Bu nahiyənin Gorus şəhərinin Xınzirək kəndi ilə qonşu olan Qədili kəndinin qərbindəki aşırımda 5 türk şəhidinin məzarı yerli əhalinin ziyarət ocağına çevrilmişdir.
Qubadlı nahiyəsinin Yuxarı Xocamisaqlı və Tarovlu kəndləri arasında yüksəkliyi 2500 metrə çatan "Sarı qaya" dağı yerləşir (Qafan nahiyəsinin haylar məskunlaşan Zeyvə və Çayzəmi kəndlərindən şərqə, 5 km aralıda). 1905-1907-ci və 1918-ci illərin hay hücumları əsasən bu istiqamətdən olduğundan Yuxarı Xocamisaqlı kəndindən 500 m şimal-qərbə, Tarovlu kəndinə sarı "Ağbellər təpəsi"ndəki savaş meydanında şəhid olmuş Osmanl Türk döyüşçüləri dəfn edilmiş, orada gümbəz tikilmişdir (hündürlüyü 6 m, diametri 4 m-ə çatan). Gümbəzin içərisində ortada türk zabitinin qəbri, ətrafında isə xırda daşlarla əhatələnmiş onlarla qəbir yerləri ayrılmışdır.
1918-ci ilin yayında Laçın nahiyəsinin Güləbird kəndinin "Cicimli düzü"ndə (düşmənin Xınzirək və Dığ kəndləri ilə qonşu) gedən döyüşlərdə Osmanlı Türk Ordusunun şəhid olan döyüşçüsünün qəbri üzərində tikilmiş gümbəz keçən əsrin 90-cı illərinədək qalırdı.
Gorus şəhərinin hay töküntülü Kürdük kəndi ilə Qubadlı nahiyəsinin Məzrə kəndi arasındakı "Məzrə düzü" kənddən 500 m şərqə doğru yerləşir. Bu düzənliyin quzey hissəsindəki palıd, vələs, ağcaqayın, alma, armud ağaclarından ibarət meşəliyin içərisində 70-ə qədər şəhid türk əsgərlərinin qəbri olmuş, Gürcülü kəndindən 3 km şimaldakı "Zoğallı dağı"nın açıq, görünən ətəyində isə 1905-1918-ci illərdə müqəddəs qanı tökülən türk döyüşçülərinin qəbri üzərində gümbəz tikilmişdir.
Laçın nahiyəsinin Həkəri çayının sol sahilində yerləşən Zabux kəndi ilə üzbəüz yamacda türk döyüşçülərinin və yerli müdafiə qüvvələrinin şəhid olmuş döyüşçülərinin çoxsaylı məzarları vardır ki, onlar adi daşlarla (hündürlüyü 50 cm-ə çatan adi daşlarla) nişanlanmış, üzərlərində ağaclar əkilmişdir. Qəbirlərin bəzisi çay sularının təsiri ilə yuyulmuş, zədələnmiş, yalnız sinə daşları qalmışdı, əksəriyyəti isə salamat idi.
Yerli camaatla yanaşı el yaylağa gedəndə ətraf rayonların əhalisi də həmin qəbirləri ziyarət edərdilər.
Bu məlumatları Qubadlı rayonu, Çərəli kənd sakini Gəray Cəlal oğlu İsmayılov (1935), Şıxlı kənd sakini Elçin Xanalr oğlu Behbudov (1970), Aşağı və Yuxarı Cibikli kənd sakinləri Fərhad Xudaverdi oğlu (1899-1982), Zəhra Cəlal qızı (1874-1980), Mehdi Qara oğlu Kazımov (1960) və Cənnət Cəlil oğlu Əliyev (1960), Məzrə kənd sakini İsrafil Hüseyn oğlu (1890-1978) söyləmişlər.

Qismət Yunusoğlu,
BDU-nun müəllimi