adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 May 2017 09:51
12610
ƏDƏBİYYAT

QOCALIQ ONA QİSMƏT OLMADI...

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist

Əllinci illərin söhbətidir. Bir yay günü anam məni yola salmağa hazırlıq gördü. Dünəndən bişirdiyi külçələri taxta çamadanın bir küncünə, kitab-dəftərlərimi o biri küncünə yığdı. Həyət qapısınacan ötürüb arxamca su səpdi. Piyada gəlib rayon mərkəzindəki poçtun qabağında gözlədim. Bir azdan maşın birmərtəbəli binanın həyətində dayandı. Poçtalyonlar bağlamaları boşaltdılar. Sürücüdən icazə alıb yuxarı qalxdım.
Lənkərana birinci dəfə gedirdim. Şəhərə çatanda soraqlaşıb pedməktəbin yerini tapdım. Qırmızı kərpicdən tikilmiş binanın ikinci mərtəbəsində "direktor" sözü yazılmış qapıda 4-5 nəfər gözləyirdi. Sənəd verməyə gəlmişdilər. Növbə mənə çatdı. Qamətli, saçlarına dən düşmüş nurani kişi görüşüb yer göstərdi. Əlimdəki qovluğu təqdim elədim. Sənədləri nəzərdən keçirib üzünü mənə tutdu:
- Attestat qiymətləri yaxşı oxuduğundan xəbər verir. İki fəndən "yaxşı", qalanlarından "əla". Xəttin xoşuma gəldi. İmtahanlara ciddi hazırlaş. Bu il sənəd verən çoxdur. Yüksək qiymət alanlar konkursdan keçəcək. Sizin rayondan gələn uşaqlar çalışqandır, yaxşı oxuyurlar.
Görüşüb qapıdan çıxanda soruşdu:
- Qalmağa yerin var?
- Şəhərə nabələdəm, Yuxarı Nüvədidə qohumumuz yaşayır. Gərək axtarıb tapam.
- Axtarmağa ehtiyac yoxdur. Yataqxanamızda sənə yer verərik, - dedi və təsərrüfat müdirini çağırıb məni tapşırdı.
İmtahanlar başa çatdı. Qəbul olunanların arasında adım dördüncüydü. Ertəsi gün evə qayıdıb, anamı sevindirdim. Arvad əllərini Tanrının dərgahına qaldırıb dualar elədi.

* * *
Dərs ilinin ilk günü lerikli tələbələrlə tanış oldum. Məhərrəm Kazımovla Eldar Cəfərov məndən bir il əvvəl oxuduğum Lerik orta məktəbini bitirmişdilər. Soltanağa Mirzəyev Buruqdan, Sultan Həmidov Bürsülümdən, Ağabəy Vəliyev Rvaruddan gəlmişdi. Buruq kəndi mənə doğma idi. Uşaq çağlarımda anamla bu kiçik obaya gedib qoyun-quzunu qışdan çıxarmışdıq. Adamlarından hörmət görmüşdük. Yadda qalan xatirələr məni Soltanağaya yaxınlaşdırdı. Səmimiyyəti, sadəliyi, bütövlüyü ürəyimə yatmışdı.
Soltanağanın atası Hacağa kişi 1942-ci ildə cəbhəyə getmişdi. İki ildən sonra babasına gələn üçkünc məktubda cəmi bir cümlə yazılmışdı: "Oğlunuz Oryol-Kursk uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur". Bu xəbər Nuru kişinin qəddini bükmüş, nəvələri Ramazanı, Böyükxanımı, Soltanağanı, Şaxanımı atasız saxlamışdı. Payızda xışının dəstəyindən yapışmışdı, yayda oraq əlindən düşməmişdi. Ailəni çətinliklə dolandırmışdı. Evin böyük oğlu Ramazanın əli çörəyə çatanda babanın qayğıları azalmışdı.
Soltanağa ibtidai təhsilini kəndində almışdı, orta məktəbi Şingədulan məktəbində bitirmişdi. Pedməktəbdə də çalışqan, savadlı tələbə kimi tanınırdı, şəkli "Əlaçılar lövhəsi"ndən asılmışdı.
Pedməktəbdə oxuduğumuz illərdə dərsliklər az tapılırdı. Texnikumun kitabxanasında cəmi bir nüsxə "Azərbaycan tarixi" vardı. Tədris olunan mövzuları bu kitabdan dəftərə köçürürdük. Soltanağanın birinci kursda yazdığı icmallar köməyimə çatırdı. Bu fənni tədris edən Hüseynağa Axundov bir dəfə məndən soruşdu:
- Soltanağa Mirzəyev mövzuları öyrənməkdə sənə istiqamət verirmi?
- Əlbəttə, yazdığı icmallardan istifadə edirəm.
- Istedadlı oğlandır, gələcəkdə tanınmış tarixçi olacağına əminəm.
Soltanağa bütün fənləri mükəmməl öyrənirdi. Psixologiya müəllimi Aliyə Kələntərli, pedaqogika müəllimi Əliağa Cəfərov, ədəbiyyat müəllimi Mustafa Dadaşzadə onun təhsil uğurlarından razılıqla danışırdılar.

* * *
Fərqlənmə diplomu alanda Soltanağanı təbrik elədim. Əmək fəaliyyətinə Boykəndil yeddiillik məktəbində başladı. İki ildən sonra direktorun təqdimatı ilə dərs hissə müdiri təyin olundu. Bu təyinat məktəbdə tədrisin təşkilində dönüş yaratdı. Açıq dərslər keçirildi, qabaqcıl pedaqoji təcrübə təbliğ olundu, uşaq təşkilatlarına diqqət artırıldı. Vəzifədə çalışdığı dörd ildə diyarşünaslıq sahəsində xeyli iş gördü.
1960-cı ildə Soltanağa Mirzəyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil oldu. Onun bölgənin tarixinə dair axtarışları başlandı. Bu barədə yerli qəzetdə, pedaqoji mətbuatda yazıları çap olundu. Ali məktəbi də qırmızı diplomla bitirdi. Universitetdə işləmək təklif edildi, razılıq vermədi. Rayon maarif şöbəsinin metodkabinetinin əməkdaşları Soltanağa müəllimin məktəbşünaslıq və diyarşünaslıq sahəsində təcrübəsini öyrənib təbliğ elədilər. Avqust müşavirələrində tarix bölməsində maraqlı çıxışları və məsləhətləri dinlənildi. Bunlar şöbənin rəhbərliyinin diqqətindən yayınmadı. Onu doğulduğu kənddəki səkkizillik məktəbə direktor təyin elədilər.
Məktəbdə sinif otaqlarının çatışmaması, ikinövbəli tədris gənc direktoru narahat eləyir, çıxış yolu axtarırdı. Yerli təşkilatlarla, kolxozun rəhbərliyi ilə görüşləri səmərəsini verdi. Təsərrüfatın vəsaiti hesabına məktəb tikmək qərara alındı. İnşaat materialları tədarük olunub daşındı. Qocalar, cavanlar köməyə gəldilər. Altı aya bina tikildi, yeni dərs ilində qapıları şagirdlərin üzünə açıldı. El arasında "Soltanağa müəllimin məktəbi" adını aldı.

* * *
Qürurunu, mənliyini hər şeydən üstün tutan adamlar dünyanın xoşbəxtidir. Soltanğa Mirzəyev də belə insanlardan biriydi. Yalandan, riyadan, ikiüzlülükdən, təkəbbürdən uzaqdı. El-obada alnıaçıq, üzüağ gəzir, ağsaqqal və müdrik ziyalı kimi tanınırdı. Adamlar ona tutduğu vəzifəyə görə yox, ləyaqətinə, insanpərvərliyinə görə qiymət verirdilər. Həm texnikumda, həm də ali məktəbdə necə-necə dost qazanmışdı. Rayon mərkəzinə yolu düşəndə əməkdaşı olduğum redaksiyaya gələr, həmsöhbət olardıq. Xatirələr yada düşərdi. Dostumuz Sultan Həmidovun həyatdan vaxtsız köçməsinə təəssüflənərdi.
Əsli-nəcabətli ailədən ömür-gün yoldaşı seçmişdi. Solmaz xanım Hilal qızı ilə evlənmişdi. İlk övladları Rüfət dünyaya gələndə təbrikə gedənlərə mən də qoşulmuşdum. Ayağı yüngül oldu. İki ildən sonra Ruslan doğuldu. İllər keçdi, ailədə uşaqların sayı 11-ə çatdı: 5 oğlan, 6 qız. Oğlanlar ailə qurub, qızlar gəlin köçüb. Evin ilk övladı ali təhsilli aqronomdur. Ruslan iki institut bitirib, təcrübəli hüquqşünasdır. Altay Texniki Universitetin və Polis Akademiyasının məzunudur, uzun illərdir hüquq-mühafizə orqanlarında işləyir. Malik böyük bir idarənin rəisidir. Zaur atasının vaxtilə direktor olduğu məktəbdə pedaqoji kollektivin rəhbəridir.
Pedaqoji fəaliyyətinin 28 ili ərzində Soltanağa müəllimdən onlarla yeniyetmə dərs alıb. Onların arasında alimlər, yüksək rütbəli zabitlər, müəllimlər, mühəndislər, dövlət qulluqçuları, iş adamları var. O, şagirdlərinə həm də mərifət, sədaqət, insana və Vətənə məhəbbət dərsləri keçirdi.
M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin professoru, tibb elmləri doktoru Qurbanxan Müslümovun söhbətindən:
- Soltanağa müəllim kəndimizdə seçilib sayılan şəxsiyyət idi. Alim qardaşım Xubəli ilə dostlaşmışdı. Bu dostluq iki ailənin övladlarını yaxınlaşdırmışdı.Yadımdadır, sənədlərimi Tibb İnstitutuna verməyə gedəndə məni Masallı şəhərinə öz maşınında apardı, avtobusa bilet alıb yola saldı. İmtahanları müvəffəqiyyətlə verib kəndə döndüm. Təbrikə birinci gəldi, əlimi sıxıb üzümü öpdü. Onun "sən həkim olacaqsan, əllərin də xalatıntək təmiz qalmalıdır" öyüdü bu gün də qulaqlarımda səslənir. O, mənimçün saflığı, müdrikliyi özündə birləşdirən insanlıq etalonu idi. Sevinirəm ki, övladları ata yolunu davam etdirirlər, el-obaya şərəflə xidmət edirlər.
Əməkdar müəllim Surxay Əsədov 52 il Boykəndil məktəbinin direktoru və ağsaqqalı olub. Lerikdə məktəb təşkilatçısı kimi tanınır. Təcrübəsini gənc pedaqoqlara, o cümlədən Soltanağa Mirzəyevə öyrədib. Ağsaqqalın ürək sözləri:
- Ötən əsrin 50-ci illərində məktəbimizə istedadlı bir gənc müəllim gəldi. Elə ilk aylardan hərtərəfli biliyə malik olduğunu göstərdi. Ali təhsili olmasa da, tarix dərslərinin tədrisini ona tapşırdıq. Pedməktəbdə mükəmməl təhsil almışdı, texniki fənləri də yaxşı bilirdi. Dərs hissə müdiri təyin olunması kollektivdə ab-havanı dəyişdirdi, fəallıq artdı, valideynlərlə əlaqə möhkəmləndi. Bir ailə başçısı, bir ata, bir dost və yoldaş kimi yolu düz, əməli saleh, mayası halal idi. Yaddaşlarda qalıb xatırlanır, gələcəkdə də xatırlanacaq.
Ailəcanlı, qohum-əqrəbanın qayğıkeşi Soltanağa müəllim bacılarının uşaqlarına övladlarıtək can yandırırdı. Bu qayğı, bu diqqət sayəsində ali məktəbi bitirdilər, sənət seçdilər. Bank işçisi İlham Dadiyev deyir:
- İnsan ömrü yaşadığı illərlə deyil, əməlləri ilə ölçülür. Dayım sağlığında könüllərdə özünə yuva qura bilmişdi. Ağlım kəsəni xeyirxahlığının şahidi olmuşdum. Kəndimizdəki cavanlar onun məsləhəti ilə peşə seçərdilər. Ali məktəbləri, texnikumları bitirənləri işə düzəltmək üçün təşkilatlara üz tutardı. Hörmətlə qarşılanıb xahişi yerinə yetirilərdi. Üzündən nur yağan, özünə bənzəyən, özü olan ziyalı idi. Ağsaqqallıq və xeyirxahlıq boyuna biçilmişdi. O, həm dayımız, həm də dayağımız idi.
Gürdəsər kəndindən Vahid Cəbrayılov deyir ki, üç il Buruq məktəbində işləmişəm. Soltanağa müəllim mənəvi keyfiyyətlərin daşıyıcısıydı. Rəhbər kimi səmimi, qonşu kimi mehriban. Belə insanlar olan yerdə sağlam mühit formalaşır, sağlam vətəndaşlar yetişir. Bu gün unudulmaz həmkarımı dərin minnətdarlıqla yad edir, bir yerdə işlədiyimizə görə məmnunluq duyuram. İllər keçəcək, nəsillər dəyişəcək, dünyaya Soltanağa müəllimin nəvələri, nəticələri gələcək, bu nəslin şərəfini daha da artıracaqlar.

* * *
Ömrünün son illərində Soltanağa müəllimin səhhətində problemlər yaranmışdı. Həkimlər ona sakit həyat tərzi, istirahət məsləhət görürdülər. Ürəkdən sevdiyi peşədən ayrılmaq istəmirdi, əvvəlkitək fəaliyyətdəydi. Vaxtsız əcəl macal vermədi. 1986-cı il aprelin 5-də 49 yaşında dünyasını dəyişdi. Doğulduğu torpaq övladını qoynuna aldı. Şərəfli müəllim ömrü, ziyalı ömrü, əsl kişi ömrü yaşadı. Qocalıq qisməti olmadı.
İnsan var evdən gedir, insan da var eldən gedir. Soltanağa Hacağa oğlu eldən getdi. Qəlbimizdə xeyirxah əməlləri, bir də əziz xatirəsi qaldı. Yaşasaydı 80 yaşı tamam olardı. Ruhu şad olsun!