Zakir Məmməd
Özgələşmə - vətən torpağına yadellilərin axını deyildir.
Özgələşmə - yadların qarətçilik, cahangirlik yürüşləri yox, ("Gör kimlər gözünü dikib bu yerə") bir millətin girov saxlanması da deyil ("Gör kimin əlində qalıb bu torpaq"), kökündən aralanmasıdır.
"Kökündən qaçanlar hər kökə düşər
Ağrısı Bosnaya, Kərkükə düşər".
Özgələşmək çox ağır dərddir, haray çəkdirir adama:
"Özündən qaçan millət,
Özünə qaç, özünə".
Millət, vətən haqqında şeir, şüar deyə-deyə, alovlu çıxışlar edə-edə özgələşir insan, özgələşir vətəndaş, özgələşir vətən.
Özgələşmə - doğmalaşma kompaniyasından başlayır.
"Eh məni doğmalar çətin duyacaq
Özgələr çox gözəl yaşayır məni".
yaxud,
"Bizdən itənləri özgələr yığıb
Özgələr daşıyıb biz atanları".
Əvvəlcə mənəvi deyilən bir çox nəsnələri atdıq, sonra adamları, onların təmsil olunduğu bölgələri tulladıq getdi. Daha sonra Qarabağ.
"Elə bil Qarabağ heç sizin deyil"
Kəlbəcər, Laçın, Zəngilan, Ağdam, Qubadlı, Füzulig işğal olundu, Qərbi Azərbaycan kimi, şimali, cənubi Azərbaycan kimig
Özgələşmənin qabağını bütövləşmə ala bilər.
"Mənimçün Qubada bir məhəllə var".
Özgələr, yadlar ola-ola, yadlaşmaq ağır dərddir. Yadlaşma millətin axırıdır. Yadlaşmada daha kökün üstündə bitə bilməmək var.
"Kökündən ayrılan hər kökə düşər..."
Yadlaşma - doğma torpağın yadın əlinə keçməsi ilə nəticələnir.
"Hələ ki özüməm,
Hələ ki torpaq".
"Özüm" deyiləmsə, heç kiməm. Və
"Bizi daşıyırlar, bizi satırlar,
Bizi gətirirlər, satırlar bizə".
Çünki:
"Artır yad zurnaya qamış tutanlar".
Çünki:
"Bu kənd bir-birini yeyir hələ də".
Çünki:
"Özgə yabısına yüyənlər artdı".
Çünki:
"Hərə özü boyda hərraca döndü".
Çünki:
"Dönüb yal qabına bir ovuc torpaq".
Çünki:
"Qalanıb kül üstə kül,
yapa bilmir.
Yadlar başımızda kül dəyişdirir".
Çünki:
"Bu millət özüylə dil tapa bilmir".
Çünki:
"Vaya bax şıdırğı oynayır Vətən".
Çünki:
"Naşı zurnaçılar züyə yıxılır".
Çünki:
"Dağlar bir-birinin xətrinə dəyir,
Daşlar bir-birini yeyir, baxsana..."
Beləliklə, özgələşmə dünya siyasət sənayesinin məhsulu kimi meydana çıxaraq ən müdhiş ictimai fəlakətlərin yaranmasına səbəb olur. Təkcə milli faciə yaratmır, tarixin bəşəriyyət üçün qazandığı ən humanist dəyər və normaları bir-bir onun əlindən geri almağa başlayır.
Halal-haram
Halal - insanın öz əli ilə yaratdıqlarıdır:
"Nəyim varsa özümündü"
Ən halal adam ən qədim insandır. Daş çapacaq, qazma ağacı dünyadan halallıq istəyən insanın ilk yaratdıqlarıdır.
Qələm şairin, müəllimin, alimin... və yenicə yazmağı öyrənən məktəblinin əlində halallıq rəmzi sayıla bilər.
Söz halallığı, ürək halallığı var:
"Sözün rəngi yalan, ürəyin səsi,
Gəl ayır halaldan haramı, Allah!"
Bəzən çətin olur halal-haramı ayırmaq. Çünki:
-Bu kini dəvələr, nəfsi qatırlar
Əyrini, haramı qatırlar bizə.
Özündən başqa, hamını aldada bilərsən və halallıq istəyə bilərsən. Belə:
"Hələ də oynayır pul havasına
Halallıq istəyən haram balası".
Haramın söz-sənət payı da var:
"Vardı ət şairi, balıq şairi..."
yaxud:
"Çörək ağacına dönmüşdü şeir..."
Haram bir ölkənin, bir dünyanın siyasi düşüncəsini ağlar günə qoyur:
"Harda müsəlman var, qan içindədir
Harda müsəlman var, Qəzza bölgəsi..."
Haram tək-tək ailələri, fərdləri eybəcərləşdirir:
"Bax, kökü haramdan törəyən kəsə
Nə ana tanıyır, nə bacı, Ənvər..."
Haramla halalı ayırmaq bəzən çətin olur. Yəni cəmiyyətdə əxlaqın ölçüləri dəyişə bilir ki, halal-haram sərhədləri də bir-birinə doğru dəyişə bilir. Bununla belə, halallığın ən təmiz izharı yalnız poeziyada özünü doğruldur:
"Ölsəm, gözlərimə torpaq tökməyin
Yeyib qurtarmışam torpaq payımı".
İnsanın halallıq istəmək məqamı, möhləti var:
"O qədər yatmışam torpağın üstdə,
Torpağın altında yatan deyiləm".
Bir halallıq həddi var:
"Nə varsa haramdır kefimdən ağır".
Haram nəfsdən gəlir. İnsan nəfsinin qulu olanda, onun əmrinə tabe olanda haram halalı basıb yeyir:
"Çökün ayı kimi halal üstünə
Yeri şumlayınca diziniz, yeyin"...
Haram bu dünyaya bağlıdı, halal axirət dünyasına. Bu dünya müvəqqəti, axirət əbədidir. Haram əbədi ola bilməz. Halalın ömrü uzundur, çünki yaşamağa layiqdir.
Fani dünyanın atributu haram, baqi dünyanınkı halal:
"Ölən halal yaşadı
Yaşayan haram öldü".
Halallıq doğuluşa gətirir, haram son deməkdir.
Haram üzərində qurulan hakimiyyətlərə, haramla tikiləm kaşanələrə, yığılan, toplanan maddi sərvətlərə Nuhun tufanı gərək deyil.
Halallıqla tikilən daxma səadət sarayıdır.
Halal xeyirdir, haram isə şər. Halal iman sayılır, haram küfrdür. Halallıq həmişə böyük görünür :
"Ürəyim böyüyür bir qarışqanın
Dənindən boylanan halallıq kimi".
Halal düzlükdən keçir:
"Asıb ürəyimi şaqul yerinə
Ölçürəm daşların düzlüyünü mən".
Halal - zəhmətdən başlayır:
"Tale ikimizə bir daş göndərib
Bir üzü zəhmətdir, bir üzü torpaq".
və ya
"Üzümü şumlayır alnımın təri".
Halal insana qürur gətirir:
"Nə yuxarı yolum düşür,
Nə itin, qurdun üstünə..."
Haram insana lənət qazandırır:
"Gorumdan boylanır satdığım məzar,
Mənim ölmüşümə rəhmət düşürmü?"
Halallıqdan doğulmaq və yaşamaq var:
"Öz urvamdı, öz əlim
Unumdan çıxmışam mən".
Ancaq ana körpəsini öz südündən ayırandan sonra adamın böyüdükcə harama qarışmaq riski də böyükdür:
"Haram beşiyidir dizimin üstü,
Anamın südünə layla çalıram".
Dünyanın axırına çıxan da onun elə bu haramın əlində girinc qalmasıdır.
Haram bu cahanda labüddürmü? Axı:
"Baxır yal qabından diz kənizləri".
Haram insana gərək deyil, lakin insan onsuz keçinə bilməsə, necə olar?!
"Dizimin üstündən qaça bilmirəm,
İlahi, böyüyür dizimin üstü..."
Haramı nəyə qatsan onu yox edir.
Adamı yox edir:
"Özümün deyilmiş bu boy, bu duruş".
Namusa qatarsan, namussuzluq baş alıb gedər:
"Qubada papağım dizimin üstdə..."
Torpağa qatarsan, torpağı itirərsən:
"Şuşada bayrağım dizimin üstdə".
İnsan üçün əbədi rahatlığın təminatçısı halallıqdır:
"Torpağın üstünə minnəti yoxdu,
Torpağın altında rahatdı yerim..."
və yaxud :
"Bircə arxayınam məzar daşımdan, -
Deyən, öz yonduğum daşım olacaq..."
Sevgi şeiri
Sevgi şeiri sevginin özündən çox-çox qabaqlar doğulub. Dünyaya gələn insanın ilk kəlməsi gözündən süzülən göz yaşları olub. Ağlaya-ağlaya dünyaya ayaq basan insan dünyanı gözləriylə, qulaqlarıyla sevməyə başlayıb. Dünyanı öz səsi ilə eşidən, göz yaşlarının tamını gözləriylə duyan insan dünyanı sevməyə başlayıb.
Ağlamaq və gülmək yer üzünün ən qədim poeziyasıdır. Beləcə sevgi yaranıb. Sevgidən sonra sevgi şeiri yarana bilməz. Sevgi poeziya ilə bir yerdə doğulur. Ramiz Qusarçaylının "Mən o quşu öz əlimlə uçurdum" şeiri ən qədim və ən modern sevgi şeiri sayıla bilər.
Şairlər hər zaman məhəbbət poeziyasının Füzuli qəlibindən çıxa bilmirlər. Əslində sevgi izharı qəliblərlə, ölçülərlə yox, dillə, ürəklə, könüllə edilməlidir:
"Bir quş uçub yolum üstə qonmuşdu,
Mən o quşu öz əlimlə uçurdum.
Yuxu idi, ya gözümü yummuşdum
Mən o quşu öz əlimlə uçurdum".
Sevginin adı olmur. Sevgidən bəxtinə düşən payı dünyadan almaq və kamına yetmək hər kəsə nəsib olmaz:
"O, bəxtimə düşən paydı, bilmədim,
O, ömrümə doğan Aydı, bilmədim,
Göyərçindi, torağaydı, bilmədim
Mən o quşu öz əlimlə uçurdum".
Sevgi tufanları olur, olanları yıxıb, uçurub qəm, kədər gətirir:
"O uçandan dünyam uçub, qəmdəyəm,
Gah özümdə, gah özümdən gendəyəm"
Sevgi namərd həyatın bic-vələdüzzina nəfərlərini deyil, "avam", pak vücudlarını sorar və qırar:
"Aman Allah, gör nə avam bəndəyəm,
Mən o quşu öz əlimlə uçurdum".
Sevgi şəhidlərinin günahları ən böyük günah sayılır:
"Sinəm altı sırsıralı günahlar,
Nə tənələr əridəcək, nə ahlar"
Ürəkdən sevgini qoparmaq çətin olduğu qədər, sevgidən yaxa qurtarmaq da mümkün-süzdür. Burda, budaqlarda quş yuvalarının dağılmağına, yuva bağlamamağına bənzər göz yaşı, könül dağı var:
"A quş yüklü, yuva yüklü budaqlar,
Mən o quşu öz əlimlə uçurdum".
Sevgi oğulun anasını ağlar qoyar və adamlar üçün dünyanın ən həzin nəğməsini qoşar:
"Bir də səsi dodağımda boy atmaz,
Ürəyimi yanğısına boyatmaz,
Nə ölümə, nə dirimə qayıtmaz,
Mən o quşu öz əlimlə uçurdum".
(Əvvəli 7-ci səhifədə)
Dərd
M.Füzuli demişkən, dərd çoxdur. Yazmalı dərdlər lap çoxdur.
"O qədər çoxalıb yazmalı dərdlər
Deyən dərd əlindən kefə düşübsüz".
Dərdin çoxluğu tək-tək dünyaya gələn insanların çoxluğudur. İnsan dünyanın dərdinə-sərinə yarıyır. İnsan dərddən macal tapmaz:
"Dərdini quzu tək qırpıb gedəsən
Bu mizan-tərəzi mən daşı çəkməz
Özünü daşlara çırpıb gedəsən".
Qrammatikada "dərd " sözü mücərrəd anlayışı ifadə edir. Ədəbiyyatda da belədir. Məsələn, Füzuli şeirində olduğu kimi, lakin insanın həyat tərzində dərd ünsürü çox aktual olduğuna görə ədəbiyyatda dərd həm də "maddiləşdirilir".
"Yaxşı ki var dərd qapısı"
Bu qapıdan əliboş qayıtmaq ağlına gəlməsin. Beləliklə, dərdin ən doğru təsviri poe-ziyada reallaşa bilir.
"Qeyrət başı bağlı, dərd başı açıq
Səhər ürək götür dərd başına çıx".
Maddiləşən dərd işləkdir, fəaldır (fədakardır)
"Ələyir, sovurur qəm bu torpağı".
İnsanın dərdi böyükdür. Birincisi, ona görə ki, adam kimi doğulur, fəqət, adam kimi yaşaya bilmir.
"Aşağı, yuxarı qulbeçələrdi,
Camaat nə gəzir, adam nə gəzir".
Dərdin fərdiləşən və ümumiləşən məqamları var.
Gedən (ölən) üçün ağlayarlar. İnsan ölümündən doğan kədər adamı ağladır. Oğlunu iti-rən ana öz dərdini - həyatda olmayan oğlunu ? ağlamaqla "yad edir."
"Oğlunu torpağa tapşıran ana
Dərdini heç kəsə tapşıra bilmir".
Bu, əbədi ayrılıq dərdidir, insan itkisindən gələn ağrıdır. Bu cür kədərlənmək daha çox fərdi məzmun daşıyır.
Xalq, millət dərdi də var:
"Çırmalanıb yasında
Yallı gedən millətim".
Yaxud:
"Bircə nəfsinizdi, bir də bu xalqdı
Ağalar, bağlayın ciblərinizi".
Bir xalq müharibə nəticəsində torpağını itirə bilər. Ancaq bu, dərd sayılmaz. Onun adı məğlubiyyətdir. Xalqın mənəvi sərhədlərinin pozulmasından dərd yaranar.
Səngərdə məğlubiyyət hələ dərd deyil. Məmur tərəfindən basılmış, aşağılanmış, təhqir olunmuş, yəni məğlub edilmiş camaatın dərdi həm də bəşəriyyətin dərdidir.
"Kimin qəbuluna gəlmisən, qağa,
Kimin qapısına atıblar səni?
Gör kimin yolunda ölmüsən, qağa,
Gör kimin kefinə satıblar səni".
Torpaq işğalı isə millətin faciəsidir. Onun da tarixi qədimdir:
"Bu dünya mənim də qəbul otağım
Hələ çox qapını bağlar içimdə.
Təbrizli, Dərbəndli əlil torpağın
Arazı, Samuru ağlar içimdə".
Dərd həm də milli səciyyə daşıyır:
"Molla iştahalar hücrə başında
Millət cibdən keçir icra başında".
" Milli " dərdlər çoxdur:
"Bizi dağıdınca "milli" vəhşilər
"Milli" yırtıcılar bizi yeyincə".
Milli ləyaqətsizlik var:
"Bu adamlar yaltaqlığın
uğurunda gizlənib
Nə yuxarı yerindədir,
nə aşağı yerində".
Məsələn, köləliyin milli
fəsadları çox uzun çəkir.
"Əlahəzrət köləliyin
cığırında gizlənib
Nə şairi yerindədir,
nə aşığı yerində".
Riyakarlıq dərdi var:
"Nə qədər...
...Yüz şeytan bəsləyib içində, ancaq
Gedib bir şeytanı daşlamaq olar..."
Vətəndə ola-ola vətənsizlik dərdi var:
"Bu yerin Vətəni cibində imiş,
Bu Vətən quyunun dibində imiş.
Boğazım qurudu Vətən deməkdən,
Boğazım gör kimin ipində imiş.
Vətəni sevməyə qoymurlar məni".
Xocalı, Şuşa kimi şüşələnib qalan dərdlərimiz lap çoxdur.
"Doyub alın yazım alın tərimdən
Qarası ağıyla qoşa tökülür.
Asmışam Vətəni kirpiklərimdən
Gözümdən Xocalı, Şuşa tökülür".
Dərd çoxdur. Bir yerdə Qusarçaylı insanlığın kədərini bu cür dilə gətirir:
"Boylanır şehlənən gözümdən indi
Kədərin Füzuli qızılgülləri".
Bu da kədərin daha bir rəsmi.
"Əzizlə bu dərdi, əzizlə, gələr..."
"Əziz dərd", - deyə müraciət etsək, necə olar... Məsələn, belə:
Əziz dostlar!
Əziz xanımlar!
Əziz analar!
Əziz balalar!...
Əziz Vətən!
" Bilirəm, Allaha qalıb əlacın,
Hər günün taleyin gizlənpaçıdır.
Səni süründürən çörək ağacı,
Səni dik saxlayan əl ağacıdır".
Bu sözlər Qarabağ əlilinə müraciətlə yazılıb.
Saymazyana mühit, insan qanacaqsızlığı və biganəliyi də qəm, qüssə gətirir, adamı qayğılandırır:
"Qeyrət saçaq-saçaqdı ki,
Minnət qucaq-qucaqdı ki,
Tanısa nolacaqdı ki!
Bu kənd məni tanımadı".
"Yazmalı dərdlər"in içində siyasət dəllallarının və aşpazlarının payı lap çoxdur.
"Bu bazar kimindi, bu mal kimindi,
Tapılır yandan da sür-sümük atan.
Sən kimin əlində qalmısan indi,
Mən kimin əlinə baxıram, Vətən?"
Yaxud:
"Yellənir Bakıda dilənçi əllər.
Yellədir Vətəni yalançı əllər".
"Və bu ağ oyunlar
Və Qarabağlar".
Tənhalıq dərdi.
Tənhalıq insanı təkcə fərdiləşdirmir, bir az da qəmləndirir. Tənhalıq insanın öz insan-lığını qoruyub saxlamağı üçün heç vaxt qurtarmayan bir güc, enerji mənbəyidir. Yer kürəsinin özü kimi dünyanın sirri insanın özü ilə tək-tənha qala bilməsindədir. Bu təklik, bu sirr Allahla bəndənin arasında başqa bir kimsənin ola bilməməsi sirri kimidir.
Tənhalıqdan doğan kədər əslində insanın dünyadan təcrid olunma zərurətindən irəli gəlir.
"Torpağın üstünə minnəti yoxdur.
Torpağın altında rahatdı yerim".
Tənhalıq cövründən yaxa qurtarmaq üçün insan ictimailəşir. Məsələn, ictimai televiziyalar yaranır. Həyatın televiziyalaşması adamın dərddən uzaqlaşması üçündür. Şairlər ictimailəşə bilmirlər. Şairin şeir yazması isə onun dərdə tab gətirə bilməsi üçündür.
"Çıxarıb köynəkdən aşıqlar kimi
Dərdi sinəsinə sıxar şairlər".
Poeziyada dünya tənhalaşır. Yer kürəsi kimi insan da tənhalaşır, ancaq təkcə poeziyada yox:
"Dağdan da ağırdır daş tənhalığı,
Ürək tənhalığı, baş tənhalığı".
Adam cəmiyyətləşəndə "maddi dəyəri"ni itirir.
"Bir ovuc torpaqdı, üstdə min yazı
Hər iki adamın bir cəmiyyəti
Nə bir oyunu var, nə partiyası
Torpağın hər yerdə birdi niyyəti".
Şairin tənhalığı sözdən başlayır:
"Mənim arılarım xalqı bəsləməz,
Mənim arılarım söz acı, Ənvər".
Söz şair üçün dərdinin üstünə dərd qoymaq sərbəstliyidir.
Şair tək deyil. Tək Allahdır. Poeziya tənhalıq dərdindən müvəqqəti qurtulma "xoşbəxtliyidir". Şair yalnız şeir yazanda xoşbəxtdir.
Şairin şeir yazması onun ictimailəşə bilməməsidir.
"Bilməyib gəlmişəm dünyaya mən də
Elə sənin kimi tənhayam mən də".
İnsan ictimailəşəndə eybəcərləşir. İctimailəşmə çoxluqdur.
"Çoxalır abrında küləş döyənlər".
İcmalaşan insan ürəyini heç kəsə (həm də özünə) aça bilmir və yaxud şeir yaza bilmir.
"Bizə tərgitdilər ürək açmağı".
və ictimailəşir:
"Hələ qəbullarda kağız açırıq".
İctimailəşə bilməyən adam sevincə - icmalara kənardan baxmağa başlayır:
"Sevincə kənardan baxar şairlər".
Kədər, yəni dərd ibrətdən axıb gəlir. Dünyaya gəlib-getmək ən böyük ibrətdir. Kədər həmişə nəyinsə qonşuluğundadır. İnsanın bu dünyayla tanışlığından başlayan böyük kədər iki hiss və duyğunun - sevincin, kədərin həyatiliyindən zühur edir. Sevincin nəyəsə qoşulub getməyi, nəyinsə sevincə, nəşəyə qoşulmağı nə qədər ağlabatandırsa, dünyayla kədərin qonşuluğu bir o qədər realdır (Kədəri heç nəyə qoşmaq olmur, o həmişə nəyinsə qonşuluğundadır):
"Artır kədərimin qonşu atları,
artır sevincimin qoşqu atları".
Dünyanın nəşəsinə, kefinə qatıla bilməyənlər tənhalaşır.
Dünyanın kefinə soğan doğrayanlar dünyadan təcrid olunurlar. Dünyadan təcrid olunmaq (bax: tənhalıq) bir az şair olmaqdır:
"Bu elə dövrdür, bu elə, atam,
Şair olduğuna utanır adam".
Dünyadan təcrid olunmaq insanın özündən üz döndərməsidir:
"Ürəyim nə doğur, ölür başımda
Ölməsəm, tapılmaz əlacı, Ənvər".
Dünyadan təcrid olunmaq onun insan haqlarının, məsələn,
Vətən haqqının əlindən alınmasıdır:
"Çox endim dünyanın dərinliyinə,
Çox endim ağlımın dayazlığından.
Aya beşik dedim, ulduza yüyrük.
Nə Araz əl çəkdi Arazlığından,
Nə dərd var dünyada
Samurdan böyük".
Söz haqqının əlindən alınmasıdır.
"Söz azadlıq çabasında"
İnsanın din və imanının
əldən getməsidir.
"Din siyasi əbasında"
Və sair, və ilaxır.
Siyasi cəmiyyətlər insan bicliyinin yeni ixtiralarıdır. Buna ironiya çox yaraşır:
"Hər kənddə bir partiya
Azadıq, bəy, azadıq".
İnsan bicliyi artdıqca, düzlük "işə keçmir" və düzlər dünyadan təcrid olunur, yəni tənhalaşır:
"Yağış yaşıllığı çürüdən kimi
Çürüdür ömrümü düzlüyüm mənim".
Tənhalıq dərdindən xilas olmağın ən doğru yolu tənhalığa çəkilməkdir. Tənhalığa çəkilməyin bir üsulu şeir yazmaqdır.
Şeir, poeziya bəşəriyyətə həmişə lazım olacaqdır. Elə dərdin özü kimi.