adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Oktyabr 2018 00:17
14898
GÜNDƏM

İLLÜZİYA

Oğlum Erola

(Esse)

İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar.Anais Nin

Loğman Rəşidzadə

XOŞBƏXTLİK
DÜSTURU

Yaxud melatonini (həyat eleksiri, xoşbəxtlik hormonu) necə yaratmalı

Biz doğuluşdan əbədi yürüşdə və mücadilədəyik. Hər yerə baş vurur, hər şeyin mahiyyətinə varmağa çalışırıq. Sirli-soraqlı dünyanın dərkedilməz sərhədlərinə, bəzən heç bizim xəyallarımız da yetmirsə, onda bu çarpışmalar nə üçündür? Belədirsə kainatın sirrini öyrənməyə niyə can atırıq? Sonu eyni nəsnəyə calanmırmı? Absurd bir hüdudsuzluq! İllüstrativ bir heçlik! Amma fərqinə varmadan elə hey axtarırırq. Bu çərxi-fələyin zaman və məkan adlı gərdişində tapdığımız nə, itirdiyimiz nə? Fərqindəyikmi? Nə axtarırıq? Həqiqətmi, azadlıqmı, xoşbəxtlikmi, işıqmı? Tapırıqmı? Yaxud, tapdıqlarımızı özümüzə yaraşdırırıqmı? Bu virtual və rasional yaşantılarımız yalnız bizi qane edəndə bir-birini tamamlayır, daxilimizdəki kosmik əhvalla, səmavi ovqatla az-çox üst-üstə düşür. Və xaotik dünyamızı öz aləmimizdə, xəyali də olsa belə, sanki nizamlaya, ritmə sala bilirik. Ruhumuz və könlümüz yalnız bu çərçivədə rahatlıq tapır, aram olur. "Bu dünyada heç nə öz yerində deyil və bunu bilməkdənsə bilməmək daha yaxşıdır". İncildə belə deyilir. Bəlkə bunu bilmək, bu pərakəndəliyi yerbəyer etmək, bu paradiqmaları uyğunlaşdırmaq istəyi və ehtirası, eləcə bu əbədi qanunları pozmaq cəhdidir? Bəlkə insan əməyi son anda buna görə uğursuzluğa düçar olur? İnsan, beləcə, onu qane etməyən bu pərakəndəliklərlə vuruşa-vuruşa, deyəsən axı, həm də günah edir, dünyanın tarazlığını pozur? Tarazlıq bəlkə də elə, bu kobud təbiilikdədir? Bəlkə biz bu tarazlığı pozduqca Allahın işlərinə əl uzadırıq, ona əlavələr edirik, dünya içində özümüz üçün özəl bir dünya yaratmağa can atırıq? Bəlkə elə buna görə də ən xoşniyyətli əməllərimiz belə, son anda bumeranqa çevrilir?.. Bu "yeni dünya"nın, söz yox ki, ayı-ulduzu daha parlaq, Günəşi daha işıqlı, fəsilləri həddən ziyada gözəl və cazibədardır... Bu dünyanın qarı-çovğunu, tufanı, zəlzələsi-filanı da, deyəsən heç olmur, çətinliklərlə üzləşmirsən, ziqzaqlardan keçmirsən, xırım-xırda maneələr yaranır, onları da asanlıqla dəf edirsən. Bəli, bəli, yanılmırsınız, tam bir illüziya... Kimsə bundan nə vaxtsa sığortalanıbmı?. Bizim hər birimiz bu dünyada öz nağıllarımızı quraşdıra-quraşdıra yaşamırıqmı?.. Həyatımızı daim şirin bir röyaya çevirməyə can atmırıqmı?.. Nağılların, şirin röyaların bu gün də olmasa, sabah bizi xoşbəxt edəcəyinə əbədi ümid bəsləmirikmi?.. Bu şirin arzular, bəzən bizi çox uzaqlara aparır. Sığındığımız arzular çox vaxt yaratdığı əndişələrlə bizim özümüzü özümüzə qarşı qoyur. Arzu ac gəzən yalquzaqdır, ömrümüzü didib parçalamaqla bizi məchulluğa sürükləyir. Böyük arzular şeytani bir həvəslə bizi mücərrəd və anlaşılmaz boşluğa çəkir. Həzrət Əli (ə.s.) təsadüfən demirdi ki, arzularınızı qısa edin, böyük arzular, böyük fəsadlar törədir.
Qurani-Kərimdə belə bir kəlam da var: "Allahdan çox istəyin!". İlk baxışdan Həzrət Əlinin (ə.s.) fikirləriylə paradoks yaratmırmı?... Bəli, məhz, ilk baxışdan. Əslində, mahiyyətə varsaq, Həzrət Əlinin (ə.s.) dediklərinin Quran ayəsinin məntiqi davam olduğunu fəhm etmək, heç də çətin olmaz. Həzrət Əli (ə.s.) məhz Allahın vermədiklərinin əndişəsini yaşamağın bəlalarına, yaratdığı narahatlıqlara, fiziki və mənəvi əzablara işarə vurur. Bu, "daha çox istək", əslində rəhimli Allahla şükran bəndə arasında mütəvaze bir ünsiyyətə işarədir. Allah hər arzulananı verə bilməz, hər istəyi çin edib bəndənin təbii koordinatlarını dağıda bilməz axı... Burada istək və arzu ilə reallıq arasında ilahi bir lütfün mövcudluğunu da unutmaq olmaz. Allah hər kəsi əməlinə və zəhmətinə görə mükafatlandırır, insanı mənəvi-əxlaqi parametrlərilə qiymətləndirir. İnsanın özünə qalsa nələr istəməz ki?... Bütün dünya, əslində bəni-adəmin gözünü doydurmaz, nəfsini və şəhvətini söndürməz. Quranda, eləcə, yəqin ki, buna görə müəyyən hədlər, ölçülər qoyulub: "Biz hər insanın qədərini onun şəxsi (çabasına) zəhmətinə bağlı qıldıq." (İsra 13). Bu xüsusda Məhəmməd Peyğəmbər (ə.s.) də buyurur: "Mükafatların dərəcələri əziyyətlərin dərəcələri ilə ölçülür."
Bu dünyanın nağıl variantını çox gözəl bilmiş və ömrünü, eləcə nağılvari yaşamış Xristian Andersen "Yaşamaq üçün Günəş, azadlıq və xırda bir çiçək kifayətdir",- deyəndə, yəqin ki, bu mənəvi hədləri anladırdı. Yaxud M.Qorki: "Dünya insan üçün qaranlıq gecədir. Burada öz işığını hər kəs özü tapmalıdır", - yazanda, yenə də bunu nəzərdə tuturdu. Xoşbəxt olmaq üçün insana ta nə lazımdır?.. Bəli, hər kəs ömrü boyu öz günəşinin, azadlığının, işığının, xırdaca bir çiçəyinin sorağında olur, bu xoşbəxtliyin eşqiylə yaşayır. Və bunu, hətta arzularda, illüziyalarda olsa da belə, özü üçün yaratmağa çalışır.
İllüziyalar həmişə kara gəlir: insanın özü-özüyçün uydurduqları, quraşdırdıqları, öz ömrünə caladıqları, başqa sözlə, özünüaldatma, özünüinandırma... Bu sintetik və sintirektik absurdvarı dünyamızı yaşaya-yaşaya zaman-zaman həm də unuduruq ki, (və yaxud unutmağa çalışırıq) biz arzularımızı yox, taleyimizi yaşayırıq. Xoş halına o kəslərin ki, bunu bacarır, hər şeyə rəğmən yaşamağa can atır, reallığa meydan oxuyur. Niyə də olmasın? Axı bu fani dünyada hər kəsin xoşbəxt olmaq haqqı var. Heç olmasa qoy bu, xəyalda, arzuda, illüziyada olsun. Melatonini yaratmaq, həm də individual prosesdir, hər kəsin öz işidir. Zaman gəlir, biz təbii melatoninə süni əlavələr qatıb onu gücləndirmək, həyatımızda xoşbəxtlik aurası yaratmaq cəhdində də bulunuruq. Beləliklə də, öz Günəşimizi, azadlığımızı, xırdaca çiçəyimizi və işığımızı öz içimizdə tapır, daxilimizdə, duyğu və düşüncələrimizdə, xəyallarımızda olsa da belə, yaşadırıq. Bəli, insan öz xoşbəxtliyini uydurub da yaşaya bilər... Bəlkə onun buna haqqı yoxdur?
Şübhəsiz xöşbəxtliyi biz kənarda yox içimizdə axtarmalı, başqa sözlə, özümüz özümüz üçün yaratmalıyıq. "Qəribədir, bu dünyada hamı xoşbəxtlik axtarır. Amma xoşbəxtliyə çatmanın ən əsas yolunun düşüncələrdən və həyata baxışın dəyişməsindən ibarət olmasını anlamırlar. Xoşbəxtlik xarici faktorlardan asılı deyil, xoşbəxtliyin əsasında daxili ab-hava dayanır. Kimləsiniz, hardasınız, hansı şəraitdəsiniz, fərq eləməz. Əgər bunlar sizi xoşbəxt etmirsə, demək problem daxilinizdədir. İki müxtəlif insan eyni pula malik ola bilər, eyni şəraitdə yaşaya bilər, eyni yerdə ola bilər, amma onların biri xoşbəxt, diğəri isə özünü bədbəxt hiss edə bilər.
Şekspir, yaxşı və pis hec nə ola bilməz, yaxşını, pisi düşüncələrimiz yaradır,-demişdir "(Deyl Kornegi).
İnsanı özündən yaxşı tanıyan kimsə ola bilməz. Hüceyrəmizin DNT yaddaşında hər şey saxlanılmaqdadır: pis də, yaxşı da, xeyir də, şər də... Diqqət yetirsəniz, görərsiniz ki, hər kəsin özünəməxsus adətləri, bacarıqları, vərdişləri, davranışları vardır. İnsan xarakterləri barmaq izləri qədər bir-birindən fərqli və seçkindir. Buna görə gərəkdir ki, hər bir şəxs özünü tapsın, tanısın. Əslində də belədir. Hər kəs özünü tanıyır, bilir, hansı sosial, mənəvi-əxlaqi, psixi-emosional parametrlərə mənsub olduğunu yaxşı dərk edir. Sadəcə, biz hər deyəndə incə gedişlər edir, fəndlərə əl atır, lazım olanda kələk gəlir, hiylə işlədir və həyatımızı yalan üstündə kökləyib özümüzü gicliyə vuraraq özümüzü də, ətrafımızı da əndişələrə salırıq. Bizə lazım olan, sərf eləyən, fayda gətirən nəsnələr üçün hər cür hərəkəti yetərli sayırıq. Bəzən hətta o qədər yalanlar uydururuq ki, axırda özümüz öz yalanlarımıza inanmağa başlayır, özümüz özümüzü aldadırıq. Emosionallıq insanın qanındadır. Əvvəlcə, nəyisə qeyri-ixtiyari şəkildə edər, sonra həmin əmələ öz məntiqiylə mənalar uydurub don geyindirər.
Beləliklə, təkcə ağlımızla yox, duyğu və düşüncələrimizlə, ruhumuzla, xəyallarımızla da həyat uğrunda savaşdayıq. Bu yaşantılar paradokslarla da izlənə bilər: xəyal qırıqlığı, ruhi sarsıntılar, düşüncə pərakəndəlikləri... Axı, "insan ruhunun ən ülvi təzahürləri də keçici olur - həqiqət yolunda Xeyir Şərə çevrilə bilir" (T.Momzen). Bütün bunlar insanın ruhi əndişələri, xəyali çabaları, daha gözəl, rahat, cazibədar, mükəmməl həyat axtarışları, xoşbəxtlik qayğılarıdır. İnsan ziqzaqlara düşdükcə, maneələrlə baş-başa gəldikcə, çətinliklərə üzləşdikcə intensivləşən bu axtarışların yolları da şaxələnir, reallıqlarla xəyalın sərhədləri qarışır, illüziyalar, yalanlar, özünüaldatmalar özünüovundurmaya çevrilir. İnsan tədricən öz içinə çəkilir. Ümumiyyətlə isə, həyatın təhtəlşüur tənzimlənməsi nəticəsində elə halətlər baş verir ki, onlar kosmik səciyyə daşıyır, bizim şüurumuzun və iradəmizin cazibəsindən çıxır. Biz, azmı olub ki, yaxşıyla pisi qarışdırmayaq, haqla nahaqqın yerini səhv salmayaq, qaranlığı işıq bilməyək, özümüz istəmədən belə, şərə xidmət etməyək?.. Əgər xoşbəxtliyi kiminsə bədbəxtliyində tapa biliriksə, hətta bu da bizi qane edir. İnsanın bir varlıq kimi mürəkkəbliyi, rəngarəngliyi, qeyri-standartlığı da bu yaşantılardadır. İntellektimizin, şüuraltı duyğularımızın və instinktiv yaddaşımızın tənzimləyiciləri də məhz bunlardır - insan təbiətində qovuşan bir-birinə zidd və bir-birini ahəngdar tamamlayan xüsusiyyətlər.

Erosla Tanatos
arasında
İnsanelə bir unikal bioloji varlıqdır ki, bütün xarici aləm, əslində onun daxilində formalaşmışdır. Daha dəqiq yanaşsaq, hər bir informasiya hüceyrələrdə oturuşub öz əksini tapır. Bundan əlavə, yetkinlik yaşına çatanadək verilən təlim-tərbiyə, təhsil nəticəsində yeni informasiyalar hüceyrə yaddaşına absorbe olunur. "İnsan öz beyninin, yəni düşüncələrinin məhsuludur" (M.Qandi).
Həyat bütünlükdə, həm də yalan və yanlışlıqlar içərisində keçir. Yaranışdan hüceyrələrimizin yaddaşıyla doğuluruq. Genetik kodlar, dədə-babalarımızın universal həyat tərzinin simptomları, hətta doğulduğun yerin, torpağın, təbiətin coğrafi yaddaşı və s. və i.a... Bütün bunlar hüceyrə yaddaşımızın ilkin təməl yükü, informasiya bankıdır. Zaman keçdikcə bizim yaşam və həyat tərzimizə uyğun olaraq bu hüceyrə yaddaşı da dəyişir, inkişaf edir, bəzən də coşqun hala düşüb hədləri və sərhədləri itirir. Bütün bunlar isə bizim əməllərimizdən süzülür. Biz, hüceyrələrimizin yaddaşına təsir etməklə, əslində onu idarə edirik. Bütün yalan və yağmalarımızla, yanlışlıqlarımızla, pis vərdişlərimizlə onları çaşdırır, ilkin xoşniyyətli mənbəyindən ayırır və pərən-pərən salırıq. Bu, həm mənəvi, həm də fiziki ağrılara, əzablara gətirib çıxarır.
Bumeranq prinsipi nəzərə alınarsa, əksər təhsil və tədris istənilən böyük yanlış və yalançı informasiyalar yaradır. Bütün bunlar da bizim DNT sistemimizə hopur və böyük fəlakətlərə yol açır. Hətta, bəzi dini kitablarda, deyək ki, günah və xəyanət haqqında diskussiyalarda yanlış hökmlər verilir, çaşdırıcı fikirlər irəli sürülür, Yaradanın qorxusundan, cəhənnəm əzabından, işgəncədən, cənnət feyzindən və s.o qədər danışılır ki, son anda insan çaşbaş qalır. Belə çıxır ki, hətta Allah insanlara cənnət vəd etməsəydi, ona inanmaz, sitayiş etməz və onu sevməzdilər?


(ardı gələn sayımızda)