"HEYF Kİ, TEZ KEÇDİ ÖMÜR"

(Nurəddin Mirzəxanlının 70 yaşına)
Başımda bir az gümüşdü -
Saçlarımın bax ağına!
Vaxt oldu, çox arzum düşdü
Ehtiyacın ocağınag
Sevincim çox dayaz oldu,
Çəkdiyim dərd-qəm cürbəcür?
Gecə-gündüz çalışsam da,
Nə təbimdən Araz oldu,
Nə də ilhamımdan bir Kür.
Heyf ki, tez keçdi ömür!
Bu sətirlərin müəllifi yetmiş yaşına gəlib çatmış şair Nurəddin Mirzəxanlıdır. Bu şeri o, düz on beş il öncə qələmə alıb. Onda 55 yaşı vardı. Hər bir şairin yaşadığı ömründən-günündən, hətta öz yaradıcılığından şikayətlənməsinə az təsadüf etməmişik. Amma həmin şeirin sonunda Nurəddin yazır ki: "Nə gizlədim, istəyirəm - Şair kimi düşüm yada!". Bunu bir şairin səmimi etirafı kimi də qəbul etmək olar. "Nə təbimdən Araz oldu, nə də ilhamımdan bir Kür" deyən Nurəddin Mirzəxanlı müasir poeziyamızda heç də qərib deyil, o, tanınır, oxunur və mətbuatda da müntəzəm çıxış edir. Neçə il Azərbaycan ordusunda xidmət edib, Qarabağ döyüşlərində iştirak edib. Şeirləri haqqında da söz deyilib, fikir söylənilib. Hələ yetmişinci illərdə Xalq şairi Xəlil Rza Ulutürk onun şeirlərinə "Uğurlu yol" yazıb. On il öncə Cəmil Əlibəyov Nurəddinin şeirləri barədə "Zabit köksündə duyğulu şair ürəyi" adlı böyük bir məqalə yazıb. Həmin məqalədən bir parça: "Son dərəcə həssas, kövrək, utancaqmı deyim, acizlikmi adlandırım bunu, bilmirəm; pilə kimi yumşaq, salxım söyüd saçları kimi titrək qəlb sahibi Nurəddinin şair ömrünün necə keçdiyinə təəccüb etməmək olmur. O, daim coşur. Şairlik də elə budur! Və daha çox da odur ki, çiynində paqon daşıyasan, bir an içərisində tərəddüd etmədən yağı sinəsinə tuşlanmış silahın tətiyini çəkmək intizarında olasan və qəlbindəki insana məhəbbət duyğuları ürküb getməsin səndən".
Nurəddin Mirzəxanlı həmişə özündən narazı qalan şairdir. Bir şeirində yazır ki:
Hələ şairlərin sıxdı sırası,
Nə Məmməd Arazam, nə Səməd Vurğun,
Görəsən, şeirimin bircə misrası
Yaddaşında varmı bir oxucunun?
Əlbəttə, Nurəddinin səmimiyyətinə inanıram. Amma mənim fikrimcə, belə etiraflara ehtiyac gərək duyulmasın. Poeziyada hər şairin öz yeri, öz mənzili var. Nurəddin elə Nurəddin Mirzəxanlı kimi poeziyada özünü təsdiqləyə bilibsə, kimə isə bənzəməsi, onların mərtəbəsinə can atması əbəsdir. "Görəsən, şeirimin bircə misrası, Yaddaşında varmı bir oxucunun?" - qətiyyən nigarançılığa səbəb yox. Nurəddinin şeirləri də oxucuların diqqətindən kənarda qalmır.
Nurəddin Mirzəcanlının ustad şairlərə həsr etdiyi bir sıra şeirləri var ki, bu şeirlərdə təkcə hüsn-rəğbət, ehtiram hissləri deyil, həm də həyatın, gerçəkliyin onu narahat edən məsələləri ilə dərdləşmək ehtiyacı hiss olunur. "Xalq şairi B.Vahabzadəyə açıq məktub" şeiri məhz belə bir ehtiyacdan yaranıb. Səməd Vurğuna həsr olunan "Şair" şeirində də eyni hissin ifadəsini görürük. Səməd Vurğun da, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da Nurəddin Mirzəxanlı üçün poeziya məktəbləridir, - desəm, yanılmaram.
Nurəddin Mirzəxanlının şeirləri ayrı-ayrı obrazlar üzərində qurulur və bu obrazlar onun dünya, cəmiyyət, zaman və Vətən, ömür yolu haqqında düşüncələrini ortaya gətirir. Məsələn, onun "Yol" şerini misal gətirmək olar. Yol haqqında düşüncələr onu çox mətləblərə aparıb çıxarır.
Yol var su içində...
Yol var qupquru...
Yol azana cığır qənimət imiş!
Elçi gedən yolun işığı, nuru,
Sevda yolu olan məhəbbət imiş!
Yolu düz getməyən gəmi də batır,
Dara düşən quşa bir gümandır kol!
Sənətkar uğurlu yola can atır,
Sənət yollarında uzandıqca yol!
Dünyada yollar var-yolçusu bol-bol,
Yol tanıyan kəsdə düz olur vədə.
İnsan nəfəsinə həsrət qalan yol
Qalın qar altında donur zirvədə!
Dərdli yollar keçdim-dərdi duyanam,
Göyün buludu da axıb ağlayır;
Başımın tacını itirən anam
Atam gedən yola baxıb ağlayır!
"Tikan" şeiri də bir obraz üzərində düşüncələri əhatə edir. Amma "Ağac" şeiri Nurəddinin insan-təbiət harmoniyasını əks etdirmək baxımından daha maraqlı təsir bağışlayır.
Nurəddinin şeirlərində bir-birinə zidd, konflikt doğuran obrazlar da qarşı-qarşıya gəlir, İşıq-Zülmət, Mərdlik-Namərdlik, Halal-Haram və s.
Halal bir qızıldı,
Haram bir dəmir,
Kim bilmir ki, hansı tez gedir bada?!
Halalın tər-təmiz dəni cücərmir
Haramın qaranlıq bazarlarında!
Yavana dözmədi sahibsiz insan,
Çox halal qazanda aş oldu haram;
Çox sinədə ürək daş olduğundan
Halalın yolunda daş oldu haram!
Nurəddinin şeirlərinin əksəriyyəti onun öz ömrünün ayrı-ayrı yarpaqlarıdır deyirəm. Çünki insan özü də bütün fəsillərin yağışına, gurşadına, qarına, çovğununa, istisinə, bürküsünə tab gətirən bir qayım ağaca bənzəyir. Onun təbiət düşüncələri də, sevgi şeirləri də, müharibə haqqında dedikləri də sanki bu ağacın dözümünü, şəfqətini əks etdirir. "Səni görmək üçün bu gündən belə Ümidim, gümanım yuxuya gələr" - sevgi həsrətini bundan da gözəl demək olarmı? Onun sevgi şeirlərində sünilik yoxdu, təmizlik, saflıq, təbiilik var. Deyir ki:
Qonağım gələydi barı sən adda,
Nə vaxt qovuşacaq yoluna yolum?!
Pəncərən önündə - xoşbəxt ağacda
Hərdən istəyirəm göyərçin olum!
Nurəddinin "Sərhədçi düşüncələri" poeması vətənpərvərlik duyğularının bariz ifadəsidir. Xalq şairi Sabir Rüstəmxanlı yazır: "Uzun fasilədən sonra Nurəddin Mirzəxanlının yeni bir əsərini oxuyanda hərbiçi peşəsinin onu qələmdən soyutmadığına sevindim. Əksinə, "Sərhədçi düşüncələri"ni yalnız hərbiçi, həm də Vətənin hər qarış torpağına, sərhədinə, sərhəd dirəklərinə-namus-qeyrət kimi, od-ocaq kimi baxan poetik ruhlu bir hərbiçi yaza bilərdi". Poemada epik-lirik səhnələr bir-birini əvəz edir.
Qəribin ən böyük arzusu - Vətən,
Həmdəmi gah kədər, gah göz yaşıdır;
Vətəndaşın halal ruzusu - Vətən
Vətənin sərhədi - vətəndaşıdır!
Nurəddin Mirzəxanlının "Vətəndən nigaranam" yeni şeirlər kitabı da qarşımdadır. Və bu kitabda bütün şeirlər bayatılardır. Xalq şairi, mərhum deməyə dilim gəlmədiyi Zəlimxan Yaqub bu kitabda toplanan bayatılar haqqında "Könül söhbəti" adlı çox səmimi bir müqəddimə yazıb: "Onun yaratdığı bayatılar insandan insana körpüdür, könüldən könülə ərməğandır. Bu bayatılarda yurd yeri də var, Göyçə də var, Qarqar da var, Qarabağ da var, Məhəmməd peyğəmbərin (s.a.s.) mindiyi Rəfrəfin qanadlarının pıçıltısı da. Azərbaycan dilində nə qədər doğma və şirin sözlər varsa, onların əksəriyyəti Nurəddinin bayatılarında var". Mən də bu bayatıları oxudum. Və Zəlimxanın çox emosionallıqla ifadə elədiyi fikirləri ilə tam razıyam. Ona görə də Nurəddinin "könül söhbəti"ndən bəzi çırpıntıları bu yazıya qatıram:
Görünə dağ,
Dan gülə, görünə dağ.
Dərd tanıda dərdini,
Sinədə görünə dağ.
Kasa sına,
Qulp düşə, kassa sına.
Getdin yar, daşdı gözüm,
Dondu dərd kasasına.
Gül dodağa,
Gül üzə, gül dodağa.
Gülüzlüm gülü öpdü,
Gül qondu gül dodağa.
Oğul dağı var,
Yurdun, oğul, dağı var.
Dünya boydadı dərdi,
Kimin oğul dağı var.
Doğrudan da, bu bayatıları Nurəddin Mirzəxanlının son illərdəki yaradıcılıq qələbəsi hesab etmək olar. Bayatı yazmaq çox da asan deyil. Özü də orijinal bayatı. Həm də bütün bayatıları cinas qafiyələr üzərində qurmaq istedad tələb edir.
Və mən 70 yaşlı bu istedadlı şairə həmişəyaşar bayatı ömrü arzulayıram!
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Digər Xəbərlər

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub - FOTOLAR

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN VAQİFİ

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ
