adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Fevral 2018 22:28
42003
LAYİHƏ

Həmidə xanım Cavanşir

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Həyatının bütün keşməkeşli günlərini xatirələrində qələmə alan Həmidə xanım daha sonra yazırdı: "1907-ci ildə Qarabağda çəyirtrə və aclıq gözlənilirdi. Belə də oldu. Mən hər ehtimala qarşı xeyli darı ehtiyatı saxlamışdım. Aclıq zamanı camaata darı və un payladım. Bu haqda o zamanın qəzetlərində yazmışdılar. Martın ortalarında rayonumuzda və qonşu rayonlarda külli miqdarda çəyirtkə peyda oldu. Hökumət məmurları çəyirtkəni məhv etmək üçün çöllərə çoxlu işçi qüvvəsi çıxartmışdı. Lakin fəhlələr yeməklə pis təmin olunduğundan onların işi səmərə vermirdi. Mən evdə çörək bişirtdirib aparıb ayrı-ayrı məntəqələrdə özüm fəhlələrə paylayırdım. Əkinləri xilas etmək üçün gecə-gündüz işləyirdim. Axırda gördüm ki, bir şey çıxmır, qubernator Kovalyova teleqram vurdum. Teleqramda vəziyyətin dəhşətli şəkil almasını göstərib təcili tədbirlər görülməsini xahiş etdim. Tiflis xeyriyyə cəmiyyəti bizim rayonun məruz qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərdidələrə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərdi. Mən daha çox zərərçəkən kəndlərə gedib hökumət məmurlarının və kənd ağsaqqallarının iştirakı ilə hər nəfər başına bir manat əlli qəpik payladım".
Həmidə xanımın bir bəy qızı olaraq ictimai həyatda olan bu fəallığı, kəndlilərə qarşı canı yananlığı şübhəsiz ki, hamının, xüsusi ilə ətraf bəylərin xoşuna gəlmirdi. Bu məsələyə də Həmidə xanım öz xatirələrində ciddi şəkildə toxunaraq yazırdı:
"Mənim hərəkətlərim qonşu bəylərin xoşuna gəlmirdi. Onlar həmçinin mənim qohumlarımı da öyrədib üstümə salırdılar. Onlar mənə hər cür ziyan verməkdən çəkinmirdilər. Ümumiyyətlə qonşu bəylər bizim əkinləri, bağ-bağatları korlamaq üçün əllərindən gələni edirdilər. Heç bir çəpər, heç bir maneə bu iki ayaqlı heyvanların qarşısını ala bilmirdi".
Məhz belə bəylər haqqında Həmidə xanım bayatılarının birində yazırdı:

Buxarı qurum saxlar,
Od yanar, qurum saxlar,
Qırıldı mərd igidlər -
Qaldı bu qurumsaqlar!

Həmidə xanım zəmanəsində tüğyan edən nadanlığın, savadsızlığın və xəstəliklərin qarşısının alınmasının əlacını ancaq xalqın maariflənməsində görürdü. O, bu məqsədlə heç olmasa öz doğma Kəhrizli kəndində məktəb açmaq, xalqı savadsızlıqdan, cəhalətdən qurtarmaq istəyirdi. Bu baxımdan onun öz xatirələrində toplanmış fikirləri ilə tanış olmaq maraqlıdır:
"Mən çoxdan Kəhrizli kəndində oğlanlarla qızların bir yerdə oxuduqları məktəb təşkil etmək arzusunda idim. Məktəb üçün bina çoxdan tikilmişdi. Mirzə Cəlil mənim niyyətimi bəyəndi. Onu həyata keçirmək üçün işə girişdi. O, xarrat erməni Qriqora 20 skamya və sinif löhvəsi hazırlatdı. Lazım olan kitabları, dərslikləri, dəftərləri və s. aldıq. Sonra yığıncaq çağırıb kəndliləri və onların arvadlarını dilə tutduq ki, uşaqlarını məktəbə göndərsinlər. Kəndlilər mənə hörmət bəsləyir və inanırdılar. Buna görədə onların bəziləri qızlarının məktəbə getməsinə razılıq verdilər. Mənim qohumlarım qızlarını məktəbə məmnuniyyətlə buraxdılar. İlk günlərdə məktəbə otuza yaxın oğlan və on nəfər qız uşağı gəlirdi. Onlarla Mirzə Cəlil özü və mərhum qızım Mina məşğul olurdu. Sonra Gürcüstandan müəllim Xmaladzeni dəvət etdik. Məvacibindən əlavə onu yemək-içmək və mənzil ilə də təmin etdik. Uşaqlara azəri dilindən dərsi kəndin sakini Mirzə Şəfi Axundov deyirdi. O biri il Qori seminariyasını bitirmiş Əlibəyovu və Salman müəllimi çağırıb məktəbə müəllim təyin etdik. Məktəbdə oxuyan yoxsul uşaqlara paltar və ayaqqabı da verirdik".
Beləliklə 1907-ci tədris ilində Həmidə xanım Kəhrizlidə oğlanlarla qızların bir yerdə oxuduğu bir sinifli məktəb açıb xalqın istifadəsinə verir. Maraqlıdır ki, elə həmin ilin sonunda onun ömür-gün yoldaşı Cəlil Məmmədquluzadə həmin məktəbin nəzdində "Molla Nəsrəddin" adına kitabxana da təşkil edir. Bu kitabxana Ağcabədidə təşkil olunan ilk kitabxana olur.
Təhsil sahəsində Həmidə xanımın göstərdiyi xeyriyyəçilik təkcə Kəhrizli kəndi çərçivəsində məhdudlaşıb qalmırdı. Tiflis Qızlar İnstitutunda oxuyan öz qızına və Mirzə Cəlilin Nazlıdan olan qızına baş çəkmək üçün Tiflisdə olduğu zaman öyrənirk ki, institutda qızlara Ana dili dərsi deyən müəllim yoxdur. Əməkhaqqı verilmədiyindən heç bir kəs bu dərsi aparmır. Məlum olur ki, bu işin həllinə köməkliyi isə ancaq Şeyxülislam edə bilər. Həmidə xanım çəkinmədən onun yanına gəlir. Şeyxülislama bildirir ki, instituta müəllim təyin etsin, əməkhaqqını özü verəcək. Həmidə xanımın bu açıq cəsarəti Şeyxülislamın xoşuna gəlir və söz verir ki, müəllim təyin olunana qədər qızlara dərsi özü deyəcək. Elə də edir. Sonra müəllim təyin olunur və əmək haqqını da Həmidə xanım ödəyir.
Xeyirxaqlıq fitrətən Həmidə xanımın qanında idi. Yıxılana əl uzatmaq, xəstəyə, imkansıza kömək etmək onun xarakterinin əsas məziyyətlərindən idi.
Məlum olduğu kimi böyük şairimiz Mirzə Ələkbər Sabir ömrünün son günlərində ciddi xəstə olmuşdur. O, Mirzə Cəlilin, Həmidə xanımın dəvəti ilə Tiflisə gəlib onların köməkliyi ilə müalicə olunmuşdur. Bu zaman o, Mirzə Cəlillə Həmidə xanımın evində qalmış, şairin müalicəsi ilə bu iki alicənab insanlar məşğul olmuşdur. Bu zaman Həmidə xanım şəxsən özü onun qulluğunda dayanmış, böyük şairin sağalması yolunda Mirzə Cəlillə hər ikisi əllərindən gələni əsirgəməmişlər. O vaxtlar Mirzə Cəlil Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalının redaktoru işləyirdi. Xüsusi ilə Həmidə xanımın böyük qayğısı xəstə şairi bərk mütəəsir etmiş, sonradan dostu Abbas Səhhətə göndərdiyi bir məktubda yazmışdır: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam, bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə tamam məxaracımı və zəhmatimi mütəhəmmil olmuşlar. Mən mehmanxanada, ya xəstəxanada yatmağa razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".
Qara ciyəri xəstə olan böyük şair həkimlərin və dostların cərrahiyyə əməliyyatı olunmaq üçün etdiyi təklifə razı olmayıb, əlacsız Şamaxıya qayıtdıqdan sonra Həmidə xanımdan dostlarına dəfələrlə razılıq etmiş, hətta bir dəfə onun haqqında bədahətən farsca aşağıdakı beyti demişdir:

"Nəkərdənd gəz əcəl püştəm xəmidə
Gəşəm dərdüşi - xud rənci Həmidə"

(Əgər əcəl belimi bükməsə Həmidənin xəcalətindən çıxaram)
Həmidə xanımın Sabirə göstərdiyi qayğı barədə böyük bəstəkar, həmyerlimiz, ölməz Üzeyir Hacibəyli o vaxt mətbuatda çıxan bir məqaləsində yazırdı:
"Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadeyi səhhəti üçün milyonçu kişilərə rəğmən öz varından keçərək qədər böyük bir həmiyyət göstərdi".
Həmidə xanım eyni zamanda Cəlil Məmmədquluzadənin kicik qardaşı, İran inqilabının fəallarından biri, Cənubi Azərbaycanda azadlıq fədailəri Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin, yaxın dostu və silahdaşı Mirzə Ələkbər Məmmədquluzadənin onu gözləyən ömürlük sürgün cəzasından xilas olmasında, qayğısında və müalicə olunmasında əlindən gələn maddi və mənəvi köməkliyi göstərmişdir Həmidə xanımın cəsarətli bir qadın, haqq sözü deməkdən çəkinməyən bir tribun olduğunu xarakterizə etmək sahəsində onun 1-6 noyabr 1912-cü ildə Tiflisdə Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Qarabağda Pambıqçılığın vəziyyəti barədə etdiyi tarixi çıxış böyük əhəmiyyət kəsb edir. Olduqca iftixar doğurası haldır ki, Qarabağda pambıqçılığın vəziyyəti və problemləri barədə çıxış etmək Həmidə xanıma həvalə olunmuş və Həmidə xanım bu tarixi çıxışı rus dilində etmişdir. Müasirlərin söylədiyinə görə hələ qurultay başlamamışdan əvvəl qurultaya rəhbərlik edənlər gündəlıkdə çıxış edənlər arasında bir müsəlman qadınının da adını görüb bərk təəcüblənmiş, Həmidə xanımın aşağıda qeyd etdiyimiz gözəl çıxışına heyran olmuşlar:
"Rayonumuzun pambıqçılarının əsas bəlası çəyirtkədir. 1892-ci ildən 1912-ci ilə kimi ancaq bircə il (1910) çəyirtkə əkinlərimizə zərər verməmişdir. Bütün bu illərdə əkinlərimizi, o cümlədən pambıq sahələrimizi çəyirtkə qismən, yada tamamilə tələf etmişdir. Çəyirtkəni məhv etmək üçün adi vasitələrlə kifayətlənmək olmaz, təxminən sahəsi 500 min hektardan ibarət olan Mil düzünü mümkün qədər su ilə tez təmin etmək lazımdır. Əsrlər boyu cüt görməmiş bu səhranın son dərəcə məhsuldar torpağı vardır. Eyni zamanda bu səhra uzun qərinələrdən bəri çəyirtkə yuvasıdır, çünki çəyitrkə adətən əkilməyən torpaqda törəyir. Mil səhrasını suvarmaq üçün Arazdan kanal çəkmək və onu həmin səhradakı Gavurarxına birləşdirib Lənbəran kəndinədək uzatmaq lazımdır. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, 1866-cı ildə bu arxı mənim mərhum atam Əhməd bəy Cavanşir çəkdirmişdir. Həmin arxı çəkdirməklə Lənbəran kəndinə kimi uzatmaq fikirində idi. Lakin yerli orqanlar ona razılıq vermədilər. Atamın bu haqdakı yazışmaları indi də məndə qalır.

(ardı gələn sayımızda)

Şirxan Aranlı
Yazıçı, publisist. Azərbaycan
Yazıçılar Birliyinin üzvü
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ