adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2018 10:06
14962
ƏDƏBİYYAT

Hacı Baxşəli

Nur saçan şəm olasan, məndə ki, pərvanə olum,
Baxım o məst eyləyən gözlərə, məstanə olum.

Ləzzəti-eşq odur ki, sevəsən Leyli qədər,
Mən də Məcnun kimi eşqin ilə divanə olum.

Səni Xaliq eləyib xəlq, olasan eşqimə tən,
Cana canan bilib o, özgəyə biganə olum.

Hüsnü, rəftarı gözəl, can alanım, nazlı nigar,
İstərəm sevgidə eşqin ilə bir danə olum.

Gülüzarım, mənə bu baği-gülüstanda gül ol,
Qoyma həsrətdə qalım, bağçası viranə olum.

Əlini ver əlimə, yay sinəmə qarə telin,
Sal nəzər Baxşəliyə, tellərinə şanə olum.

***

Ol vəfalı, gözəlim, mən də sənin yarın olum,
Canı qurban eləyim, həm də ki, qəmxarın olum.

Zülfi-zəncirin ilə eylə kəmənd, saxla əsir,
Həm sübut eyləyim öz eşqimi, həm karın olum.
Gecə kuyində nigəhban, günüzü bağbanınam,
Sənə güllər yetirim, bağçada həm barın olum.

Qıl məni eşqinə tən, həm də ki, can parəsi bil,
Gecələr al yanına, qoyma ki, bimarın olum.

Gecə-gündüz naz ilə könlümü al, bəxtəvər et,
Aralı salma məni, qoyma ki, naçarın olum.

Əhli-eşqəm, tanıyır külli-cahan Baxşəlini,
Sev ürəkdən məni sən, qoy sənə tən, yarın olum.

***
Bəxtəvər aşiq odur,qəlbində sevda qəmi var,
Özünə məxsus olan ayrıca bir aləmi var.
Eşqə hər kim ki düşə, bilməlidir can nə çəkir,
Dərd-qəmi çəkmək üçün hər aşiqin öz çəmi var.

Zülməti qovdu Günəş, yaşmağını açdı səhər,
Gecənin naləsinin güldə əcəb şəbnəmi var.

Hər gözəl fəxr eləyər - olsa vəfalı sevəni,
Bivəfa yarı olan kim ola, gözdə nəmi var.

Dilbərin işvəsinə dözməyib əhdi pozanın,
Mən o cür zənn edirəm, əqlinin ancaq kəmi var.

Baxşəli mail olub, sən kimi cananə yetib,
Sirdaşı sənsən onun, söylə bir özgə kimi var?!

***
Bütün ömrüm keçib aləmdə əzab, zillət ilə,
Vətənimdən aralı, ömr elədim möhnət ilə.
Ya didərgin, ya da qaçqın adı alnımda qalıb,
Nə qədər ömr edəsən özgələrə minnət ilə.

Nə qədər vardı elim, xoş günü onda yaşadım,
Oldu viranə vətən, keçdi ömür töhmət ilə.

Yaşadım doğma Qubadlımda gözəl ad-san ilə,
Süfrə açdım elimə mən də halal zəhmət ilə.

Hətta bir nazlı nigar da sevib, əhd eyləmişəm,
Ona qəlbin sözünü söyləmişəm cürət ilə.

Öz işin gördü fələk, qəsd elədi doğma elə,
Yandırıb-yaxdı məni eldən uzaq qürbət ilə.

Baxşəli dərd çəkərək, ayrı qalan ömrün elə,
Bada verdi, yaşadı, keçdi həyat sürət ilə.

***
Dedim: "Ol sən, təbibim, dərdimə çarə bu gecə",
Dedi: "Qan eyləmə gəl, can çəkə darə bu gecə".

Dedim: "Aşiqəm sənə xeyli zamandır, gözəlim",
Dedi: "Səbr eylə, gəlim mən də qərarə bu gecə".

Dedim: "Hicranə dözüm yox, tükənib səbrü-qərar",
Dedi: "Qoymam olasan sən üzü qarə bu gecə".

Dedim: "Həsrətdə mənim bağrımı qan eyləmisən",
Dedi: "Vurma nə olar qəlbimə yarə bu gecə".

Dedim: "Etməm mən əzab, çün səni candan sevirəm",
Dedi: "Qoy dəysin əlin sinədə narə bu gecə".

Dedim: "Ey gül, bu fəqir Baxşəliyə varmı sözün?"
Dedi: "Qəlbim deyəcəkdir onu yarə bu gecə".