ELDAR QARQARÇAYIN MƏNSUR ŞEİRLƏRİ
"Lirik əsərin yalnız nəzmlə yazıldığını düşünmək səhv olardı. Lirika insan qəlbinin həyəcanlarını ifadə edən münasib üsul olaraq həm nəzmlə, həm də nəsrlə yazıla bilər və yazılır. Lirik və epik xüsusiyyətlərin müştərəkbirgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan əsərlərə mənsur şeir adı verirlər. Burada şeirə xas olan əlamət obyektə (insan, hadisə, təbiət) münasibətdə məhz həyəcanın, daxili fərdi təsirin ön plana çəkilməsidir" - böyük yazıçı və ədəbiyyatşünas Mir Cəlal müəllimin mənsur şeirə verdiyi tərifdir bu.
Məlumdur ki, mənsur şeir Avropada yaranmışdır. Mənsur şeirlərdən ibarət ilk toplunun müəllifi fransız yazıçısı Aloiziyus Bertrandır. 1842-ci ildə o, ilk mənsur şeir kitabını çap etdirmişdir. Sonralar rus yazıçısı İ.S. Turgenev, hind ədibi R.Taqor, ərəb ədəbiyyatında Sübran Xəlil Sübran və başqa sənətkarlar mənsur şeirin gözəl nümunələrini yaratmışlar. Azərbaycan ədəbiyyatında isə bir çox tədqiqatçıların fikrincə, Gülhüseyn Hüseynoğlu bizdə mənsur şeirin banisi, yaradıcısı və ustadıdır. Amma filologiya elmləri doktoru Hüseyn Həşimlinin araşdırmalarına görə, ədəbiyyatımızda bu janrın ilk nümunələrinin yaranması daha əvvələ aiddir. O, XX əsrin əvvəllərində A.Sur, S.Hüseyn, M.Hadi, Y.V.Çəmənzəminli və b. ədiblərin də mənsur şeirləri olduğunu sübut edir. Sovet dövründə isə Nicar Rəfibəylinin "Qızıl lalə" adlı mənsur şeiri olmuşdur. Amma təbii ki, bu janrın populyarlaşmasında Gülhüseyn Hüseynoğlunun rolu böyükdür. Rus yazıçısı Konstantin Fedin G.Hüseynoğlunun mənsur şeirləri barədə mətbuatda məqalə ilə çıxış etmişdi. Hal-hazırda bu ənənə indi də davam edir.
Eldar Qarqarçayın mənsur şeirləri ilə tanış oldum və onun bu janrda qələmə aldığı nümunələrdə müəllifin duyğu və düşüncələri, həyat, insan və gözəllik haqqında şairanə düşüncələri mənə xoş gəldi.
Mənsur şeir öz həcminə görə qısa və yığcamdır, cəmi bir neçə abzasda müəllif müəyyən bir fikir söyləməlidir. Təbii ki, bu qısa mətndə şeirə məxsus müəyyən ahəng, ritm nəzərə çarpır, amma nəsr modelinə riayət olunmalıdır. Mənsur şeirlər müxtəlif mövzularda yazılır və Eldar Qarqarçayın təqdim etdiyi nümunələrdə də buna riayət olunur, yəni, müəllif çox şeydən danışır, həyatda, insanlar arasında rast gəldiyi nə varsa, münasibətini bildirir, yaşamaq-yaratmaq, dünyada xoş əməllər sahibi olmaq, ömrün mənası, ölüm-həyat, sevgi, ataya-anaya məhəbbət və s. mövzular onun mənsur şeirlərinin əsas mövzularıdır.
"Ömrümüz bir nağıldı. Ömrümüz bir romandı, ömrümüz bir dastandıgHər ömrün bir vaxt payı var. Hər ömrün bir yolu, bir günəşi, bir ayı var. Doğulmağa nə var? Çətini yaşamaqdır, sağ qalmaqdırgEləki, insan həyatdan usandı, ölmək doğulmaqdan, ölmək yaşamaqdan min dəfə asandır".
Cəmi yeddi cümlədən ibarət olan bu mənsur şeirdə həyat və ömür haqqında qısa, amma bitkin bir fikirlə qarşılaşırıq. Mətn şeir kimi səslənir, təbii ki, nəsr donundadır.
Ömür söhbətlərinə biz Qarqarçayın başqa mənsur şeirlərində rast gəlirik. Bir mənsur şeirində Eldar "Salxım söyüdlə söhbət" edir:
"Bir söyüdün yanında dayandım, gördüm söyüd sükuta dalıb, xəyallanıb... Fikirdən ayırmaq üçün dedim: - Nədir çəkdiyin qəm? Söylə, bəlkə bir kömək edərəm. - Bir fəsil də qocaldım, - dedi, - Ömrümün payızı, xəzan çağıdı indi. Bir təsəllim var ki, torpaq üstə durmuşam. Torpaq üstə də uyuyur qızıl-qızıl yarpağım. Üz tutub söyüdə dedim: - Qəm eləmə, söyüd dostum, itib getmir ki, heç bir yana tel-tel yarpağın, yarpaqların torpağın verdiyidi deyə, dönüb olur anamız torpağın.
Eldar Qarqarçayın mənsur şeirlərində həyat sevgisi, yaşamaq sevgisi çox güclüdür. Onun həyat, ömür haqqında təsəvvürləri nikbindir. O, gözəlliyə, həyat sevgisinə qəsd edənləri, yalnız var-dövlət, xəzinə toplamaq ehtirası ilə yaşayanları da mənsur şeirlərində tənqid edir.
Bir könüldən min könülə vurulmuşuq bu dünyaya. Bu Yer kürəsi bəs eləmir bizə. Göz dikmişik, yol açmışıq aya... İnsan arzularla yaşamalıdır, bu dünyadan bac almalıdı. Ancaq insan olan kəsin gözü tox olmalıdı. "Nəfs" adlı azarları müalicə olunmalıdı, yox olmalıdı!
Qarabağ haqqında yazılan mənsur şeiri isə həyəcansız oxumaq olur. "Pənah xanın qalası-Qarabağım! Vaqifin gözəllik zirvəsi, Natəvanın qəzəli, Üzeyirin bəstəsi, Xan əminin, Bülbülün bəstəsi, Yaqubun "!Mənsuriyyə"si, Qədirin "Sona bülbüllər"i haray çəkir bu mənsur şeirdə.
Mənsur şeirlərdə didaktiv fikirlər, nəsihətvari kəlamlar da diqqəti cəlb edir. Amma hansı məzmunda olursa-olsun hər bir mənsur şeirdə o janrın tələbləri gözlənilməlidir. Fikir olmalıdır və bu fikir nəsrin poeziyasında təcəssüm etməlidir. Mənsur şeirlərin dili də rəvan və axıcı olmalıdır. Eldar Qarqarçayın əksər mənsur şeirləri bu tələblərə cavab verir. Onun mənsur şeirləri içərisində "mənsur ithaflar"a rast gəlirik. Zəlimxan Yaquba, Könül Kərimovaya, qardaşı Nazimə həsr etdiyi mənsur ithaflarda sevgi var, şəxsiyyətə heyranlıq var. Eldarın "mənsur elegiyalar"ı isə qəm üstündə köklənib. Gəncənin qəhrəman sərkərdəsi Cavad xana, böyük şairlər-Nazim Hikmətə və Rəsul Rzaya, gözəl şairimiz Cabir Novruza və ustad xanəndə Yaqub Məmmədova həsr edilən bu elegiyalarda Eldarın istedadı daha görümlü şəkildə üzə çıxır. Xüsusilə, mənim də çox sevdiyim ustad xanəndə Yaqub Məmmədova həsr edilən elegiya ürəyimin sarı simini tərpətdi.
Eldar Qarqarçay hekayə də yazır, şeir də. Oxucular bilsin ki, Eldar tələbəlik illərindən yaradıcılıqla məşğul olur. İndiyə kimi "İnsan haqqında söhbətlər", "Ömrün hekayət kitabı", "Yollarda keçən ömür", "Xoşbəxtliyə gedən yol", "Liderlik asan deyil", "Xatırladım səni" adlı bədii-publisistik kitabları çap olunmuşdur.
Onun şeirləri səmimi, təbii hisslərin ifadəsi kimi diqqətimi cəlb etdi. Bu şeirlərdə mənsur şeirlərində olduğu kimi həyat sevgisi, gözəlliyə və sevgiyə inam duyğuları yaşayır. Eldar Qarqarçaya yaradıcılıq uğurları arzulayır və sözümü onun gözəl bir şeiri ilə bitirmək istəyirəm:
Ürəyinə gida bilsəm,
Sənlə deyib, sənlə gülsəm,
Qəmlərimi bölə bilsəm,
Dərdi olmaz bu sinəmin.
Qoşa çiçək, qoşa gülük,
Bir deyərik, bir gülərik,
Nəğmə deyən bülbüllərik,
Dərdimizə nəğmə qənim.
Əllərimdə əlin olsun,
Könül gülsün, könül duysun.
Günahları dəniz yusun,
Sən yelkənsən, mənsə gəmi.
Sevgi camın birgə içək,
Açılaram çiçək-çiçək.
Bu dünyadan sevib köçək,
Qınamayaq ömrü, günü.
Ömrüm sənsiz xəzan yarpaq,
Bu sevgidən biz yarıyaq.
Bir olaq, qoşa qarıyaq,
Saçlarında görüm dəni.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Digər Xəbərlər

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik - FOTOLAR
