adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2018 00:17
7651
GÜNDƏM

Azərbaycan Ədliyyəsinin inkişaf tarixi


Azərbaycan Ədliyyəsinin inkişaf tarixi


Müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin dövlətin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir.
Ədliyyə tariximizdə unudulmaz hadisələrlə yanaşı, keşməkeşli səhifələr də olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, digər səlahiyyətləri Nazirlər Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yarandı. 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etsə də bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, onun varisi olan müasir Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi. Həmin dövrdə hakimiyyət əldə etmiş naşı siyasətçilərin xəyanətkar əməlləri və xalqa zidd siyasəti nəticəsində ictimai həyatın bütün sahələrində tənəzzül yaranmışdı. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı davam edirdi, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə dahi öndər Heydər Əliyev Bakıya qayıtdı və dövlətçiliyimizin qorunmasını öz üzərinə götürdü. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu. Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş ilk milli Konstitusiyamızda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu. Ümummilli liderimizin bilavasitə sədrliyi ilə Hüquq İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.
Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu. Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.
Ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən 2006-cı ildə "Ədliyyə orqanlarının inkişafı haqqında", Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur. 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə məhkəmə tibb ekspertizasından başqa bütün növ ekspertizaların aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzləri yaradılmışdır. "ASAN xidmət" mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri də fəaliyyət göstərir.
Ötən ay milyonlarla soydaşımız böyük fərəh və iftixar hissi ilə ölkəmizdə azad, demokratik və şəffaf keçirilmiş seçkilərdə möhtərəm Prezidentimiz cənab ilham Əliyevin inamlı qələbəsini bayram etdi, hər birimiz Azərbaycanda digər demokratik ölkələr üçün örnək olan seçkilərin keçirilməsinin ən yüksək kürsülərdən etiraf olunmasından qürur duyduq.
Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır - ədliyyə sistemi həm də 100 illik yubileyini qeyd edir. Bir əsr ömür dəf edən Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir.
Bu il ölkəmizdə ən əlamətdar günlərdən biri - Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ili tamam olur. Ölkə Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin layiqincə keçirilməsi məqsədilə Sərəncam imzalamışdır. Fürsətdən istifadə edib hər birinizi qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə təbrik edirəm!

Sevinc HÜSEYNOVA,
Gəncə "ASAN xidmət"
mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi