"Ana, əsgər gedirəm!"
Şeir duyğulardan yaranır, duyğular ifadə eləyir, duyğular üçündü.
Şeir müşahidədən yaranan, ümumiləşdirilən mətləbdi. Təbiət gözəllikləri də, bu gözəlliklərdən süzülüb gələn təəssüratlar da, daxili aləmin gizlin-aşkar çırpıntıları da şeir-şeir könüllərə hopur. Duyğu belə şeirləşir, şeir belə yaranır. Yeniyetmə belə bir mühitdə əhatələnir, dünyaduyumu həm də bu amilin cazibəsində formalaşır.
Oxuyur da, yazır da. Düşüncələrimin işığında yazır, düşüncələrini yazır.
Milli mədəniyyətimizə vaqıf olmayan, milli mədəniyyətimizi sevməyən gənc Vətəni Vətənin arzuladığı səviyyədə sevə bilərmi? - yox, sevə bilməz. Şeiri duyğularına üzərrik eləyən əsgər daha qətiyyətli, daha dönməz, daha cəsur olur. Şeirin mənəvi, mənəvi-psixoloji gücünə bələd olmayanlar əsgərin duyğularının şeirsizləşdirilməsinə həvəsiyir. Təəssüf...
Azərbaycan əsgəri şeiri sevir də, yazır da, oxuyur da. Səngərlərdə əsgərlərimizlə çox kəlmələşmişəm. Vətəndən, torpaqdan danışmışıq, işğal olunmuş torpaqlarımızın sızıltılarını yaşaya-yaşaya könlümüz oralara meyillənib. Onda dadımıza şeir çatıb. Şeir də oxumuşam, şeir də dinləmişəm. Oxuduğum şeirin istisinə isinməmiş eşitdiyim şeirə (şeirlərə) sığınmışam: şeir biçimli dumduru duyğuları bağayarpağı əvəzi ağrıyan ağrılarımıza qoymaq istəmişik.
Kənan Məmmədli ali təhsil alma ərəfəsindədi. Dövlət imtahanlarını verib hərbi xidmətə gedəcək. Təsadüfən görüşdük. Onunla da Vətəndən, torpaqdan, səngərlərdən, səngərlərə səngər olan oğullardan danışdıq. Qəzetimizdə dərc olunmuş "O dağın bu üzündə" reportajını xatırlatdı. O əsgərləri qardaşlarım bildim. Könlüm məni onların sırasına çəkməkdədi. "Çağırışçı yaşıdlarıma demək istəyirəm ki: Onların hər biri Murov dağıdı. Yaxınlarda mən də əsgər olacam. Bəlkə də onların sırasında..." - dedi.
Çəkinə-çəkinə mənə bir kağız verdi: "Oxuyun, fikrinizi bildirin." Şeir idi. Oxudum. Misralar, ümumilikdə könlümə yatdı...
Qəhərlənməz aranımız-dağımız,
İndən belə bar gətirər bağımız...
Beş-on günə can itirər yağımız,
Ana, əsgər gedirəm!
Oğulları ora sınaq çağırır,
Uzaqlarda qalan ocaq çağırır,
Mərmi düşən doğma torpaq çağırır,
Ana, əsgər gedirəm!
Məqamında bir şimşəyə sönərik,
Şəhidlərin ruhu kimi dinərik...
Son döyüşdən qələbəylə dönərik,
Ana, əsgər gedirəm!..
Belə duyğusal şeir yazan gəncin torpaqlarımızı mərdliklə qoruyacağına, Vətənin arzuladığı əsgər olacağına yerə-göyə inandığım qədər inanıram.
Atası da, anası da bu şeiri oxuyunca kövrələcək. Kövrəklik içində qürurlanacaq. Tanıyanlara fəxrlə "Oğlum əsgər gedir!" - deyəcək...
"Ana, əsgər gedirəm!" - deyən, "son döyüşdən qələbəylə dönərik!" deyən əsgərə necə inanmayasan?!...
Kənan gələcəkdə də şeirlər yazacaqmı - şair olacaqmı, bilmirəm. Onu bilirəm ki, Kənan Məmmədli yaxşı əsgər olacaq, nümunəvi əsgər olacaq. Hərbi xidmətdə də, tərxis olunduqdan sonra da "Vətən, sənin əsgərinəm!" - deyəcək...