adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Noyabr 2016 09:23
11156
GÜNDƏM

60 illik yol

Azərbaycanın bir çox bölgələrində Qaraqaşlı, Qarabucaq, Dördlər, Təzəkənd kənd adları var. Mənim doğulub, boya-başa çatdığım Xolqaraqaşlı kəndi, yaxşı bələd olduğum Xolqarabucaq, Xoldördlər və Xoltəzəkənd kənd adlarının əvvəllərindəki "Xol" kəlməsinin nə demək olduğu ilə çox maraqlanmışam. Bəzi fərziyyələr də eşitmişəm. Həddindən çox mütaliəçi olan bir dostum məni bəzi yazılı mənbələrlə tanış etdi.
1870-ci ildə Tiflisdə çap olunmuş "Aktı sobrannıe Qafkazskoqo orfoqrafiçeskie komissii" adlı arxiv sənədlərindən ibarət topluda göstərilir ki, Salyan mahalı ərazisində Kür çayının üç qolu var. Mərcanlı, Bala Kür və Xol çayları. Xol çayının sahilində yaşayış məntəqələrinin olduğu və böyük Xol kəndinin yerləşdiyi bildirilir. Kür çayının Mərcanlı qolu Kürün Şirvan tayında, Xol və Bala Kür qolları isə Kür çayının Muğan tayından Xəzər dənizinə axır. Digər yazılı mənbələrdə də Xol çayı haqqında məlumatlar var və Xolun sahillərində "Qarabucaq" , "Qaraqaşlı", "Ərəblər" tayfalarının yaşadığı, Seyidlər, Mürsəqulu, İrimli kimi kəndlərin olduğu deyilir.
Karvan yolunun üstü olması, eləcə də bu çaylarda ticarət gəmilərinin hərəkət etməsi bu ərazinin çox əhəmiyyətli yer olmasından xəbər verir. Ona görə də general qubernator Tormasov İrana gedib-gələn yükləri nəzarətə götürmək üçün 1809-1811-ci illərdə indiki Qazaxbərəsi kəndində kömrükxana yaratmışdır. Qazaxbərəsi kəndinin adındakı "Qazax" ifadəsi "Kazak" sözünün assimliyasiyaya uğramış variantıdır.
Uzun illərin təbiət hadisələri, ekoloji dəyişikliklər nəticəsində Muğandakı çaylar yataqlarını dəyişmiş Xol çayı isə qurumuşdur. Bu çayın sahillərindəki əhali isə Bala Kür sahillərinə köçərək, məskunlaşmağa başlamışdır. Xol çayının ətrafındakı yaşayış yerləri,o cümlədən Xol kəndi xarabalığa çevrilmişdir. Muğanda həmin xarabalıqlardan indi də nişanələr qalır. Yaxın keçmişə kimi, elə indidə eşitdiyimiz "Xol ağzı", "Xəzri Xol", "Gilavar-Xol", "Xaraba Xol", "Xaraba kənd" (Qızmızıkənd), "Baş Xol" ifadələri təbiət hadisələri nəticəsində köçürülməyə məruz qalmış qədim yaşayaş yerləridir. Elə Qaçaqkənd sözündəki "Qaçaq" ifadəsi çayların yataqlarını tez-tez dəyişməsi nəticəsində öz yurd yuvalarından köçüb, qaçaq düşmək mənasını daşıyır. Bala Kürün mənsəb hissəsində "Əyriqaya", "İtdişi", "Qaraquş", "Ağquş" kimi toponimlər var ki, əhali bu ərazidə ovçuluq, balıqçılıq heyvandarlıqla məşğul olub. Böyük ehtimalla demək olar ki, Bala kürün "Akkuşa" adlandırılması "Ağquş" toponimi ilə birbaşa bağlıdır. Çayın "Ağquş" istiqamətində axması Ağquşa gedən çay anlamındadır. Sadəcə olaraq rus dilində "Akkuşa" kimi səslənir... Bu gün el arasında "Muğan çayı", bəzən "Armyanka" çayı adlandırılan çay yataqları əslində Xol çayının yatağıdır. Hərdənbir bu çayın yatağının "Armyanka" adlandırılması isə bədnam qonşularımızın gizli apardığı iyrənc təbliğatın nəticəsi olub.
Əhali Bala Kürün ətrafındakı ərazidə məskunlaşanda əvvəlki yaşayış yerlərinin, tayfalarının adlarını dəyişməmiş, özləri ilə gətirmişlər. Xolqarabucaq, Xolqaraqaşlı, Ərəblər, Xoltəzəkənd və Seyidlər və s.
Qədim Xol çayının və Xol kəndinin adından yadigar qalmış "Xol" ifadəsi indi məkan anlamını daşıyır. Salyan rayonunun Neftçala rayonu ilə sərhədindən-Şorsulu kəndindən başlayıb, Bala Kürün (Akkuşa) Xəzər dənizinə (Qızılağac körfəzi) qovusduğu yerə qədər, onun sahillərində olan böyük bir ərazi Xol zonası adlanır. Ərazi uzun zaman Salyan rayonunun ərazisi olub. 1973-cü ildə Neftçala rayonu yaradılarkən Xol zonası Neftçala rayonunun inzibati ərasizinə daxil edilib.
Xol zonası bərəkətli torpaqları, əməksevər, səmimi qonaqpərvər insanları ilə həmişə fərqlənmiş, diqqət mərkəzində olmuşdur. Bu torpaqdan tanınmış zəhmət adamları, dövlət məmurları, alimlər görkəmli şəxsiyyətlər çıxmışdır. Bu adamlar Vətəninə, xalqına namusla xidmət edərək Dövlət və hökumət tərəfindən layiqincə qiymətləndirilib, böyük ad san qazanmışlar.
Əmək qəhrəmanları Ayna Quliyeva, Cənnət Quliyeva, Lizə Qurbanova, Xanımnənə Abdullayeva, akademik Əyyub Bəşirov, tanınmiş alimlər Əsəd Əsədov, Əjdər Ağayev, Əlihüseyn Qiliyev, yüksək dövlət vəzifəli şəxslər Dəyyan İbrahimov, İbrahim İbrahimov, Həzi Quliyev, Zeynəbxanım Abbahverdiyeva, Rail Rzayev, Əbülfəz Ağayev, Əlibala Səlimov, tanınmış hüquq mühafizə işçiləri Ağababa Mikayılov, Qubad Zamanov, Əhmədağa Qurbanov, Fəyaz Abdullayev, Teymur Qurbanov, yaradıcı və incəsənət adamları Allahverdi Eminov, Tofiq Abdin, Nadir Hüseynov, Zakir Əliyev, Zabil Pərviz, Eluca Atalı, (Mədinə Hüseynova), Qorxmaz Qurbanov, Xanlar Bəşirov, Soltan Məmmədov, tanınmış elm-təhsil adamları Ənvər İmanov, Rahib Quliyev, Nafiyə Rzayeva (Quliyeva), Ağayer Qədirov, Kəmaləddin Nağıyev, Vidadi Bəşirov, Rafael Bəşirov, Əhmədağa Quliyev, Xəqani Abdullayev, Eldar Əhmədov, tanınmış həkimlər, idmançılar Vaqif Nağıyev, Vaqif Zeynalov, Yaşar Bəşirov, çox ziyalıların təhsil alıb, yüksək mənsəb sahibi olmasına himayədarlıq etmiş ziyalı ağsaqqal Ağababa Qurbanov - Xol torpağından çıxmış, rayonumuzu Azərbaycanda, Azərbaycandan kənarda ləyaqətlə təmsil etmişlər. Fəxr və qürur duyduğumuz bu insanların adı həmişə hər yerdə hörmətlə çəkilir.
Bu adamlardan ən yüksək pilləyə Əlibala Xanəhməd oğlu Səlimov qalxmışdır. Ə.Səlimov Respublika Kolxozçular Şurasının sədri və SSRİ-xalq deputatı kimi fəxri yerləri tutmuş, rayonumuzu, eləcə də ölkəmizi ləyaqətlə təmsil etmişdir.
Çoxdandır Əlibala müəllim haqqında yazmaq istəyirdim. Onu uşaq yaşlarından tanıyıram. Bəstə boylu, sağlam bədənli bu yeniyetmə əməksevərliyi, çalışqanlığı, birdə idmana olan həvəsi ilə məktəbdə başqalarından seçilərdi. Məktəblər arasında keçirilən idman yarışlarında həmişə birinci olardı. Məktəbimizin üzünü, necə deyərlər, ağ edərdi. Ona görə də müəllimlər onun xətrini çox istəyirdilər. Təmkinli olsa da, sözündən dönməzdi. Tay-tuşları arasında mübahisə düşəndə qorxub, geri çəkilməzdi. Tay-tuşları, hətta yaşca ondan böyük olan yeniyetmələr onunla dalaşmaqdan çəkinərdi.
Atası Xanəhməd kişini yaxşı xatırlayıram. Yaşlı da olsa canısulu idi, qamətini saxlamışdı. Cavanlığında atıb-vuran gənc olub. Əsrin əvvəllərində, aclıq illərində cənub tərəfdən gələn qaçaq-quldur dəstələri, tez-tez Xola hücumlar edir, camaatın ev-eşiyini soyub, mal-qarasını aparırdılar. Ağsaqqallar danışardı ki, cavan Xanəhməd qorxmadan kəndin müdafiəçilərinə qoşularaq, qaçaq-quldur dəstələri ilə, mübarizədə bir çox qoçaqlıqlar göstərməklə kənddə ad-san çıxarmışdır. Bir sözlə, Xanəhməd kişi kənddə sayılıb-seçilən hörmətli ağsaqqallardan idi. Əlibalada olan sözübütövlük, prinsipiallıq, çeviklik təbii ki, atadangəlmədir. Gendən gələn bu xüsusiyyətlərin Əlibalanın gələcək inkişafında rolu az olmamışdır.
20-ci yüzilliyin 70-80-ci illəri Azərbaycanda ən uğurlu, məhsuldar dövr kimi yadda qalıb. Həmin illərdə hökümət "Kadrların seçilib, yerləşdirilməsi və onların tərbiyə edilməsi haqqında" qərar qəbul etmişdi. Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyev bu qərarı xüsusi olaraq öz diqqət və nəzarətində saxlamış, bu vacib məsələni rayon rəhbərləri qarşısında qəti şəkildə tələb kimi qoymuşdu. Ona görə də bacarıqlı, savadlı mütəxəssislər, xüsusən gənclər irəli çəkilir, onlara qayğı göstərilir, işləmək üçün şərait yaradılırdı. Belə münbit şəraitdə Əlibala Səlimovun bacarıq və qabiliyyəti üzə çıxdı. İşgüzarlığı, təşəbbüskarlığı, möhkəm tələbkarlığı və intizamı ilə fərqləndi. Peşəkar kadr kimi yetişərək Heydər Əliyev məktəbinin yetirməsi olduğunu sübut etdi.
Mütəxəssis kimi adi entemoloq işindən başlayıb, böyük zəhmət yolu keçərək, aqronom, baş aqronom, kolxoz idarə heyətinin sədri vəzifəsinə qədər yüksəldi, bacarıqlı rəhbər kimi yetişdi, bişib püxtələşdikcə daha da irəli çəkildi. Yusiq Qasımov adına təsərrüfata sədr seçildi. Tələbkarlıq, yüksək intizam, təşəbbüskarlıq, çeviklik öz bəhrəsini verdi. Kolxozda kadr dəyişikliyi aparıldı.Kəndin mərkəzi hissəsində böyük bir xiyaban, sehrəngah, yaradılaraq asudə vaxt mərkəzi kimi kolxozçuların ixtiyarına verildi. Bütün bunlar Əlibalanın nüfuzunu artırır, onun haqqında hər yerdə danışılırdı. Sonralar rəhbərlik etdiyi Nəriman Nərimanov və Etibar Əsgərov adına kolxozlarda da bu ənənələr davam etdirildi.
Ətraf yerlərdən, eləcə də Respublikanın ən ucqar yerlərindən təsərrüfat rəhbərləri bura gəlir. Ə.Səlimovun təsərrüfatdakı uğurları ilə maraqlanır, onun təcrübəsindən faydalanmağa çalışırdılar. Bəzən tanınmış adlı-sanlı təsərrüfat rəhbərləri də Əlibalanın bacarığına qibtə edirdilər. Əlibala zəhməti hesabına özünü tanıtdı. Əlibalanın hesabına da Xol zonası Respublikanın hər yerində tanınmağa başladı.
O vaxtlar Azərbaycanda minə yaxın kolxoz, on mindən çox ali təhsilli kənd təsərrüfatı mütəxəssisi, onlarla adlı-sanlı əmək qəhrəmanları vardır. Respublika kolxozçularının IV qurultayı ərəfəsində, qızğın söhbətlər, müzakirələr gedirdi. Respublika Kolxozlar Şurasının sədri kim olacaq? Özünü bu vəzifədə görənlər də az deyildi. Bu faktı göstərməkdə məqsədim odur ki, Respublika əhəmiyyətli, Dövlət səviyyəli bu yüksək vəzifəni hər adama etibar etmək olmazdı. Bu vəzifənin sahibi, rəhbərlik təcrübəsi olan, xüsusi keyfiyyətlərə malik, təşkilatçı, sanballı və enerjili gənc kadr olmalı idi. Çox çətin seçim idi. Əlbəttə belə gənclər var idi. Təkcə düzgün seçim etmək qalırdı. Bu gənc təsərrüfatın bütün pillələrində çalışqanlığı, zəhməti ilə uğur qazanmış, Respublikanın hər yerində tanınan, alternativi az olan 32 yaşlı Əlibala Səlimov idi. Bir il sonra bu təşkilatın xətti ilə namizədliyi irəli sürüldü, SSRİ Xalq deputatı oldu.
Həmyerli kimi, zəhmətkeş azərbaycanlı balası kimi Əlibala Səlimovun uğurlarına həmişə sevinmişəm, SSRİ Xalq deputatı seçiləndə isə keçirdiyim hiss, duyğu, bu duyğudan aldığım həzz nəhayətsiz olub. Ayaqyalın, başıaçığ, böyüdüyümüz əyalət-Xol, bu torpaqda yetişmiş gənc, SSRİ kimi nəhəng ölkənin paytaxtı Moskva, Ali Məclis tribunası-insan əməyinin əzəmıtli təntənəsi...
Əlibala Səlimov el-obasına bağlı adamdır. Hələ kolxoz sədri olduğu ilk illərdə Raykomun büro iclaslarında, aktiv yığıncaqlarında kəndin su, yol, işıq, qaz problemlərindən danışır, rəhbərlərin diqqətini bu məsələlərin həllinə yönəltməyə çalışırdı. Ətraf təsərrüfat, kənd rəhbərləri vəzifələrinə görə çəkinir, danışmır, Əlibala isə bütün Xol zonasının problemlərini qabardırdı. Qismən də olsa bu problemlərin həllinə nail olurdu. Tələb kimi səslənən bu çıxışlar aidiyyatı məmurların xoşuna gəlmir, məsələlərə başqa don geyindirməklə Əlibalanı kobud, yekəxana adam kimi qələmə verib, rəhbərliyin gözündən salmağa çalışırdılar.
Əlibala müəllim SSRİ Ali Sovetinin deputatı olduğu müddətdə də əlini yanına salıb dayanmadı, daha böyük -Respublika əhəmiyyətli problemlərin yüksək pillələrlə həll olunmasına can atdı. Doğulduğu, boya-başa çatdığı kəndi də unutmadı. Xol zonasında iki orta məktəb, bir xəstəxana, bir uşaq bağçasının tikilməsinə nail oldu. Moskvadan böyük bir idman sağlamlıq kompleksinin Xol zonasında salınmasına razılıq aldı. Onun ardıcıl səyi nəticəsində İttifaq büdcəsindən vəsait ayrıldı və qısa müddətdə idman kompleksinin inşasına başlandı. İnşaat işlərinə başlanan kimi rayonda Ə.Səlimov haqqında söz-söhbətlər başladı. Aradagəzənlər rayon rəhbərliyini inandırmağa çalışırdılar ki, "Ə.Səlimov yekəxanalıq edir", "Rayon rəhbərliyini saymır", Başınızın üstündə hərəkət edir", "Xolda idman kompleksi kimə lazımdır?", "Əlibala Xolu rayondan ayırıb, sərbəst rayon etmək istəyir", "Əlibala rayon rəhbəri olmaq iddiasındadır" və s. O illər ölkəmizdə çox ağır bir dövr idi.
Başqa rayonlarda olduğu kimi Neftçalada da vəziyyət mürəkkəb idi. Rayonu bölgələrə, tayfalara "bölüb" samballı adamları, tayfaları qarşı-qarşıya qoyub, rayonu qarışdırmaq, nətucə etibarilə rayon rəhbərlərinin rayondan getməsinə nail olub, bu işdən faydalanmaq istəyən şəxslər, qüvvələr var idi.
O vaxt rayonumuzun rəhbəri Şamil Baxşəli oğlu Hüseynov idi. Şamil müəllim çox bacarıqlı, savadlı, olduqca mədəni və nəzakətli insan idi. Gənc olmasına baxmayaraq, təmkilli həm də uzaqgörən idi. Aktiv yığıncaqlarının birində sözü Ə.Səlimovun, Xolda tikilən idman kompleksinin üstünə gətirdi:
-Xol zonası rayon mərkəzindən uzaqda yerləşir, ərazi bir rayon böyüklüyündədir. O zonaya daha çox diqqət yetirilməlidir. Əlibala Səlimov İttifaq büdcəsindən vəsait alıb, tikinti işləri aparırsa, bu böyük fədakırlıqdır. Mən inşaatçıyam tikintinin plana salınmasının, bunun üçün vəsait ayrılmasının nə qədər çətin olduğunu mən bilirəm. Kaş hamı Səlimov kimi işləyəydi. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır!
Bu yığıncaqdan öz "payını" götürənlər də oldu, ondan sonra Səlimov haqqında söz-söhbətlər kəsildi.
Ölkəmizdə aparılan torpaq islahatından sonra Ə.Səlimov da öz fərdi fermer təsərrüfatı yaratdı. İndi bu təsərrüfat qabaqcıl toxumçuluq fermer təsərrüfatıdır. Bacarıqlı sahibkar Ə.Səlimov indi Neftçala rayon sahibkarlar şurasının sədridir. Xolqaraqaşlı kənd bələdiyyəsinə başçılıq edir. Sahibkarlığın inkişafı üçün mütərəqqi üsullar axtarışındadır. Ölkəmizdə aparılması vacib olan Aqrar islahatlar üçün təkliflər hazırlanmasına köməklik edir. Onu ən çox narahat edən Xol əhalisinin su qıtlığından əziyyət çəkməsidir. Xolda aqrar sahənin inkişafı üçün əsas amil sudur. Əlibala müəllim bu çətin problemin həlli üçün çox qapılar açıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aqrar islahatların aparılmasına start verilib. Pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülür. Xol zonasında su qıtlığının aradan qaldırılması üçün Bala kürün Xol zonasından keçən hissəsi lildən təmizlənib, dərinləşdirilir. Kür çayından Bala Kürə çəkilən köməkçi su kanalında tikintisi başa çatmaq üzrədir. Görülən tədbirlər nəticəsində bol-bol ərzaq və digər kənd təsərrüfatı məsullarının istehsalını artıracaq, əhalinin məşğuliyyəti çoxalacaq, güzəranı yaxşılaşacaq, Xol zonası əvvəlki şöhrətini özünə qaytaracaqdır. Bütün bunlar Əlibala müəllimi də sevindirir və yeni qayğılar haqqında düşünür. Əlibala Səlimov yenədə xeyriyyə əməllərindən qalmır, el-obanınxeyir-şərində həmişə başda əyləşdirilir. Daim insanlar arasındadır. Rayonda, el-oba, camaat arasında hörmət-izzəti var. Böyük nüfuz sahibidir.
Əlibala Səlimovun keçdiyi böyük yol, elə də hamar, rahat yol olmamışdır. Bu yol çox kələ-kötürlü, maneələrlə dolu bir yol olub.
Noyabr ayının 14-də Əlibala müəllimin 60 yaşı tamam olur. 60 illik yubileyi münasibəti ilə onu təbrik edir, cansağlığı və əmək fəaliyyətində uğurlar arzulayırıq.