60 İLİN SORAĞINDA
Müsahibimiz yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərittifaqın kommersiya Departamentinin rəisi Elçin Mahmudovdur.
Dosye: Elçin Bilal oğlu Mahmudov 1957-ci ilin 14 sentyabrında Tərtər şəhərində anadan olmuşdur. 1 saylı Tərtər şəhər orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika və texniki fənlər fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonuna göndərilmiş və Mican kənd orta məktəbində fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Sonralar İsmayıllı rayon Komsomol Komitəsində, Qarabağ rayon Xalq Deputatları Soveti (XDS) İcraiyyə Komitəsində və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) yüksək vəzifələrdə işləmişdir. Hal-hazırda "Azərittifaqın Kommersiya Departamentinin rəisi, "Demokratiya" ictimai- siyasi qəzetinin təsisçisi və baş redaktorudur. "Məhəbbət bir əfsanədir" hekayələr kitabının müəllifidir.
-Elçin müəllim, sentyabrın 14-də ömrünüzün 60-cı yayını tamamladınız. Bu münasibətlə öncə sizi təbrik edirik. Belə bir gündə ötən illəri yarpaq-yarpaq xatırlamaq heç də pis olmazdı. Bildiyimiz kimi, uzun müddət partiya, sovet sistemində müxtəlif vəzifələrdə çalışmış, sonralar hətta Balakən və Kürdəmir rayonlarında birinci katib (keçmişdə daha çox raykom katibi kimi tanınırdılar) vəzifəsində işləmiş Bilal Mahmudovun ailəsində dünyaya gəlmisiniz. Sizə seçilmiş uşaq, gənc olmusunuz demək olarmı?
- Təbrikinizə görə çox sağ olun. Sualınıza gəlincə onu deyim ki, bəli, - Bilal Baxşəli oğlu Mahmudovun və Fatmaxanım İskəndər qızı Məmmədovanın ailəsində dünyaya gəlmişəm. Atam ixtisasca filosof, anam isə kimya müəlliməsi idi. Ziyalı ailəsində dünyaya gələn hər bir uşaq təbii ki, özünü xoşbəxt hesab edə bilər. Amma sizin dediyiniz şəkildə nəinki mən, ailəmizin digər övladları da heç zaman cəmiyyətdən seçilməmişik.
Düz buyurdunuz: Əslən Tərtərli olan atam Bilal Mahmudov 24-25 yaşından komsomol, Sovet sistemində rəhbər vəzifələrdə işləmiş, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Balakən və Kürdəmir rayon Partiya Komitəsinin I katibi seçilmişdir.
Bugünkülərin bəzilərindən fərqli olaraq o zaman yüksək dövləti vəzifə tutmuş insanlar ailə daxilindəki nizam-intizama, təlim-tərbiyəyə çox həssas yanaşırdılar. Onlar Azərbaycan KP MK-nın birinci katibi cənab Heydər Əliyevin dəmir nizam-intizamına əməl etməyi özlərinin ən ümdə vəzifəsi hesab edirdilər. Bir sözlə, birinci katibin ailəsi rayon ictimaiyyətinə nümunə olmalı idi.
Təsəvvür edin, mən birinci katibin oğlu idim. Anamın icazəsi ilə yaşadığımız rayonun mərkəzinə gəzməyə çıxırdım. Dükan-bazara girir və nə isə almaq istəyirdim. Bu zaman satıcılar guya hörmət əlaməti olaraq məndən pul götürmək istəmirdilər. Mən isə təkidlə onların pulunu verib oradan uzaqlaşırdım. Axı biz evdə başqa cür tərbiyə alırdıq. Tərbiyəmizlə daha çox anamız məşğul olduğundan o, dönə-dönə tapşırırdı ki, atanızın adına ləkə ola biləcək neqativ hallara yol verməyin. Onun bu tapşırığı yaddaşımıza necə həkk olmuşdusa, inanın, bu günün özündə də atamızın təmiz və şərəfli adını qorumağı əsas vəzifəmiz sayırıq.....
- Yəni deyirsiniz o dərəcədə ideal gənc olmusunuz?
-İdeal olmaq əlbəttə ki, insan cəmiyyətində mümkün deyil. Amma əsas dəyərlər ki var, pozmamağa çalışmışıq. Həm də biz hər şeyi atamızdan öyrənmişik. O, partiyanın məmuru olsa da, heç zaman haqqı nahaqqa, adili zalıma qurban verməyib.
Bu yerdə sadə bir misal çəkəcəm. Bu gün adi kənd səviyyəsindəki məmurun belə Bakı şəhərində rahat evi var. Amma təsəvvür edin, Bilal Mahmudov əvvəldə qeyd etdiyim kimi 24-25 yaşından yüksək dövləti vəzifələrdə işləmişdi, bizim Bakı şəhərində evimiz yox idi. Onun övladlarının hamısı tələbəlik illərini kirayə tutduğu evdə keçirmişdi.
Son zamanlar bəzi dövlət məmurlarının harınlamış ailə üzvlərinin törətdikləri avtoqəzayla bağlı informasiyalar sosial şəbəkələrin gündəmini zəbt etmişdir. Amma mən birinci katib övladı olaraq avtomobili Qaradağ rayon İcraiyyə Komitəsində işləyərkən özüm almışdım.
Bu iki fakt kifayətdir ki, müqayisə aparaq və düzgün nəticə çıxaraq.
Təsəvvür edin, tələbəlik illərimdə cibimdə iri məbləğli əsginazlar gəzdirmirdim. Bilirsiniz niyə? Yoldaşlıq, dostluq etdiyim kasıb ailədən olan tələbələrin qəlbini qıracağımdan ehtiyat edirdim. Bundan başqa biz heç vaxt həyətimizdə kabab bişirməzdik. Bunu qonum-qonşu yanında ayıb hesab edərdik....
-Elçin müəllim, həyatında İsmayıllı rayonu xüsusi yer tutur. Düzdür, institutu bitirdiniz və təyinatla İsmayıllıya göndərildiniz. Axı atanızın sizi Bakı şəhərində saxlatmağa hər cür imkanı vardı. Nədən bu imkandan istifadə etmədiniz.
- Axı mən söhbətimizin əvvəlində qeyd etdim: atam ailəmizin şəxsi məsələlərində dövləti vəzifəsindən heç zaman sui-istifadə etməyib. Pedaqoji İnstitutun rektoru, akademik Afat Qurbanov atamın yaxın dostu idi. O, məni institutda saxlamaq, aspiraturaya göndərmək istəyirdi. Ancaq atam buna razılıq vermədi. Əksinə, xahiş etdi ki, dağ rayonlarından birinə təyinatla müəllim göndərsin. Təyinatımın İsmayıllı kimi dağlıq rayona verilməsi həm atamın, həm də özümün ürəyimdən oldu.
İsmayıllı mənim kadr kimi yetişməyimdə böyük rol oynadı. Rayonun iqlimi, toplum, adət-ənənə mənim üçün yeni olduğundan çox maraqlı gəlirdi.
Mican kəndində fizika müəllimi kimi fəaliyyətə başladım, amma bir müddət sonra "Nizami" adına kolxozun azad komsomol komitəsinə (o zaman belə adlanırdı) katib seçildim. Böyük həvəslə fəaliyyət göstərirdim. Kolxoz Komsomol Komitəsindəki fəaliyyətim rayon Komsomol Komitəsi rəhbərliyinin diqqətindən kənarda qalmadı və məni sonralar rayon komsomol komitəsinə təlimatçı vəzifəsinə dəvət etdilər. Daha sonra isə təşkilat şöbəsinə müdir təyin olundum.
İsmayıllı rayon Komsomol Komitəsində böyük idarəçilik təcrübəsi qazandım. Bu işdə müəllimim isə İsmayıllı rayon Partiya Komitəsinin birinci katibi Qəşəm Aslanov oldu.
Bu gün çəkinmədən deyirəm: Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan Qəşəm Aslanovun zamanında İsmayıllıda işlədiyim üçün çox böyük fəxarət duyuram.
"Azərbaycan gəncləri" qəzetinin baş redaktoru vəzifəsində işləmiş Qəşəm Aslanov məmurdan daha çox ziyalı idi. O insan məndə jurnalistikaya böyük maraq oyatmışdı. Bəlkə də bu səbəbdən idi ki, sonralar qəzet təsis etdim....
- Və nəhayət Bakı həyatınız başladı....
- Ailə vəziyyətimlə əlaqədar olaraq işimi Bakıya dəyişmək qərarına gəldim. Ancaq Qaradağ rayonunda münasib iş tapa bildim. Qaradağ rayon Xalq Deputatları Soveti (XDS) İcraiyyə Komitəsində baş mütəxəssis kimi fəaliyyətə başladım. Bir müddət sonra şöbə müdiri vəzifəsinə təyin olundum.
-Hər bir insanın həyatında kimlərsə, müəyyən qədər də olsa rol oynayır. Yəqin sizin də həyatınızda unudulması mümkün olmayan iz buraxmış kimlərsə vardır?
-Tamamilə düz buyurursunuz. Söhbətimizin əvvəlində fenomenal şəxsiyyət olan Qəşəm Aslanovun adını çəkdim. Bu insanda tükənməz enerji, böyük mədəniyyət və güclü idarəçilik qabiliyyəti vardı. Tanrının xoşbəxt bəndələrindən biri də mənəm ki, Qəşəm Aslanovun biliyindən, idarəçilik bacarığından müəyyən qədər əxz edə bilmişəm.
Qaradağ rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vardı; Atakişi Quliyev. Şəhər təsərrüfatını dərindən bilən bu insan böyük idarəçilik qabiliyyətinə malik sənayeçi idi.
O zaman fərdi ev tikintisi üçün dövlət bölgü əsasında əhaliyə sement, mişar daşı və meşə materialı ayırırdı. Çox zaman aidiyyəti idarə və müəssisələr dövlətin ayırdığı bölgünü belə, əhaliyə vermək istəmirdilər. Belə olan surətdə insanlar İcraiyyə Komitəsinə şikayət etməli olurdular. Şikayət ərizəsinin araşdırılıb tədbir görülməsi üçün təbii ki, aidiyyəti müəssisələrə gedirdik. Məqbul cavabla qayıtmırdıqsa, Atakişi müəllim mənim və yaxud digər əməkdaşın avtomobilinə oturur, baxmayaraq ki, xidməti maşını vardı, birbaşa özü gedib vətəndaşın problemini həll edib geri qayıdırdı.
Və yaxud Azərittifaq İdarə Heyətinin sədri vəzifəsində işləmiş Tofiq Mehdiyevi götürək. O da uzun müddət partiya sistemində işləmişdi. Azərittifaqın sədri olmamışdan əvvəl Zəngilan rayon Partiya Komitəsinin birinci katibi olmuşdu. Deyərdim çox savadlı, işgüzar yeniliyi sevən bir insan idi. Onun Azərittifaqda ilk işi köklü kadr dəyişikliyi etməsi oldu. Özü cavan olduğu üçün pensiya yaşını keçmiş məmurları gənc, enerjili kadrlarla əvəz etdi. Bundan əlavə kooperasiyanın bankını, sığortasını yaratdı. Azərbaycan -Türkiyə, Azərbaycan-İran birgə müəssisələrini təsis etdi. İnanın ki, onun yaratdığı bir çox yeniliklərə mən şəxsən qibtə edirdim. Bu insandan da çox şey öyrəndim....
Adlarını böyük məmnuniyyətlə çəkdiyim bu üç insan - Qəşəm Aslanov, Atakişi Quliyev və Tofiq Mehdiyev yaşadığım 60 illik həyatımda danılması mümkün olmayan iz buraxmış şəxslərdir. O insanları daim anıram və yeri düşdükcə övladlarıma, dostlarıma onlarla bağlı söhbətlər edirəm.
-Komsomol sistemi, İcraiyyə Komitəsi və birdən-birə Azərittifaq. Azərittifaqa gəlişiniz necə oldu?
- Azərittifaqa gəlişim də tale qismətim imiş. Hələ İsmayıllı rayon Komsomol Komitəsindən ayrılanda məqsədim Bakı şəhərində yaşamaq və işləmək idi. İnsan qarşısına qoyduğu məqsədinə çatana qədər mübarizə aparmalıdır. Bu mənada Bakıda yaşamaq məqsədimi heç bir zaman unutmadım və Azərittifaqda qaneedici iş tapdım.
Azərittifaq Moskva şəhərində yerləşən Mərkəzi Kooperativlər İttifaqının (Sentrosoyuz) bir qolu kimi, ciddi dövlət nəzarəti altında fəaliyyət göstərən qurum idi. Burada da təşkilat idarəsində təlimatçı kimi işə başladım. İşimi çox sevdiyim üçün bütün bilik və bacarığımı səfərbər etmişdim.
Moskvayla güclü əlaqələr qurmağa nail oldum. Mənim qurduğum əlaqələrin nəticəsində Azərittifaqın regionlarda çalışan aşağı təbəqəli işçilərinin rüblər üzrə mükafatlandırılmaları üçün milyonlarla rubl pul vəsaiti Azərbayacana ayrılırdı. Bundan əlavə işlədiyim müddətdə Azərittifaqın özü və bəzi rayon təşkilatları keçici qırmızı bayraqlarla təltif olunurdu.
Mənim işgüzarlığım Moskvanın diqqətindən kənarda qalmadı. Gözləmədiyim halda Mərkəzi Kooperativlər İttifaqından (Sentrosoyuz) məni Qafqaz respublikaları üzrə məsul işə dəvət etdilər. Hardasa 1989-cu ilin sonları olardı; xeyli fikirləşdikdən sonra bu dəvətə "hə" cavabını verdim. Ancaq məlum hadisələr, ardınca "20 Yanvar" faciəsi məni fikrimdən dönməyə məcbur etdi. Azərittifaqda fəaliyyətimi isə davam etdirdim ....
-İqtisadi göstəricilər olan yerdə Moskvada sizin nə kimi rolunuz ola bilərdi?
-Şəxsi münasibətlərdən çox şey asılı idi. Moskvada Azərittifaq deyiləndə Elçin Mahmudov yada düşürdü.
-Deməli, Azərittifaqdakı fəaliyyətiniz davam etdi?
-Bəli, çox keçmədi ki, təşkilat şöbəsinin müdiri təyin olundum. Daha sonra kadrlar şöbəsinin müdiri vəzifəsinə keçirildim. Struktur dəyişikliyi ilə əlaqədar olaraq təşkilat - kadrlar idarəsi yaradıldı və mən bu idarəyə rəis təyin olundum. Eyni zamanda idarə heyətinin üzvü seçildim. Bunlar yuxarıda adını böyük hörmətlə çəkdiyim Tofiq Mehdiyevin zamanında olmuşdu.
Gənc olmağıma baxmayaraq o insan mənə böyük bir etimad göstərərək, sədrin birinci müavini vəzifəsini təklif etdi. O dönəmdə bəzi insanlar yüksək vəzifə uğrunda inadla mübarizə aparırdılar. Ancaq mən onlardan fərqli olaraq Tofiq Mehdiyevə təşəkkürümü bildirib təklifini qəbul etmədim. O, bundan təəccüb qaldı... "Nə üçün" sualını verdi.
Təsəvvür edin, Azərittifaq sədrinin birinci müavini vəzifəsi, böyük bir nazirliyin birinci müavini demək idi. Mən təklif etdim ki, işləyən birinci müavini yerində saxlasanız daha yaxşı olar. O, mənim təklifimi anlayışla qarşıladı və ona toxunmadı.
Onunla xeyli müddət bir yerdə işlədik, ancaq dövr getdikcə dəyişməyə başladı. Sovetlər birliyi dağıldı; respublikada dərin bir xaos erası hökm sürdü. Hər yerindən duran nə istəyirdisə həyata keçirmək eşqinə düşmüşdü. Elə bir vəziyyət yaranmışdı ki, insanlar bellərində silah, açıq şəkildə küçələrdə gəzirdilər. Bunun qarşısını ala biləcək tarixi bir şəxsiyyətə böyük ehtiyac vardı. Necə ki, tanrı ulu öndərimiz cənab Heydər Əliyevi Azərbaycandakı mövcud xaosu aradan qaldırmaq üçün ikinci dəfə xalqımızın önünə çıxartdı. Və xalqımız təkidlə onu rəhbərliyə dəvət etdi.
Ulu öndərimizin ciddi səyi nəticəsində respublikamızda yaranmış sabitlik, əmin-amanlıq Azərittifaq sisteminə də təsir göstərdi.....
Sonralar fəaliyyət istiqamətimi dəyişmək qərarına gəldim. Məmur olmaqdansa, aktiv biznes fəaliyyəti ilə məşğul olmağı üstün bildim. Azərittifaqda Kommersiya Departamenti yaradıldı və məni buraya rəis məsləhət bildilər. Mən böyük məmnuniyyətlə bu vəzifəni qəbul etdim. Hal-hazırda da bu vəzifədə fəaliyyətimi davam etdirirəm....
-Elçin müəllim, bəs qəzet təsis eləmək ideyası haradan yarandı?
-1992-ci il olardı. Ulu öndərimiz Azərbaycana qayıtmış və Milli Məclisin deputatı, eyni zamanda Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışırdı. Mən və digər iki nəfər jurnalist birləşərək "Demokratiya" adında qəzet təsis etdik. Həmin iki nəfər jurnalistdən biri sonralar Prezident Aparatı Mətbuat xidmətinin rəhbəri olmuş Səlahəddin Quliyev və yazıçı Əmir Pəhləvan idi.
Bütün işlərə mən rəhbərlik edirdim. Bugünkü kimi yadımdadır, ilk nömrəmiz səhər saat dörd radələrində çapdan çıxmışdı. Sevincimizin həddi-hüdudu yox idi.
Qəzetin üz qabığında Bərdə rayonunun birinci katibi olmuş Rüstəm Səfərəliyevlə ulu öndərimiz Heydər Əliyevin birgə şəklini vermiş, onun Azərbaycan Respublikasının inkişafı istiqamətində gördüyü işlər barədə geniş material dərc etmişdik. Bu istiqamətdəki fəaliyyətimizi sonralar da davam etdirdik və ulu öndərimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyərək ictimaiyyət arasında geniş təbliğat işi aparmağa başladıq. Tutduğumuz yolun doğru olduğuna o zaman da əmin idik, bu gün də fərəhlə vurğulamaq istəyirəm ki, "Demokratiya" qəzetinin təsisçisi və baş redaktoru kimi çox müqəddəs missiyanı yerinə yetirmişəm. Əgər ulu öndərimiz zamanında Azərbaycana rəhbərlik etməsəydi, bugünkü çiçəklənən, dinamik inkişaf edən, regionun iqtisadi və siyasi baxımdan lider dövlətinə çevrilə bilməyəcəkdi.
- " Demokratiya " qəzetinin fəaliyyətində müəyyən qədər fasilə yaranmışdır. Bu nə ilə əlaqədardır?
-Yazılı medianı saxlamaq bu gün bir az çətinləşib. Amma düşünürəm ki, yaxın zamanlarda "Demokratiya" qəzetinin fəaliyyətini bərpa edəcəyik. Xalqın yazılı mediaya daha çox ehtiyacı var, nəinki elektron mətbuata və sosial şəbəkələrə...
Müsahibəni apardı:
Şahin Aydəmir
Digər Xəbərlər

Zəvvarların növbəti qrupu Həcc ziyarətinə bu tarixdə yola düşəcək

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Deputat Azərbaycanda yeni Kəbənin yaradılmasını təklif edib
