adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2021 16:02
1462
GÜNDƏM
A- A+

Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçildi

Dekabrın 3-də Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

Bildirilib ki, Ümumi Yığıncağının növbədənkənar iclasını açıq elan edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov gündəlikdə duran məsələlər barədə bir daha iclas iştirakçılarını tanış edib, mövcud problemlər və qarşıda duran hədəfləri mediatorların diqqətinə çatdırıb.

Şura üzvlərinin Ümumi Yığıncağının növbədənkənar iclasına Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının (MHAİ) Mediasiya Şurasına ünvanladığı müraciətini nəzərə alaraq mediasiya xidmətləri və məhkəmə fəaliyyəti arasında səmərəli koordinasiyanın həyata keçirilməsi, bu sahədə vətəndaş məmnunluğunun təmini, mediasiya və məhkəmə istifadəçilərinin münasibətlərinin sağlam meyarlar üzərində qurulması, ümumilikdə, Şuranın fəaliyyətinə dəstək məqsədilə MHAİ-nın Şuranın təsisçiləri sırasına qəbul edilməsi məsələsinə baxılaraq müsbət qəbul edilib.

Eyni zamanda, Şuranın İdarə Heyətinin üzvü Yusif Allahverdiyevin İdarə Heyətinin üzvü kimi fəaliyyətinə öz arzusu ilə xitam verilməsi məsələsinə baxılıb. Daha sonra onun Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə xitam verilib.

İclas zamanı ölkəmizdə mediasiyanın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran mühüm vəzifələrin və tapşırıqların sistemli icrasının təşkili, geniş spektrli iş yükünün bölüşdürülməsinin təmini məqsədilə Şuranın İdarə Heyətinin 5 mediatordan ibarət tərkibdə müəyyən edilməsi ilə bağlı dəyişikliklər də qəbul edilib.

Qeyd edilib ki, dəyişikliklər müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alındıqdan sonra növbəti ildə keçiriləcək Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında İdarə Heyətinə digər iki üzvün seçilməsi məsələsinə baxılacaqdır.

Y.Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə öz ərizəsi əsasında xitam verildikdən sonra boş qalan İdarə Heyəti üzvü vəzifəsinə mediator, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova seçilib.

Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında mediatorlardan ibarət Say Komissiyasının üzvləri və sədri seçilib. Komissiyanın sədri Günel Sadıqova, üzvləri Araz Yusifov, Esmira Hüseynova, Leyla Nəsibova, Elçin Həsənov seçilib.