adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Dekabr 2021 16:26
2023
ELM VƏ TƏHSİL
A- A+

Müəllim adını ucaltmaq sevgisi...

Mən 9-cu sinif şagirdiyəm. Təhsil prosesinin əsas siması müəllimdir deyə eşitmişəm. Hətta bir dəfə anamın evə gətirdiyi kitabın üzərində millət atası Ulu Öndərimizin müəllim haqqında fikirlərini də oxumuşdum: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdriklik və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi var və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Odur ki, müəllimlərimin hər biri mənim üçün doğma, əziz olsa da, informatika müəllimim Qiyafət Fərruxova mənə bir başqa əzizdir. Nəzərə alsaq ki, əsrimiz kompyüter əsridir, o zaman Qiyafət müəllimin əməyinə, zəhmətinə daha geniş miqyasdan baxmaq imkanı əldə etmiş olarıq. İndiki sürət əsrində kompüterin dilini bilmək elə həm də elmlərin dilini bilmək anlamına gəlir. Çünki mən hər dəfə internetə daxil olanda anlayıram ki, internet resursları zəngin bir kitabxana aləmidir. Kompüterə daxil olub çox asanlıqla bu kitabxana aləmiylə tanış olmaq mümkündür. Bir şərtlə ki, əvvəlcə kompüterin dilini biləsən. O dili isə Qiyafət müəllim uşaqlara həssaslıqla, kompüteri bütün incəliklərinə bələdçisi kimi öyrədə bilir. Haqqındakı qısa məlumatları da onun özündən soruşmuşdum. Danışdıqlarından sonra qərara gəldim ki, Qiyafət müəllimimin dediklərini yazım, hamı oxusun.

Müəllimim deyir, hələ orta məktəbdə oxuyan zaman fizika müəllimimiz mənim ən çox sevdiyim Mafiyə müəllım idi. Mafiyə müəllimhəm də mənim xalam idi. Bəlkə də mənə müəllimlık sənətini sevdirən əziz müəllimlərimdən biri olmuşdur. Hələ uşaq ikən Mafiyə müəllim əlinə qırmızı qələm alıb “Yoxlama yazı” işlərini yoxlayan zaman mən də həvəslə onun yanında oturub seyr edərdim...1985 -ci ildə orta məktəbi bitirib sənədlərimi Azərbaycan Neft və Kimya instituna verdim. 1990 cı ildə İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirdim. Uzun müddət Azərenerji ASC müəssisəsində aparıcı mühəndis vəzifəsində işlədim. Amma müəllimlık sənətinə olan sevgim mənim ikinci təhsil almağıma səbəb oldu. 2003 cü ildə sənədlərimi Azərbaycan Müəllimlər İnstitunun Qazax filialında riyaziyyat-İnformatika ixtisası üzrə yenidən hazırlanma kursunu bitirdim. 2007-ci ildən Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə İnformatika müəllimə işləyirəm. Həmçinin 11-ci sinifin rəhbəriyəm. On birlərlə mütəmadi olaraq Respublika səviyyəli tədbirlər keçirirəm. Elə bu yaxınlarda böyük qələbə, Zəfər bayramını da yüksək səviyyədə qeyd etdik.

Sənətimi və şagirdlərimi çox sevirəm. Həmişə çalışmışam ki, elmin sirlərini öz şagirdlərimə öyrədim. Şagirdlərimin arasında kompüter elmləri ilə bağlı ixtisas seçənlər çoxdur. Onu da demək istəyirəm ki, şagirdlərimə təkcə kompüterin dilini öyrətməklə işimi bitmiş hesab etmirəm. Yeri gələndə, onlara həyatı da öyrətməyə çalışıram. Əgər təhsil prosesinin aparıcı siması müəllimdir deyiriksə, onda gərək hər bir müəllim şagirdlərinə həyat, dünya haqqında da müəyyən bilgilər, təsəvvürlər, bütövlükdə dünya görüşü aşılaya bilsin. Onda müəllim həm auditoriyada, həm də öz aləmində rahatlıq tapmış olur. Düşünürəm ki, müəllim hansı fənni tədris etməsindən asılı olmayaraq, şəxsiyyət yetişdirməlidir.

Şəxsiyyət isə təkcə mənsub olduğu xalqın, dövlətin, millətin dayağı deyil, bütün dünyanın dayağıdır. Şəxsiyyət dünyanın nizamını qoruyan insandır. Müəllim o qədər əzizdir ki, emosional çıxsa da, dünyanın taleyi müəllimlərdən asılıdır - müəllimin yetişdirdiyi şagird, tələbə dünyasından...

İnformasiya cəmiyyətində yaşadığımız dövrdə kompüter bilgilərinə sahib olmaq vacibdən də vacibdir. Bu mövzuda özümü kifayət qədər hazırlıqlı hesab edirəm. Bir çox nailiyyətlərim, uğur və sertifikatlarım var. Təlim-tərbiyə prosesi: ənənə və müasirlik, innovasiyalar, kreativ düşüncənin formalaşdırılması, “İntel gələcək üçün təhsil”, Təhsildə sosial servislər, “Tədris prosesində Promethan İnteraktiv Texnologiyalardan istifadə”, STEM müəllimi, “Egitimdə yeni Kurallar, Duyğusal zəka və İnnovativ Egitim Texnolojisinin Sinif və Auditoriya Ortamında Kullanım Yöntəmləri və bir çox başqa sertifikatlar...

İstərdim ki, haqqımda yazacağın yazıda, məktəbimizin direktoru Ziba Rzayeva və tədris işləri üzrə direktor müavini Əntiqə Qasımovanın da adını xüsusilə qeyd edəsiniz. Mənim uğur qazanmağımda onların hər birinin əməyi var. Belə ki, təlimlərdə, müsabiqələrdə, konfranslarda iştirak etməyimə hər zaman təşəbbüs göstərib və məni elmi məqalələr yazmağa ruhlandırıblar.

Qiyafət müəllim bildirdi ki, müəllim adını uca tutmaq asan məsələ deyil. Heç də bütün müəllimlər bu işin öhdəsindən gələ bilmir. Heç mən də sonadək gələ bilmərəm. Ancaq elə müəllimlər var ki, həqiqətən böyük sevgiylə xatırlanır.

 

Aysu Quliyeva,

Xətai rayon 204 Nömrəli tam Orta Məktəbin şagirdi