adalet.az header logo
  • Bakı 12°C
28 Oktyabr 2021 16:25
936
MƏMLƏKƏT
A- A+

DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) bir qrup Qarabağ qazisinin polislə mübahisəsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Adalet.az-a bildirib ki, bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı mübahisə yaradıb: "Şəhidlər, qazilər bizim baş tacımızdır. Şəhidlərin ruhuna hörmət, qazilərin həyat və sağlamlığına qayğı hər birimizin müqəddəs borcudur.

Bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə dəvət olunublar. Dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub. Zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli vəziyyətini bilərəkdən mahiyyətindən yayındıraraq onlar polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən o qazilərin söylədikləri, hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü”, -deyə səsləndirilməsi ağır ittihamdır.
Deyilənləri, yazılanları ürək ağrısı ilə qaşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblar.

Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xətlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir".