adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 16:08
898
SAĞLAMLIQ
A- A+

Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov

Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır. İstər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır. Yəni xəstəliyə qarşı əmələ gəlmiş immunitet zəifləməyə başlayır. Vaxt amilindən başqa burada yaş faktoru da var. Yaşlıların immuniteti daha zəif olur, eyni zamanda, müxtəlif immundefisit vəziyyətləri, müxtəlif xroniki xəstəlikləri olanlarda immunitetin ilkin olaraq əmələ gəlməsi, onun səviyyəsi və davam müddəti fərqli ola bilər. Sağlam insanla xəstənin peyvənddən sonra nəticələri eyni olmaya bilər. Biz bunu öz müşahidələrimizdə görürük.

Koronavirusun “delta” ştamı Uxan ştamına qarşı hazırlanan vaksinlərdən müəyyən qədər yayınma qabiliyyətinə malikdir. Ölkəmizdə 4 növ peyvənd istifadə olunur və yayınma təxminən 10-20 faiz arasındadır. Peyvəndlər effektivliyini saxlayıb. Lakin bir qədər də daha yüksəksəviyyəli immunitet tələb olunur. Xüsusilə risk qrupunda olanların - tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin müəyyən müddətdən sonra zəifləyən immunitetlərini daha yüksək səviyyəyə qaldırmaq üçün buster dozaya ehtiyac var. Buster doza gücləndirici doza adlanır. Dünyanın bir sıra ölkəsində üçüncü doza tətbiq edilir. Bariz nümunə kimi İsraili misal göstərmək olar. Orada buster doza tətbiq etməklə həmin qruplar arasında ağır xəstələnmə hallarının nə qədər azaldığını görürük. Vaksin olunandan sonra xəstələnmə ehtimalı buster dozanı tətbiq etməklə dəfələrlə azala bilər. Gücləndirici dozadan sonra əldə edilən immunitet 5-10 dəfəyə qədər güclənir. İstənilən halda peyvəndin qayəsi təkcə yoluxmamaq deyil, yoluxan zaman xəstəliyi ya simptomsuz ya da yüngül keçirməkdir. Bunu öz təcrübəmizdə gördük ki, doğrudan da ağır xəstələrin böyük əksəriyyəti məhz vaksin olunmayanlardır. Buster dozanın əhəmiyyəti ondan ibarətdir ki, əldə olunmuş immunitet bir qədər də gücləndirilsin. Yoluxanlar xəstəliyi yüngül keçirsinlər, xəstəxanaya yatışların sayı, səhiyyənin yükü azalsın və bu infeksiyanı nəzarətdə saxlaya bilək.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazovun sözlərinə görə, COVID-19 infeksiyası ilə mübarizənin ən önəmli vasitəsi məhz peyvənddir. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir: “Doqquz milyon dozadan çox peyvənd vurulub. Vaksinasiyada 5 milyondan çox vətəndaş iştirak edib ki, onlardan 4 milyondan çoxu hər iki dozanı, bir milyona yaxını isə bir dozanı qəbul edib. Yaxın bir ay ərzində onlar da ikinci dozanı qəbul edəcək və ölkədə iki doza vurduranların sayı təxminən 5 milyona çatacaq. Hazırda əhalinin təxminən 42-43 faizi hər iki dozanı vurdurub. Amma bu da tam yetərli deyil. Ona görə ki, “delta” ştamının hakim olduğu dövrdə vaksinasiya olunan insanların sayı təxminən 80-82 faiz olmalıdır ki, infeksiyaya həssaslıq azalsın və yoluxma zənciri qırılsın. Biz MDB-də vaksinasiya sayına görə qabaqda olsaq da, digər aparıcı ölkələr arasında müəyyən qədər aşağı yerlərdəyik. Elə ölkələr var ki, 100 nəfərə vurulan dozaların sayı 100-150-dən çoxdur və orada epidemioloji vəziyyəti idarə etmək daha da asanlaşıb”.

Ekspert-mütəxəssis 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə münasibət bildirib: “12-15 yaşlı yeniyetmələrin vaksinasiyası məsələsinə dair fikirlər birmənalı deyil. Bəzi ölkələr həmin yaşda uşaqları ucdantutma vaksinasiyadan keçirirlər, bəziləri isə gözləmə mövqeyi tutublar. ÜST-nin mövqeyi bundan ibarətdir ki, digər yaşlı əhali qrupları peyvənd olunub qurtarıbsa, ilk növbədə risk qrupuna daxil olan uşaqlar vaksinasiyadan keçirilməlidir. Səhiyyə Nazirliyi bu məsələni mütəxəssislərlə araşdıraraq belə bir tövsiyə verib ki, xüsusilə xroniki xəstəliyi olan uşaqlar valideynlərinin razılığı və müraciəti əsasında peyvənd oluna bilərlər. Burada məcburiyyət və qadağa düzgün deyil. Proses hər iki valideynin razılığı ilə könüllü aparılmalıdır”.