adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Oktyabr 2021 12:13
1726
GÜNDƏM
A- A+

Sevgi dolu şəhidlərimiz: Bizə tapşırılmış 2 əmanət, ad günü ilə şəhidlik günü eyni olan igid... 

Həmkarlarımdan birinin belə bir fikrini çox bəyənmişdim:” Vətən uğrunda canından keçənləri yad etdiyimiz zaman onlara şəhid deyil şəhidimiz deyə xitab edilməsinin tərəfdarıyam. Söhbətlərimizdə “şəhid” deyil, “şəhidimiz” var, “şəhid ailəsi” yox, “şəhidimizin ailəsi” deyə sözlərini istifadə etməliyik. Belə olan halda şəhidin bizim üçün nə qədər əziz olduğunu daha aydın ifadə edə bilərik. Təbii ki, şəhidlər yalnız dildə yox, ürəklərdə əziz olmalıdır, necə ki belədir”.
 Bəli, şəhidlər, məxus olduqları bir ailənin deyil, həm də mənimdi, sənindir, bizimdir... Əgər canını mənim üçün, sənin üçün, toplum olaraq bizim üçün qurban veribsə, bizə atamız, qardaşımız, övladımız qədər doğmadırlar, əzizdirlər...

Bu mənim üçün məhz belədir... O 3 mindən artıq igidi öz balam bilirəm və bu gün ad günü olan o igidlərin doğulmasına ürəkdən sevinirəm. Nə yaxşı ki doğulmusunuz, var olmusunuz, bir xalqın 30 ildir  əyilmiş başını öz qanınızla dikəltmisiniz!Əziz əbədi yaşarlar, cənnətdəki doğum gününüz mübarək!
 Adalet.az xəbər verir ki, bu gün qəhrəman şəhidlərimizdən 3 nəfərin doğum günüdür.

 

MAHHXHQ əsgər  Tural Fəzayıl oğlu Abbasov - 2 yadigarını bizə  əmanət edən  şəhidimiz

 

Tural Abbasov 1989-cu il oktyabr ayının 19-u Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan T.Abbasov qəhrəmanlarımızdan biridir. Ailəsi ilə sonuncu dəfə 29 sentyabr tarixində danışıb və həmin tarixdən sonra əlaqə kəsilib. O, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ötən il dekabr ayının 17-də, doğulduğu Şəmkir rayonunun Qılıncbəyli kəndində dəfn olunub. Evin tək oğlu olan Tural Abbasovun Vətənə əmanət 2 övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tural Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHHXHQ əsgər  Sahib Azər oğlu Həsənov - Doğum gününə bir gün qalmış şəhid oldu

 

Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olub. 2017-ci ildə Gəncə şəhəri 7 saylı tam orta məktəbi bitirib. 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən MAHHXHQ kimi xidmətə davam edib.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Azərbaycan Ordusunun əsgəri Sahib Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

18 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

Həsənov Sahib Azər oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Əsgər Seymur Hacırəsul oğlu Məmmədli - Doğum günü ilə anım gününü eyni tarixə salan şəhidimiz

 

 

Seymur Məmmədli  1996-cı ildə Qax rayonunun Ağçay kəndində anadan olub. Subay idi.

Seymur Məmmədli döyüşdə göstərdiyi qəhrəmanlıqlarla yadda qalıb. Döyüşlər zamanı içərisində erməni hərbiçilərinin olduğu iki hərbi texnikanı partladan və neytral ərazilərdən yaralı əsgər yoldaşlarını çıxaran Seymur 19 oktyabrda tarixində Hadrut istiqamətində həyata keçirilən əməliyyat zamanı düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalır. Seymur Məmmədli ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Məqamınız hər zaman uca olsun! Sizin simanızda bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 Əntiqə Rəşid