adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Səbirli şir - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1444 | 2021-10-15 12:34

..Ermənilər 30 il torpaqlarımızı işğal altında saxlayanda düşünürdülər ki, hələ bir 30-40 il də o torpaqları əldə saxlayacaq və istismar edəcəklər. Amma onlar düşünmürlər ki, Azərbaycanın da səbrinin və dözümünün bir həddi var. Və bu müddətdən sonra iki dəfə onların başına dəymiş dəmir yumruq üçüncü dəfə dəyəcək və onlar onu da düşünmürdülər ki, Azərbaycan səbirli şirə bənzəyir. O nə vaxtsa oyanacaq, bütün torpaqlarını işğaldan azad edəcək... 


...Və bu səbirli şir sentyabrın 27-də oyandı, işğal altında olan bütün torpaqlarını bir-bir azad etmək gücünə malik oldu. Bizim ölkənin arxasında ermənilər kimi çoxlu havadarlar yox idi. Azərbaycan öz hərbi gücü və böyük qardaşı Türkiyənin mənəvi dəstəyi ilə bu əməliyyatı keçirdi və şükürlər olsun ki, 44 gündə dünya tarixində oxşarı və bənzəri olmayan bir möhtəşəm qələbə qazanıldı. Bu qələbəni Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan ordusu birlikdə əldə elədi!...


...Sentyabrın 27-si ermənilərin hücumuna qarşı əks hücumla Füzuli istiqamətində, Azərbaycan ordusu ağır döyüşlərə başlayır. Və bu döyüşlər elə ilk günü öz nəticəsini verir. Füzulinin Horadiz, Aşağı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri, eləcə də digər yaşayış məntəqələri rəşadətli ordumuz tərəfindən azad edilir. Artıq qələbəyə gedən yoldayıq. Hər açılan səhər, hər çıxan günəş bizə çox böyük sevinc və fərəh bəxş edir. Xüsusən də bu xəbərləri Azərbaycan xalqına Ali Baş Komandan, Prezident İlham Əliyev çatdırır. Cəbhədə ölüm-dirim mübarizəsi gedir, bütün Azərbaycan xalqı cənab Prezidentə və orduya arxa durur, milyonlarla insan cəbhədəki uğurları səbirsizliklə gözləyir. Daha doğrusu, hər axşam televizorun qabağında əyləşib sentyabrın 28, 29, 30-u və digər günlərdə torpaqlarımızın azad olunması ilə bağlı cənab Prezidentin verəcəyi müjdəni həsrətlə izləyir... ...Budur, yenidən cənab Prezident çıxış edir, neçə-neçə yeni yaşayış məntəqələrin, kəndlərin və hətta Cəbrayıl şəhərinin azad olunması xəbərini bu xalqa, bu millətə çatdırır. Bu xəbərdən Bakıda hamı sevincindən küçələrə çıxır, insanlar bir-birini qucaqlayıb öpür, təbrik edir və maşınların aramsız siqnalları bu sevincə qatışaraq onu bir qədər də möhtəşəmləşdirir... 
...Mən Azərbaycan xalqının bir dəfə Azadlıq meydanında milyonlarla insan ölkəmizin başının üstünü təhlükə alanda belə möhtəşəm görmüşdüm və bir də İkinci Qarabağ Savaşı başlayanda. Bu xalq bir daha göstərdi ki, Vətən üçün, torpaq üçün hamı bir yerə yığışmalı, yumruq kimi birləşməli və düşmənin üzərinə getməlidir... 
...Sentyabrın 27-dən noyabrın 10-a qədər və bugünün özündə də bu xalq birləşdi, bir yumruğa döndü və o yumruq yağı düşmənin başına necə dəydisə, hələ də özünə gələ bilmir. Düzdür, bəzən ermənilər çaşır və onun havadarı olan ölkələr də, o cümlədən qonşumuz da yolunu azır. Amma cənab Prezident yenidən əlini düyünləyib dəmir yumruğu göstərəndə təbii ki, onlar özlərinə gəlirlər və çəkinib geri çəkilirlər. Çəkinməsələr yenidən o dəmir yumruq onların başına dəyəcək...
...44 günlük Böyük Qarabağ Savaşında mən 8 dəfə Füzulidə, Cəbrayılda oldum. Gördüm ki, orda insanlar hansı ovqatdadır və hansı istəkdədi. Onu da gördüm ki, həm Füzulidə, həm də Cəbrayılda insanlarda qələbəyə çox böyük  ümid var və bu döyüşlərlə bağlı mən 8 reportaj hazırladım. Hər bir reportajda insanların, döyüşən oğlanların istək və arzularını oxuculara çatdırdım. Müsahibə aldığım əsgərlər deyirdilər ki, biz ölməyə yox, torpaqlarımızı işğaldan azad edib düşmənlərimizi öldürməyə gedirik. Hətta o gənclərə baxanda bəzən kövrəlir, onları gözləyən təhlükə və ölüm anı yadıma düşürdü...  
...Füzulidə olduğum anlarda, günlərdə elə öz kəndimzdən olan 5 şəhidin dərdinə şərik oldum, ailələrinə təsəlli verdim. Tək mən yox, bütün kənd camaatı o şəhidləri evlərindən kənd qəbristanlığına qədər çiyinlərində apardılar, heç yoruldum demədilər. Mənim bibim nəvəsi Elçin Tehran oğlu Süleymanov da sentyabrın 30-da Cəbrayıl istiqamətində gedən döyüşdə şəhid oldu. Bax, onda gördüm ki, bu gənclər, bu cavanlar vətəni nə qədər çox sevirmiş. Çünki bizim kənddə yüzlərlə gənc könüllü olaraq səfərbərlik idarəsinə gedir və döyüşmək istədiklərini bildirirdilər. Elələri var idi ki, elə həmin gündən döyüşə qoşulurdu və elələləri də var idi ki, növbə gözləyirdi... 
...Kəndimizin və rayonumuzun uşağından, qocasından qadınına qədər hamı cəbhəyə öz köməyini göstərmək istəyirdi. Ona görə ki, insanların ürəyində vətən sevgisi o qədər güclü idi ki, onun düşməni heç bir müasir silahı və hərbi gücü ala bilməzdi. Ermənilərdən fərqli olaraq bizim əsgərlərdə və xalqda döyüşkənlik ruhu çox yüksək idi. Elə ona görə də 44 gündə möhtəşəm qələbə əldə edildi. Səbirli şir öz pəncəsini və gücünü ermənilərə, onların havadarlarına göstərməyi bacardı. Erməni əsgərləri bizim xüsusi təyinatların adlarını eşidən kimi silahı, sursatı atıb qaçırdılar...
...Cəbrayıl rayonu azad olundu... Hadrut qəsəbəsi azad edildi... Və oktyabrın 17-də isə Füzuli şəhəri ermənilərdən tamamilə təmizləndi... Amma orda bir salamat bir bina tapılmadı ki, bir bayraq sancılsın. Bu barədə cənab Prezident də çıxışında dedi: Dedi ki, Füzuli şəhəri azad olunması xəbərini mənə deyəndə bildirdilər ki, bayraq taxmağa bina yoxdur. Mən də göstəriş verdim ki, hər hansı bir yerdən bayrağı sancın və o bayrağımız dalğalansın. Bayrağımız Füzuli şəhərinə sancıldı və o bayraq dalğalandı.
...Vətənin ən ağır günündə Horadiz şəhərindəki çörək sexi bir dəqiqə də olsun fəaliyyətini dayandırmadı. Hərçənd ki, həmin sexin yaxınlığına ermənilər bir neçə mərmi atmışdılar. Sexdə işləyən qadınlar qorxularından işə gəlmirdilər. Amma Böyük Bəhmənlidən şəhid və əsgər anaları könüllü olaraq çörək sexinə gəldilər və 44 gün təmənnasız olaraq mərminin, topun altında çörək  bişirdilər. Dedilər ki, bax biz bir saat da olsun əsgərlərimizi çörəksiz qoya bilmərik. Onların bişirdiyi çörəkdən mən də həmin günlər yedim. O qədər isti, o qədər dadlı idi ki, adama ləzzət edirdi. Çünki o qadınlar o çörəyə özlərinin sevgisini, məhəbbətini qatmışdılar. Bax, çörək ona görə isti idi, dadlı idi. Bir daha Azərbaycan qadını öz mərdliyini və mübarizliyini göstərdi. Mən belə qadınların qarşısında baş əyirəm!...
Azərbaycan prezidenti dəfələrlə Füzuliyə səfər edib, rayon işğaldan azad olunandan sonra da bu səfərlər daha da çoxalıb. Çünki Prezident İlham Əliyev işğal altında olan bütün torpaqlarımızda böyük quruculuq və abadlıq işlərinin görülməsinə göstəriş verib. Şuşada, Füzulidə, Ağdamda, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Hadrudda, Kəlbəcərdə, bir sözlə, işğaldan azad olunmuş yaşayış məntəqələrində möhtəşəm işlər görülür. Artıq Füzuli Hava Limanı hazırdır və Allah qoysa, noyabrın 8-də cənab Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin Baş Bakanı Rəcəb Tayyib Ərdoğanla onun açılışında iştirak edəcək. 
Ümumiyyətlə, cənab  Prezident İlham Əliyev füzulilərə və Füzuli camaatına böyük hörmət və məhəbbətlə yanaşır. Və hətta Horadiz şəhərində olarkən deyib ki, burda yaşayanlar və işləyənlər qəhrəmandırlar və onu da demək istəyirik ki, Füzuli camaatı və füzulilər də cənab Prezidentin daxili və xarici siyasətini həmişə dəstəkləyib və ona arxa durublar. El dilində demiş olsaq, Füzuli camaatı cənab Prezidenti çox istəyir. Ən azından ona görə ki, o rayonun ən ağır günündə, ən çətin günündə camaata arxa və söykək olub. Camaata arxa və söykək olanı da həmişə Allah qoruyur. Cənab Prezident mənim vətənimi, elimi-obamı bizə qaytarıb... 
...Əgər 44 günlük möhtəşəm Qarabağ savaşı olmasaydı, çətin ki, biz o torpağa ayaq basa bilərdik. İndi biz o torpaqlara gedirik, ata-babalarımızın məzarını ziyarət edirik, yurdumuza dönürük. Buna görə göydə Allaha, yerdə də Prezidentimizə minnətdarıq. Allah xalqın böyük sevgisini qazanmış Ali Baş Komandan İlham Əliyevin özünü, ailəsini, balalarını, nəvəsini qorusun! Çünki cənab Prezident on milyonluq xalqın həyatını qoruyur!...


 

TƏQVİM / ARXİV