adalet.az header logo
  • Bakı 16°C

Faiq QİSMƏTOĞLU: Burda piyadalar tez-tez vurulur

FAİQ QİSMƏTOĞLU
1619 | 2021-08-25 12:57

Bu gün Bakı şəhərində yol-nəqliyyat hadisələrinin 50 faizindən çoxunu piyadavurma halları təşkil edir. Bu da təsadüfi deyil. Gəlin onu da etiraf edək ki, həm sürücülər, həm də piyadalar yol- hərəkəti qaydalarına əməl etmirlər. Elə bil bir qədər tələsdik. Yol- hərəkəti qaydalarına əməl edən sürücülər də var, piyadalar da. Ancaq bu, o qədər də çox deyil. Ən azından ona görə ki, əgər bütün hərəkət iştirakçıları qayda-qanuna riayət etsəydi, paytaxtımızda piyadavurma halları 50 faizdən yüksək olmazdı.

Deməli yenə əvvəlki fikrimizin üstünə gəlirik ki, istər sürücülər, istərsə də piyadalar «Yol hərəkəti haqqında» Qanunu tez-tez pozurlar.  Sürücülər piyadalara yol vermir, piyadalar da çox vaxt təyin olunmuş yerdən yox, qeyri-qanuni və hərəkətin intensiv olduğu yerlərdən keçirlər. Bu isə birmənalı olaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə və piyadanın vurulmasına gətirib çıxarır.

Bizim yaşadığımız Suraxanı rayonunun Yeni Günəşli massivindəki Abbas Fətullayev küçəsində də tez-tez piyadavurma halları yaranır. Ən çox da bu hadisə «Ballı» market tərəfdən «Bərəkət» marketə keçərkən olur. Elə ay olmaz ki, burda yol-nəqliyyat hadisəsi baş verməsin.

Artıq piyadalar bu yeri keçərkən həyəcanlanır və səksəkəli anlar yaşayırlar. Çünki həmin yerdə yerüstü keçid zolaqları yoxdur. Düzdür, ondan 150 metr aşağıda piyada keçidi var. Amma piyadalar ordan yox, «Ballı» marketin qarşısından küçənin digər tərəfinə keçir və geri qayıdırlar. Bəzi intizamlı sürücülər piyadalara şərait yaradır və onların təhlükəsiz keçməyinə kömək göstərir. Ancaq əksər sürücülər hər yerdə olduğu kimi Abbas Fətullayev küçəsində də nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların yolu keçməsi üçün şərait yaratmır.

Mövcud qanunla piyadalar heç  həmin yerdən keçməməlidilər. Çünki dediyimiz yerdən yerüstü piyada keçidi yoxdur. Və ən qəribəsi də odur ki, həm sürücülər, həm də piyadalar burda çox çətin anlar yaşamalı olur. Yəni yolu qanunsuz keçən piyada vurulursa, deməli, bu məsuliyyəti sürücü daşıyır. Yaxınlıqda yaşayan bir neçə sakin də bizdən xahiş etdi ki, bu məsələni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısında qaldıraq və onlar da hərəkətin təhlükəsizliyi üçün lazımi ölçü  götürsün. Yoxsa əks təqdirdə burda piyadavurma halları hər gün baş verməsə də, ən azından ayda bir dəfə ola bilər.

Həmin məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik. Cənab polkovnik bildirdi ki, bu məsələni gündəmə gətirdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Təbii ki, bizim də hərəkətin təhlükəsizliyi ilə bağlı bölməmiz həmin yerdə baxış keçirər, araşdırmalar aparar və qanun yol versə, yerüstü keçidin olması üçün lazımi addımlar atar. Amma yenə təkrar edirəm. Hər şey dəqiq araşdırmalardan sonra bəlli olacaq və bu araşdırmanın nəticəsindən sonra bəlli olacaq ki, həmin ünvanda yerüstü keçid olsun, ya olmasın. Hər halda,  biz hərəkət iştirakçılarının təhlükəsizliyin təmin edilməsini həmişə diqqət mərkəzində saxlayırıq və çalışırıq ki, piyadalarla bağlı mövcud problemləri vaxtında həll edək ki, baş verə biləcək hadisələrin qarşısını alaq və bunları minimum həddə endirək.

Göründüyü kimi, Yeni Günəşli sakinlərinin narahatlığı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən də diqqət mərkəzində saxlanılır və onların təhlükəsizliyinin təmin edilməsini həyata keçirmək üçün qabaqlayıcı tədbirlər görülür.

Biz inanırıq ki, məlum qurum təhlükəsizlik ilə əlaqədar zəruri addımları vaxtında atacaq və piyadalarla bağlı mövcud problemlərin həllində çalışacaqdır. Çünki hər hansı problem vaxtında həll edilərsə, qabaqlayıcı tədbirlər görülərsə, deməli hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilmiş olar.

TƏQVİM / ARXİV