adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: Pasientə xəstə kimi yox, gəlir mənbəyi kimi baxırlar

FAİQ QİSMƏTOĞLU
35321 | 2021-08-17 11:30

Yaxud həkimlərlə dərman firmalarının oyunları

Bu gün dünyada çox qəribə bir vəziyyət yaranıb. Sanki dünyanı idarə edən qüvvələr milyardlar əldə etmək üçün insanların üzərində sınaq keçirirlər. Çünki dünyanı idarə edən bu gözəgörünməz insanlar milyardlarla adama insan kimi yox, qarışqa kimi baxırlar. Qəribə də olsa, onların ürəyindən Allahlıq keçir. Təsəvvür edirlər ki, onlar Allahdır və nə istəsə eləyə bilər.

Bu gün həm dünyada, həm də ölkəmizdə səhiyyə sahəsində yaranmış boşluq və özbaşınalıq milyonlarla insanın başında çatlayır. Yəni, oliqarx həkimlərin və onların havadarları hesabına hər cür dərmanlar istehsal edilir və əhali arasında kütləvi surətdə satılır. Bu gün sanki özəl klinikalar və eləcə də dövlət xəstəxanaları bir-biri ilə «yarışa» girib. Bu «yarış» da ondan ibarətdir ki, hansı özəl klinika və xəstəxana daha çox pasiyentin öz əhatə  dairəsinə alacaq.

Amma Sovet hökumətinin vaxtında belə deyildi. Çünki onda dərman mafiyası olsa da, indiki kimi qol-budaq atmamış və əhatə dairəsini genişləndirməmişdi. Hər hansı həkimin yanına gedirdin, səni müayinə və müalicə edirdi və elə pulun da çıxmırdı. Güc-bəla ilə həkimə pul verərdin. Onlar da qorxa-qorxa, ehtiyat edə-edə o pulu alardılar. Ancaq bu gün hansı özəl klinikaya və yaxud dövlət xəstəxanasına müalicə və müayinəyə gedəndə, pulun olmasa, səni qəbul etməyəcəklər.

Ən azından ona görə ki, əksər həkimlər pasiyentə xəstə kimi yox, gəlir mənbəyi kimi baxırlar. Daha doğrusu, el sözü ilə demiş olsaq, belələri xəstələrə, üzr istəyirik, yumurtlayan toyuq kimi baxırlar. Hər hansı həkimin yanına getdin, əgər bir xroniki xəstəliyin varsa, səndən əl çəkməyəcək, ən azından ayda 1-2 dəfə yanında olmağı tələb edəcək.  Dediklərini eləməsən, səni qorxuzacaq və bildirək ki, ayda 1-2 dəfə gəlməsən, xəstəliyin ağır fəsadlar verəcək. Bəlkə bu deyilənlərdə müəyyən qədər həqiqət də var. Amma həqiqətdən çox onların maddi marağı və xəstəni təsir altında saxlamaq düşüncəsi özünü daha aydın göstərir.

Bizim yaxın qohumlardan biri psixoloji durumu ilə bağlı müalicə olunmaq üçün özəl klinikalardan birinə müraciət edir. Klinikanın həkimi onu yoxlayır, müayinə edir və sonra da resept yazıb yola salır. Deyir ki, 15 gündən sonra bir də gələrsən. 15 gün bundan əvvəl hansı ki həmin qohum bu həkimə 50 manat pul verib. 15 gündən sonra yenə 50 manat pul ödəyir. Sözümüzün canı odur ki, özəl klinikalar pulsuz heç kimi müalicə və müayinə etmir. Amma burda da bir qanun və sistem olmalıdır. Bir çox özəl klinikalarda 50 manat pul ödəyirsən, bir ay müddətində həkimin qəbuluna gedərkən tay pul vermirsən. Amma ikinci ay getsən, mütləq yenə bu 50 manatı ödəməlisən.

Bu gün respublikamızda səhiyyə sistemimizdə, xəstəxanalarda və özəl klinikalarda bir hərc-mərclik baş alıb gedir. Burda pasiyentlərin hüquqlarının qorunmasından danışmağa dəyməz.  Ancaq bu xəstəxanalarda və özəl klinikalarda müalicədən çox xəstələrdən pul almaq haqqında fikirləşirlər. Hamı da yaxşı bilir ki, əksər  özəl klinikalar, xəstəxanalar və həkimlər dərman firmaları ilə əlbirdir.

Dərman firmalarının nümayəndələri xəstəxanalara gedib həkimlərlə görüşür və öz təkliflərini edirlər. Tay baxan yoxdur ki, bu firmanın dərmanı keyfiyyətlidir, ya yox?! Çünki nə həkimi, nə də dərman firmasını xəstənin müalicəsi deyil, əldə etdiyi külli miqdarda pul düşündürür. Ümumiyyətlə, dünyada belə bir fikir var ki, həkimlərlə dərman firmaları əlbir olub pasiyentləri soymaqla məşğuldur.

Dünyanın ən böyük dərman firmalarında işləmiş Roland Dikkerman deyir: «Dərman şirkətləri üçün sağlam hər bir xəstə itirilmiş bir müştəridir. Bütün dərman şirkətlərinin fəlsəfəsi «Öldürməyin, amma qətiyyən sağaltmayın» şəklindədir. Xərçəng, təzyiq, şəkər, ürək, sümük kimi xəstəliklər şirkətlər üçün qızıl yumurtlayan toyuq kimidir. Dərman şirkətləri xərçəngə çarə-filan axtarmırlar. Hədəfləri insanları xərçənglə daha çox yaşadıb, pullarını sovurmaqdır.  Dünyanın bunu bilməyə haqqı var!».

Görürsünüzmü, ən böyük dərman firmalarında işləyən mütəxəssis nə deyir və bu gün də həkimlərlə dərman firmalarının müştərək oyunları davam edir. Təbii ki, bizim ölkəmizdə fəaliyyət göstərən həkimlər və dərman firmaları da bu böyük oyunun oyunçularından biridir. Qoy olsunlar, amma adamı yandıran odur ki, bu böyük oyunun oyunçularının qurbanı milyonlarla insan olmaqla yanaşı, bir gün də o oyunu oynayan həkimlərin və dərman firmalarının doğmaları olacaq.

Hər bir həkim firmalarla əlbir olmağı sanki özünə peşə seçib. Kim firmalarla əlbir olur olsun. Ancaq gərək vicdanını da itirməsin. Onu da qeyd edək ki, ölkəmizdə kifayət qədər də vicdanlı və ədalətli həkimlərimiz var. Bax, o həkimlər heç vaxt haqqı ədalətə verən deyil.

TƏQVİM / ARXİV