adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 13:31
73475
SİYASƏT
A- A+

Rauf Qurbanov: Elə incə, kövrək məqamlar var ki...

İranın Ermənistandakı səfiri Bədəxşan Zohuri Kəlbəcər ilə sərhəddə yerləşən Qeqarkunik bölgəsindəki erməni hərbi hissələrinə baş çəkib. Səfər zamanı onu səfirliyin hərbi attaşesi Bəhmən Sadegin və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri müşayiət ediblər. Ermənistan mətbuatında çıxan xəbərlərə görə, Kəlbəcər ilə sərhəddə yerləşən erməni hərbi hissəsinin komandiri, general-mayor Araik Harutyunyan son olaylardan bəhs edib. Səfərlə bağlı yayılan xəbərlərdəki fotolardan görünür ki, Səfir Zohuri durbinlə mövqelərimizə elə diqətlə baxır ki, sanki Ermənistan-Azərbaycan sərhədində yox, İranın sərhədlərini yarmağa çalışan qüvvənin mövqelərinin qarşısında durub...

Maraqlıdır, bəlkə "Ermənistan sərhədlərinin toxunulmazlığı" İran üçün öz dərdlərindən, problemlərindən daha vacibdir? Bu məqamda ortalığa ikinci bir sual da çıxır ki, torpaqlarımızın bir hissəsinin erməni işğalında olduğu 28 il ərzində nə üçün İran belə "qayğı"nı müsəlman Azərbaycanla bağlı nümayiş etdirmədi?

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bu barədə “Adalet.az”-a açıqlama verərkən bildirdi ki, İran diplomatlarının bu hərəkəti haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən bir mənalı qarşılanmır. Onun sözlərinə görə, belə bir həssas məqamda qardaş dövlətin səfrinin Azərbaycan Respublikasına ərazi iddiası olan təcavüzkar bir dövlətin müdafiə nazirliyinin yüksək rütbəli şəxslərinin müşayəti ilə bölgəyə səfəri arzu olunmazdır.

“Təbii ki, hər bir səfir fəaliyyət göstərdiyi dövlətdə, öz ölkəsinin maraqlarına xidmət edir. İran səfiri də bu baxımdan Ermənistanın istənilən bölgəsinə səfər etmək hüququna malikdir. Lakin, elə incə, kövrək məqamlar var ki, diplomatik korpusun nümayəndələri gərək buna diqqət etsinlər”,-deyə R.Qurbanov fikrini tamamladı.

 

İltifat HACIXANOĞLU